1 İyun 2022 15:56
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur.

Teleqraf.com bu münasibətlə məşhurların uşaqlıq təəsüratlarını öyrənib.

Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə deyir ki, aktiv uşaq olub. Kiçik yaşlarından bütün sahələrə maraq göstərib: “Dama oyunu üzrə Səbail rayon çempionu olmuşam. Baletə maraq göstərmişəm. 3 yaşımdan 5 yaşıma qədər baltedə çox uğurlu fəaliyyət göstərmişəm. Ən böyük arzum baletə davam etmək idi. Bu arzum bu gün də ürəyimdədir. Özümü balerina kimi görürdüm. 5 yaşımdan sonra ailəm istəmədi.

Bəlkə də düzgün etdilər. Səhnədə balet oynamaq qismətim olmasa da, inşallah, balet yazaram, bu da böyük arzularımdandır. Sonra gimnastikaya yönləndirdilər. Səbail rayonu üzrə gimnastika müsabiqəsində qalib gəldikdən sonra məni ordan da uzaqlaşdırdılar. Rəsm çəkirdim, 9 yaşımda kiçik bir sərgim keçirildi”.

Bəstəkar deyir ki, gözütox uşaqmış. Ailəsindən heç vaxt nəsə alınmasını tələb etməyib: “Həyatım boyu nəyisə istəyib, dilimə gətirməmişəm ki, bunu alın. Heç vaxt uşaq kimi olmamışam. Məndən tez-tez soruşurlar ki, təkrar dünyaya gəlsəm nəyin dalınca qaçardım? Heç nəyin. Çünki çox maksimalistəm. Həyatda mükəmməl heç nə olmadığına görə canfəşanlı gösrərib nəsə istəməmişəm. Uşaqlıqda mənə nə bağışlayırdılarsa, verəndən sonra istəmişəm. Heç vaxt istəyəndən sonra mənə alınmayıb...”

Uşaqlığını geridə qoysa da bəstəkar o zamandan bu günə bir xüsusiyyətini özündə saxlayır: “Qapalı hədiyyələri çox sevirəm. Paketi açım, baxana qədər bilinməsin içində nə var. Hədiyyəni indi də paketləyirəm, özəl görünüşə önəm verirəm. Bu xasiyyət uşaqlığımdan qalıb.

Çox istərdim, uşaqlığımdakı aktivlik, pozitivlik indiki uşaqlarda da olsun. Çox aktividim. Kurslara getməyə həvəs göstərirdim, özüm evdə nəsə təklif edirdim, məktəbdə əlaçııydım. Daha o aktivlikdən heç nə qalmayıb. Çox passiv, tənbəl olmuşam.

Bəlkə də uşaqlıq saflığından irəli gəlir. Böyüdükcə görürsən ki, heç nə göründüyü kimi deyil. Heç nəyin uğrunda həyatını sərf edib inanmağa dəyməz”.

Milli Məclisin deputatı Aqil Abbas uşaqlıq çağını xatırlamaq üçün tez-tez kənd məktəblərinə gedir: “Uşaqlıqdan ən çox məktəb illərini xatırlayıram. Bibim oğlu ibtidai sinif müəllimi idi, məni boynuna alıb aparmışdı. Birinci sinifdə məktəbin ilk zəngini mən çalmışdım. İndi hər il məktəbə gedəndə görürəm ki, o zəng orada qalıb,zəngi çalıram, xoş təsir edir. Qiymətlərim yüksək idi. Rəssamlığı çox sevirdim. Davakar uşaq olmamışam, amma yuxarı siniflərdə dava edirdim”.

Millət vəkili dostlarının futbol komandasından kənarda qaldığını dilə gətirib: “Yaxşı futbol oynaya bilmirdim deyə, məni komandaya qəbul etmirdilər. Dilxor olurdum. Qapıçılığı bacarırdım, amma boyum balaca idi. Top gələndə qapıya dəyməmiş məni aşırırdı. Yenə də ehtiyat oyunçu idim, digər qapıçı məndən yaxşı oynayırdı, çünki onun boyu hündür idi”.

Millət vəkili Jalə Əliyeva uşaqlığının xoş xatirələrlə yadda qaldığını deyir:

“Ailənin, nəslin yeganə övladı olduğum üçün uşaqlığım sevgilə, diqqətlə əhatə olunmuşdu. Tək valideynlərim yox, bütün qohumlarım məni əzizləyirdilər. Heç vaxt bu sevgidən sui-istifadə etməmişəm. Həmişə çalışmışam ki, sadə uşaqlardan biri olum.

Sovet dövründə Heydər Əliyevin dəvəti ilə Azərbaycana gələn SSRİ rəhbəri Leonid Brejnevin qarşılanması və hər ikisinə mənim tərəfimdən səhnədə gül dəstəsi verilməsi, şeir söyləməyim və onların tərəfindən mənə şokolad listi verilməsi unudulmaz xatirəmdir. İndi də o günü xatırlayıram. Başımda lent, yumru bir qız idim. 5-6 yaşım olardı”.

Millət vəkili deyir ki, uşaqlıqdan səxavətli olub: “Anam Nurəngiz Quliyeva AzTV-də diktor işləyirdi, məni özü ilə işə aparırdı. Bir dəfə əlimdə anamın mənə xaricdən gətirdiyi qəşəng gəlincik varmış. İşdən aşağı düşəndə anamın həmkarı Həqiqət xanım qızı ilə üzü yuxarı gedirmiş. Qız məndən yaşda balaca idi, gəlinciyimi istəyibmiş. Anam da gəlincik təzə olduğuna görə, istəmirmiş ona bağışlayım. Anası da qızına deyibmiş ki, olmaz, Jalənindir.

Biz avtobus dayanacağına düşəndə anam görüb ki, mən ağlayıram. Niyə ağladığımı soruşanda demişəm ki, niyə qoymadın bu gəlinciyi qıza bağışlayım? Axı, o, balacadır. Onda 5 yaşım var idi. Anamı məcbur etmişəm, Həqiqət xanımı geri çağırıb, gəlinciyi qıza hədiyyə etmişəm. Hər uşaq öz oyuncağını kiməsə hədiyyə etməz”.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Qarabağda keçən uşaqlıq xatirəsini yada saldı.

Deyir ki, biznesə marağı atasının tənəsi ilə elə uşaqlığında istək olaraq qalıb: “Bir dəfə yaz vaxtı Şuşada Turşsuda çadır qurmuşdum, bir qəssabın nəvəsi də var idi, mən yaşlarda idi. 7-8 yaşımız olardı. Dərədən turşsu axırdı, güllər çıxmışdı. Oğlan dedi ki, gəl sudan butulkalara yığaq, gülləri dəstələyək, Gorusa, Bakıya, Laçına avtobusla gedənlərə sataq. Bunu etdik. Avtobus sərnişinləri bizə qəpik-quruş verirdilər, biz də aramızda bölürdük.

Həftə sonu atam gələndə dedim ki, belə bir şey etmişik, pul qazanmışıq. Atam məni necə danladısa, o vaxtdan biznesə marağım itdi. O vaxt biznesə pis baxılırdı. Zaman göstərdi ki, kreativ adlandırdığımız biznes, iş adamlarının sirri ondan başlayır. Amma atamın danlaması mənim həyatımı dəyişdi, pula, ticarətə baxışıma təsir etdi”.

Millət vəkili Elman Nəsirov isə uşaqlıq xatirələri arasında dondurma ala bilməməsini xatırlayır:

“Uşaq olanda kəndə satmağa maşında dondurma gətirirdilər. Həmin maşın siqnal verərək kəndə daxil olurdu, səsdən bilirdik ki, dondurma satan gəlib. Mən də 20 qəpiyə o dondurmadan alırdım.

Bir gün maşın gəldi, dondurma almaq istəyirdim. Atam işdə idi, anam həyətdə paltar yuyurdu, yanına qaçıb 20 qəpik istədim. Anam əli sabunlu idi, fikir vermədi, dedi, gündə gəlirsən, gözlə, səbrin olsun. Mən də onu gözləməyib, dondurma maşınına sarı qaçdım.

Anama da qəribə gəlib ki, bu niyə dərhal çıxdı getdi. İşi yarımçıq saxlayıb, gəlir dondurma satılan yerə. Gəlib görür ki, satıcı uşaqlara dondurma verir, mən də hər əlini maşına saldıqca yeşiyin içinə, sonra kimə verdiyinə baxıram. Həmişə bir dondurma alırdısa, bu dəfə 2-3 dondurma aldı. Anam pis olmuşdu ki, uşaq başqalarının əlinə baxır.

Sonradan hərbi xidmətə gedəndə, anamla nənəm möhkəm mübahisəsi düşüb. Nənəm mənə çox düşkün idi, anamı danlayıb ki, sən uşağa necə qıydın, necə ürəyin dözdü ki, uşağa 20 qəpik qıymamısan”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər