25 May 2022 09:05
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva yeni yayılan meymunçiçəyi virusu ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Doktor, meymunçiçəyi virusu insanlarda müəyyən təşvişə səbəb olub. Xəstəlik barədə məlumat verə bilərsinizmi?

- Meymunçiçəyi yeni xəstəlik deyil. 1958-ci ildə meymunlarda aşkar edildikdən sonra insanlarda ilk hal 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb. Mərkəzi və Qərbi Afrikanın tropik meşələri olan 11 ölkəsində, xüsusilə Nigeriya və Konqoda müşahidə olunan bu xəstəliyin tezliyi dəqiq bilinmir. Afrikada hər il bir neçə yüz hadisənin olduğu ehtimal edilir. Xəstəliyin digər qitələrə yayılması yoluxmuş heyvan və ya insanlar vasitəsilə baş verirdi, adətən az adam yoluxur və lokal alovlanmalar kimi seyr edilirdi.

Hazırda xəstəliyin bu qədər marağa səbəb olması ona görədir ki, indiyədək Afrikadan kənarda rast gəlinən halların hamısı həmin qitədən gələn insan və ya gəmiricilərdə aşkarlanırdı.

Afrikadan kənarda aşkarlanan yoluxmaların sayı son həftədə artaraq, bu qitədə müşahidə olunan halların ümumi sayını keçdiyi üçün Ümumdünya Səhiyyə Təşkilatının və elmi ictimaiyyətin diqqətini çəkib.

- Xəstəlik hansı hallarda yayılır?

- Xəstəliyin törədicisi DNT tərkibli çiçək virusu ailəsindən olan meymunçiçəyi virusudur (monkeypox virus). Mərkəzi və Qərbi Afrikada iki fərqli genetik alt tipin xəstəliyə səbəb olduğu bilinir. Qərbi Afrika alt tipi Mərkəzi Afrika (Konqo hövzəsi) alt tipindən daha yüngül xəstəliyə səbəb olur. Ötən həftə Afrikadan kənarda görülən virusların tam genetik analizi hələ tamamlanmayıb, lakin ilkin məlumatlar Qərbi Afrika alt tipinə işarə edir.

Yoluxma yoluna gəldikdə, bu, meymun, sincab, siçovul və siçan kimi gəmiricilərdə rast gəlinən və onlardan insanlara keçən xəstəlikdir. İlk dəfə 1958-ci ildə bir tədqiqat laboratoriyasında meymunlarda çiçək xəstəliyinə bənzər bir xəstəliyin baş verdiyi zaman aşkar edildiyinə görə adı buradan götürülüb.

Virus insanlara yoluxmuş heyvanlarla, xəstə insanlarla və ya virusla çirklənmiş cansız əşyalarla (paltar, dəsmal, yataq dəsti və s.) və uzunmüddətli yaxın təmasla keçir. Virus sağlam insanlara dəridə, selikli qişalarda (ağız, burun, göz) və ya tənəffüs sistemindəki görünməz çatlar/cızıqlar vasitəsilə daxil olur.

Yoluxmuş heyvanlardan insanlara ötürülmə dişləmə, qaşıma, qan və bədən mayeləri və ya heyvan əti ilə təmas, zədələnmiş və ya bütün bunlarla çirklənmiş cansız materialla birbaşa təmasda baş verə bilər. İnsandan insana ötürülmənin, əsasən, böyük tənəffüs damcıları ilə baş verdiyi düşünülür. İnsandan insana ötürülməsi üçün üz-üzə, uzunmüddətli və yaxın təmas lazımdır, çünki böyük damlalar uzun məsafələri qət edə bilməz.

- Meymunçiçəyi virusunun əlamətləri nələrdir?

- Meymunçiçəyi qızdırma, baş ağrısı, yorğunluq, geniş yayılmış bədən ağrıları, limfa düyünlərinin şişməsi və dəri səpkilərinə səbəb olur. Şikayətlər virusla təmasdan sonra orta hesabla 6-13 gün ərzində yaranır.

Dəri səpkiləri qızdırma başlayandan 1-3 gün sonra əmələ gəlir, bədəndə daha çox üzdə, qollarda və ayaqlarda yaranır, ovuc və ayaq altlarında, ağızda, cinsiyyət orqanlarında və gözlərdə də aşkar edilə bilər. Səpkilərin sayı və forması dəyişkəndir, az və ya çox ola bilər. İlkin olaraq qızartı (makula) kimi başlayır və dəridən qalxır (papula). Sonra onlar şəffaf maye ilə dolaraq "vezikul" görünüşü alır.

Vezikullarin içərisində olan şəffaf maye sarımtıl mayeyə çevrilir və "pustul" əmələ gəlir. Pustullar qabıq bağlayır və qabıqlar düşdükdən sonra yaralar sağalır. Bu proses adətən 2-4 həftə çəkir və özü-özünə sağalır. İmmuniteti zəif olan insanlarda xəstəlik ağır keçə bilər. Xəstəliyə bakterial infeksiyalar əlavə oluna bilər, pnevmoniya, sepsis, ensefalit və görmə itkisinə səbəb ola bilər.

- Xəstəliyin diaqnozu necə qoyulur?

- Xəstəlik əlamətlərini göstərən insanların son bir ayda riskli bölgələrə səyahət edib-etməmələri və ya oxşar simptomları olan biri ilə yaxın təmasda olub-olmamaları araşdırılmalıdır. Meymunçiçəyi xəstəliyindən şübhələnən hallarda zədələnmiş yerlərdən lazımı qaydada alınmış və lazımı təhlükəsizlik tədbirləri görülməklə qablaşdırılmış nümunələr müvafiq laboratoriyaya göndərilməlidir.

Göründüyü kimi, bu test adi laboratoriyalarda edilə bilməz, lakin lazımı materialların və personalın mövcud olduğu biotəhlükəsizlik səviyyəsi 2 olan laboratoriyalarda test mümkündür. Hazırda xəstəliyin diaqnozu PZR üsulu (polimeraza zəncirvari reaksiya) ilə nümunələrdə virusun DNT-sinin aşkarlanmasına əsaslanır.

- Xəstəlik nə qədər müddət davam edir?

- Meymunçiçəyi adətən 2-4 həftə ərzində özü-özünə sağalır. Bununla belə, ağır gedişli xəstəlik immuniteti zəif olan insanlarda və kiçik uşaqlarda müşahidə edilə bilər. Ümumiyyətlə, xəstələnən insanların 3-6 faizində ölümlə nəticələnə bilir. Mərkəzi Afrika alt tipində ölümcüllük 11 faizə çatsa da, son günlər yayılan Qərbi Afrika alt tipində ölümcüllük daha aşağıdır.

- Xəstəlik su çiçəyi ilə bənzərdir. Onları necə ayırd etmək olar?

- "Çiçək" xəstəlikləri virusların törətdiyi oxşar xəstəliklərdir. Buna görə də çiçək və suçiçəyi xəstəliyində görülən dəri zədələrinə bənzər səpkilər meymunçiçəyində də müşahidə olunur. Ancaq bədəndəki səpkilərin həm yerləşməsi, həm görünüşü, həm də gedişatı fərqlidir.

Digər mühüm fərq meymunçiçəyində limfa düyünlərinin şişməsidir. Son bir ay ərzində Afrika ölkələrində, İspaniya və Portuqaliya kimi Avropa ölkələrində olmuş insanlarda müşahidə olunan əlamətlər bu xəstəlikdən şübhələnməyə əsas verir.

- Xəstəlikdən qorunma yolları nədir?

- Meymun çiçəyinin COVID-19 kimi asimptomatik xəstəliklərə səbəb olmadığı düşünülür. Yoluxmuş şəxslərin simptomları büruzə verdiyinə görə onların erkən təcrid olunmasına zəmin yaradacaq və bununla da meymunçiçəyi virusunun pandemiyaya səbəb olma ehtimalı azalacaq.

Təsdiqlənmiş meymunçiçəyi xəstəliyi olan insanlarla təmasda olanların son təmasdan sonra 21 gün ərzində simptomları müşahidə edilməlidir.

- Müalicəsi varmı?

- Meymunçiçəyi üçün istifadə olunan spesifik dərman yoxdur. İndiyə qədər görülən hallar sidofovir, brinsidofovir, tekovirimat (ST-246) adlı virus əleyhinə dərmanlar və çiçək xəstəliyinə qarşı immunoqlobulinin tətbiqi ilə nəzarət altına alınıb. Tekovirimat adlı dərman heyvan və insanlar üzərində aparılan araşdırmalardan sonra 2022-ci ildə Avropa Dərman Agentliyi (EMA-Avropa Tibb Agentliyi) və ABŞ FDA tərəfindən təsdiqlənib, lakin dünyada geniş yayılmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, çiçək xəstəliyinə qarşı peyvənd meymun xəstəliyindən 85 faiz qorunma təmin edəcək.

- Xəstəliyin pandemiyaya çevrilmə təhlükəsi varmı?

- Meymunçiçəyinin aydın əlamətləri və simptomları, mövcud məlumatlara görə asimptomatik infeksiyanın olmaması, sıx və uzunmüddətli təmasla ötürülməsi, DNT virusu kimi daha az mutasiyaya məruz qalması (COVID-19-da olduğu kimi yeni variantlar yoxdur) kimi amilləri nəzərə alsaq, COVID-19 kimi pandemiyaya səbəb olacağı gözlənilmir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər