7 İyun 2022 09:05
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda dərman istehsalı ilə bağlı ümidlər böyük idi. Düşünürdük ki, Azərbaycan dərman istehsalına başlayacaq, ölkəyə dərman idxalı azalacaq, qiymət aşağı düşəcək, hətta qonşu ölkələrə dərman ixrac edə biləcəyik. Təəssüf ki, bunlar baş vermədi”.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Musa Quliyev Azərbaycanda əczaçılıq sahəsinin vəziyyətini və perspektivini şərh edərkən bildirib.

Maraqlıdır, ölkəmizdə dərman istehsalına mane olan səbəblər nələrdi?

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev Teleqraf.com-a açıqlamasında illərdir Azərbaycanda dərman monopoliyasının hökm sürdüyünü bildirib.

Professor ölkəmizdə büdcədən dərman istehsalına nə qədər vəsaitin ayrılmasından xəbərsiz olduğunu deyib: “Dərman istehsalına ayrılan vəsaiti müvafiq qurumlar mənimsəyirlər. Bu sahədə olan məmur tayfası ancaq pul yığmaqla məşğuldurlar. Yəni xalqı düşünüb, canın qoyub, patriotcasına bu işə dəstək verən yoxdur. Ona görə də ölkəmizdə belə bir vəziyyət alınıb. Ölkəmizdə dərman istehsalında çətinliklər var, yerli infrastruktur yox dərəcəsindədir. Sual olunur, necə olur ki, Türkiyədə 20 manata satılan dərman Azərbaycanda 80 manata satılır. Eləcə də İranda qəpik-quruşa satılan preparat ölkəmizdə dəfələrlə baha təklif olunur. Bu necə olur?!”

Həkim Azərbaycana gətirilən dərman preparatlarının tərkibinin nəzarətdə saxlanılmadığını da deyib: “İstehsalçı ölkənin öz daxili tələbatını ödəmək üçün istehsal etdiyi eyni tərkibli dərmanla Azərbaycana idxal olunan dərmanların tərkibi eyni deyil. Yəni təsiredici maddənin miqdarı azdır. Eyni dərman preparatını xəstə gedib Avropada qəbul edir, müsbət təsir edir, amma eynisini Azərbaycanda qəbul edir, xəstənin səhhətinə təsir etmir. Bunlar faktdır. Aidiyyəti qurumlar bunu inkar etsə də, xalq bilir ki, bu, həqiqətdir. Bunu düzəltmək lazımdır. Azərbaycan zəngin ölkədir, niyə dərman istehsalı olmasın? Ən adi dərman preparatlarını istehsal edə bilmirik. Çünki vaxtında bunun üçün ayrılan vəsaiti məmurlar “yeyiblər”. Millətin, xalqın başı bəlalıdır, vəzifəyə qoyulanlar ancaq öz tayfası və cibi üçün çalışır. Tibb sahəsində xalq üçün çalışanları barmaqla saymaq olar. Deputatlar gəlişi gözlə sözlər danışırlar, amma iş görmək məqamına gələndə nəticə yoxdur”.

Aydın Əliyev hazırda Azərbaycanda tibb sahəsinə rəhbərlik edən məmurlardan heç bir müsbət addım gözləmədiyini də deyib: “Çıxıb ancaq reklam xarakterli etdiyi işlərlə bağlı açıqlamalar verirlər. Bölgələrdə kifayət qədər müalicə diaqnostika mərkəzləri var, hətta müəyyən avadanlıqları da var, amma orada işləyən yoxdur. Çünki kadrların başına elə oyun açırlar ki, yaxşılar bu ölkədən qaçıb gedirlər. Beyin axını baş verir. Nə qədər savadlı həkimlər tanıyıram, Azərbaycandan Türkiyəyə, Almaniyaya, Amerikaya və başqa ölkələrə çıxıb gediblər. Köklü problemlər var.

Aidiyyəti qurumların - Səhiyyə Nazirliyinin, TƏBİB-in, İcbari Tibbi Sığortanın (İTS) ölkə xəstəxanalarına gətirdiyi avadanlıqların qiyməti ilə real qiymətlər arasında şişirdilmiş fərq var. Bunun hamısını xalqın canından çıxarırlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər