17 İyun 2022 16:31
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq aparılan nəzarət tədbirləri nəticəsində Bakı şəhəri və Abşeron rayonunun bir sıra qəsəbələrində sudan qanunsuz istifadə hallarının qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayonunun Digah, Məhəmmədi və Novxanı qəsəbələrində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Məhəmmədi kəndində avtoyuma məntəqəsi və restoranda suyun talanması aşkar edilib. Bu obyektlərin sayğacları olsa da, sayğacdankənar xətdən istifadə olunub. Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzinin müqavilə və sayğacı olmasa da obyekt sahibi şəbəkəyə özbaşına qoşularaq sudan qanunsuz istifadə edib. Obyektin su təchizatı dərhal dayandırılıb və akt tərtib edilərək dəymiş ziyan hesablanıb. Məhəmmədi və Digah qəsəbələrində bəzi fərdi yaşayış evlərinin sahibləri də sudan uçotsuz istifadə ediblər.

Fərdi həyət evlərində sudan sayğacdankənar istifadə hallarına ən çox Xəzər rayonunun Türkan qəsəbəsində rast gəlinir. Bəzi sakinlər sayğacdankənar su xətləri çəkərək daha çox suvarma suyu kimi istifadə edirlər. Hətta sakinlərdən biri əkin sahələrini suvarmaqla yanaşı, qonşuluqdakı daş karxanasına da qanunsuz su verirmiş. Sayğaca baxış keçirilərkən onun indiyədək cəmi 1 kubmetr su işlətdiyi məlum olub. Bəzi sakinlər isə sayğacların süzgəclərinin plombunu qıraraq qanunsuz birləşmədən istifadə edir.

Türkan qəsəbəsində sayğaclar əsasən həyətlərdə quraşdırıldığından ev sahibləri müfəttişlərin sayğaca baxış keçirməsinə şərait yaratmırlar. Həmin evlərin su təchizatını dayandırmaq üçün küçələrdə qazıntı işləri aparılır.

İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur. Belə hallar həmin ərazidə yaşayan digər sakinlərin su təchizatında da ciddi problemlər yaradır.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə yolverilməzdir. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 3841 fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1 milyon 13 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.


Müəllif: Teleqraf.com