15 İyul 18:00
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 6 il əvvəl Türkiyə Respublikasında baş verən dövlət çevrilişi cəhdi zamanı həlak olan şəhidlərin anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda, eləcə də Türkiyədə dövlət çevrilişində şəhid olmuş qəhrəmanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Teleqraf.com xəbər verir ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək 15 iyul dövlət çevrilişi cəhdinin qardaş ölkənin tarixində çətin sınaq olduğunu vurğulayıb. Dövlət çevrilişi cəhdinin Türkiyənin artan qüdrətini gözü götürməyən qüvvələrin işi olduğunu qeyd edən rektor M.Babanlı həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini vurğulayıb. O, 6 il əvvəl dövlət çevrilişi cəhdinin uğursuzluğa düçar olmasının qardaş ölkənin qüdrətinin daha da artmasını şərtləndirdiyini qeyd edib. Onun fikrincə, Türkiyənin məhz bu qədər güclü olması ona 2020-ci Qarabağın azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsində Azərbaycanın yanında durmasına imkan verib. Rektor M.Babanlı 26 may 2022-ci il tarixində ADNSU-da açılmış Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin və universitetin iki auditoriyasına 2016-cı il dövlət çevrilişi zamanı həlak olmuş şəhid professor İlhan Varank və Erol Olçokun adlarının verilməsini iki qardaş ölkə arasındakı birliyə verilmiş töhfə olduğunu bildirib. Rektor gənc nəslin Azərbaycan və Türkiyənin qəhrəman övladlarının xatirəsini daim uca tutmalı olduqlarını qeyd edərək, ADNSU-da tələbələrin vətənpərvərlik tərbiyəsinin daim prioritet vəzifə olaraq həyata keçirilməli olduğunu vurğulayıb.

Tədbirdə ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev, İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev də çıxış edərək tarixin ən çətin günlərində belə Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə sadiq qaldıqlarını qeyd edib, iki ölkə arasında birliyin bütövlükdə bölgəmizdə sülhə və əmin-amanlığa mühüm töhfə verdiyini bildiriblər.


Müəllif: Teleqraf.com