20 May 2022 20:57
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibinin müavini Rikardo Trevino Çapa arasında videokonfrans formatında görüş keçirilib.

Teleqraf.com-un komitəyə istinadən verdiyi məlumata görə, görüşdə ÜGT-nin Strateji planı və təşkilatda seçkilərlə bağlı məsələlər müzakirə olunub.

ÜGT ilə DGK arasında səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edən S. Mehdiyev vurğulayıb ki, Prezident İlham Əliyev rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən mütərəqqi islahatlar hesabına bir sıra sahələrdə, o cümlədən gömrük sistemində şəffaflığın təmin olunması, kadr potensialının gücləndirilməsi, gömrük əməliyyatlarının sadə və sürətli şəkildə reallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Komitə sədri ÜGT-nin Strateji planı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, Azərbaycan gömrüyü informasiya texnologiyaları vasitəsilə məlumat mübadiləsinin daha da təkmilləşdirilməsinin və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.

Rikardo Trevino Azərbaycan gömrük sistemində aparılan islahatlardan və əldə olunan nəticələrdən məmnunluqla bəhs edib, ÜGT ilə Azərbaycan gömrük xidməti arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib. ÜGT-nin Strateji planından bəhs edən Baş katibin müavini vurğulayıb ki, sənədin əsas məqsədi inzibati idarəetmənin təkmilləşdirilməsi, təşkilatın müasirləşdirilməsidir.

Daha sonra tərəflər təşkilatda keçiriləcək seçkilərlə bağlı müzakirələr aparıb, rəy və təkliflərini bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər