Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəvəti ilə Almaniyanın Vürtsburq (Würzburg) Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmann (Sieglinde Hartmann) "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində bir sıra tədbirlərə qatılıb.
Ziqlinde Hartmann Azərbaycan Müəllimlər İnstitutu və Bakı Slavyan Universitetinin bakalavr və magistr pilləsinin tələbələri üçün Alman ədəbiyyatından ustad dərsi keçib.
Bilik Fondunun Teleqraf.com-a verilən məlumata görə, fondun əməkdaşlarının müşaiyəti ilə Qubaya səfər edən xanım Hartmann Soyqırım Memorial Kompleksində, Qırmızı Qəsəbədə, Yəhudi Sineqoqunda olub, rayon məktəbliləri, müəllimlər və yerli əhali ilə görüşüb. Z.Hartmann Quba məzarlığında gördüklərindən dəhşətə gəlib.
Almaniyalı professor Quba şəhər 3 saylı tam orta məktəbində “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan şagirdlərə tolerantlıq mövzusunda mühazirə deyib.
İnsan azadlıqları və hüqüqları ilə sıx bağlı olan tolerantlığın plüralizm və demokratiya əsasında formalaşdıgını deyən xanım Hartmann digər inanc və əqidələrə dözümlü yanaşmanın vacibliyindən bəhs edib, Azərbaycanın nümunəvi tolerantlıq ənənələrindən danışıb.
Z.Hartmann Bakı Dövlət Universitetinin almanşünas tələbələri ilə də görüşəcək.
Sonra xanım Hartmann Bilik Fondunda Almaniya diplomatı və şərqşünası Henrix Fridrix fon Dits tərəfindən “Kitabi-Dədə Qorqud”un dünya elm aləminə tanıdılmasının 200 illiyi münasibəti ilə 2015-ci ildə keçiriləcək tədbirlərlər planının müzakirəsinə qatılacaq. Müzakirələrdə qorqudşünas alimlər iştirak edəcəklər.
NİGAR