10 İyun 2022 12:33
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Payız-qış mövsümü başlayandan dəm qazından zəhərlənmələr artır. Biz istərdik ki, yay mövsümündə insanlar buna görə müəyyən hazırlıq işləri görsünlər. Abonentlərə üzərinə düşən məsuliyyətlə bağlı məlumat verim ki, onlar payız-qış mövsümünə qədər hazırlıqlarını tamamlasınlar".

Teleqraf.com xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisi Prezidentin 25 fevral qərarına diqqət çəkib: "Belə ki, həmin qərarda qazdan istifadə qaydaları ilə bağlı dəyişikliklər qüvvəyə mindi. Qazdan istifadə qaydaları ilə bağlı hər bir yaşayış mənzillərində və sənaye obyektlərində ildə bir dəfədən az olmayaraq noyabr ayının 1-nə qədər texniki müayinə keçiriləcək. Bu müayinənin də nəticələrinə uyğun olaraq tədbirlər görüləcək. Texniki müayinəni "Azəriqaz" İB həyata keçirəcək. Keçirilmiş müayinələrin keyfiyyətinə nəzarəti isə FHN və Energetika Nazirliyi həyata keçirəcək".

Müayinədə nələr yoxlanılacaq?

İlkin Behbudov qeyd edib ki, qaz sayğacından başlayaraq mənzildə istifadə olunan qaz qurğuları, onların yerləşdiyi otaqlar, həmçinin tüstü bacalarının vəziyyəti yoxlanılacaq: "Eyni zamanda sayğaca müdaxilənin olub-olmadığı, mənzildaxili qaz xəttlərinin layihəyə uyğun çəkilib-çəkilməməsi, qaz sızmasının olub-olmamsı, qaz qurğularının otağın ölçüsünə uyğunluğu yoxlanılacaq.

Bundan əlavə vanna otaqları ilə bağlı tələblər də yoxlanılacaq. Çünki dəm qazından baş verən zəhərlənmələrin 95 faizdən çoxu vanna otaqlarında baş verir. Tüstü bacası olmayan yerlərdə qaz qurğusunun olması, qazanın işlək vəziyyətdə olmaması, vanna otağında havalandırma yoxlanılacaq. Baxışın sonunda akt tərtib olunacaq. Əgər qayda pozuntusu varsa, istər mənzilin, istərsə də obyektin sahibinə bu pozuntunun aradan qaldırılması üçün 1 ay vaxt veriləcək.

İnsan həyatına təhlükə törədə biləcək pozuntu varsa, "Azəriqaz" İB-nə təbii qaz təminatının dayandırılması səlahiyyəti var".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər