16 İyun 2022 18:24
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 16-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, qonaqları salamlayan Tahir Budaqov Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni müstəviyə yüksəldiyini bildirib. Bu münasibətlərin hərtərəfli inkişafı hər iki ölkənin prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın yüksək səylərinin nəticəsidir. Azərbaycanla Türkiyə arasında əlaqələrin əhəmiyyətindən danışan YAP Sədrinin müavini qarşılıqlı münasibətlərin ümummilli liderimiz Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün iki dövlətin münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib: “Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi dünyada Azərbaycan-Türkiyə qədər bir-birinə yaxın, qardaş ölkə yoxdur. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq”.

YAP Mərkəzi Aparatının rəhbəri iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannnaməsinin imzalanmasının birinci ildönümünə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin və tədbirdə Türkiyədən böyük nümayəndə heyətinin iştirakının önəmini vurğulayıb. Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə də bir-birinə hər zaman ciddi dəstək verdiyini deyən Tahir Budaqov qeyd edib ki, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasına qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək göstərməsi qürurverici haldır. Xalqlarımız və dövlətlərimiz bir daha sübuta yetirdilər ki, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni dünya düzəni üçün parlaq nümunədir.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala Azərbaycana, o cümlədən Qarabağın incisi olan Şuşa şəhərinə səfər etməkdən məmnunluğunu ifadə edib. “Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik” deyən AK Parti Sədrinin müavini iki ölkənin liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi olduğunu söyləyib.

Efkan Ala qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının cəsarəti ilə yenilməz Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Azərbaycan şanlı Zəfəri ilə bütün region üçün məqbul ola biləcək əməkdaşlıq formatı yaradıb və xoşməramlı mövqeyini bütün dünyaya bəyan edib. Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq.

O, həmçinin AK Parti və YAP arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.

Görüşün sonunda xatirə fotosu çəkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər