Azərbaycanda İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda din xadimi kimi fəaliyyət göstərmək istəyən şəxsin din üzrə ali və orta ixtisas təhsil olmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, din xadimlərinin təyini üçün müsahibə və attestasiya komissiyaları yaradılıb və din xadimi işləmək üçün tələblər müəyyən olunub.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən elan edilən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak etmək istəyən namizədlər mayın 24-dən may iyunun 24-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Tərcümeyi-hal;
- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Sağlamlıq haqqında arayış;
- Narkoloji dispanserdən arayış;
- Ruhi-əsəb dispanserindən arayış;
- Məhkumluq barədə arayış;
- Foto (3x4) (4 ədəd);
- Ərizə.
- Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.