19 İyul 2022 10:21
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün onlar üçün tarixi gündür... 10 ailə Zəngilanın Ağalı kəndinə qayıdır.

Bu saatdan etibarən işğaldan azad olunan torpaqlara Böyük Qayıdışın ilk mərhələsi başladı. Zəngilan rayonunun Ağalı kəndinin sakinləri 30 ildən sonra müasir şəkildə qurulan Ağalıya ayaq basacaqlar. İllər öncə doğma yurdlarından didərgin salınan Ağalı sakinləri artıq məcburi köçkün deyil. Bu gün 58 ağalılı öz evinə qovuşacaq.

Sevinc, qürur, həyəcan.. Hər bir Ağalı sakininin üzündən oxumaq olur yurd sevgisini. Gözlərində yaş, ürəklərində həyəcan, qürur, sevinc və ümid... Onlar sevinc göz yaşları ilə Bakıda məskunlaşdıqları Zəngilan şəhərciyindən doğma el-obalarına yola alırlar.

Teleqraf.com işğaldan azad olunan torpaqlara ilk köçən Ağalı sakinləri ilə həmsöhbət olub.

Bayram Məmmədov 1993-cü ildə erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən Ağalı səkinlərindən biridir. O, 29 il əvvəl çıxmaq məcburiyyətində qaldığı kəndinə qayıtmağın böyük sevincini yaşayır:

"Çox qürurluyuq, sevincimizin həddi-hüdudu yoxdur. Qarabağa Böyük Qayıdış bu gün bizdən başlayır, 10 ailə hazırda doğma kəndimizə doğru yol alır. Mərhələli şəkildə bütün ailələr köçəcək. Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandana təşəkkür edirik, şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə can sağlığı arzulayıram. Mayın 27-də Prezident İlham Əliyev kəndin açılışını edərkən biz də orada idik, dövlət başçısı 13 ailə ilə görüşdü, onlardan biri də bizim ailə idi. Bu artıq Ağalıya ikinci səfərimizdir, bu dəfə biz Ağalıda daim yaşamağa gedirik", - o bildirib.

Əliyevlər ailəsi də bu gün doğma Vətəninə ayaq basacaq 10 xoşbəxt ailədən biridir. Səbinə Əliyevə deyir ki, sonuncu dəfə Ağalını 1993-cü ildə görmüşəm, bu, onun 29 ildən sonrakı ilk səfərimdir: "5 nəfər ailə üzvümüz bu gün Zəngilana, doğma Ağalıya ayaq basacaq. Çox sevincliyik, bir o qədər həyəcanlıyıq. Bundan möhtəşəm xoşbəxtlik ola bilməz. Biz müasir, hər şərait yaradılan Ağalıda yaşayacağıq, orada yenidən qurub yaradacağıq".

Həcər Məmmədova isə heç vaxt görmədiyi, ancaq valideynlərinin haqqında 30 il boyunca ürək ağrısı ilə danışdığı, görmək üçün günləri iplə çəkdiyi Ağalı kəndinə ayaq basmaq üçün səbirsizlənir:

"Bu gün tarixi anlar yaşanır. Biz öz kəndimizə, dədə-baba yurdumuza qayıdırıq. Çox sevincliyəm, bir neçə saat sonra ayağım o torpaqlara dəyəcək. Allaha çox şükürlər olsun ki, bizə bu böyük günü qismət etdi. Hislərimi sözlə ifadə edə bilmirəm, çox qürurluyam. 29 il əvvəl ailəmin çıxmaq məcburiyyətində qaldığı Vətənə qurub-yaratmaq üçün qayıdırıq. Bu gün bizimlə birlikdə köçən ailələrə də uğur arzulayıram. Atam mayın 27-də kəndin açılışında iştirak edib. Anam Zəngilandan çıxanda 19, atamın isə 27 yaşı olub. Qardaşım və mən burada dünyaya göz açmışıq, oranı görməmişik. Mənim qürur hislərim, sevinc və həyəcanım həm də məhz bununla bağlıdır ki, ilk dəfə ora ayaq basacam".

Ağalı sakinləri bu gündən 30 il əvvəlkindən daha müasir, daha gözəl Ağalıda yaşayacaqlar. Ermənilərın viran etdiyi, daşı-daş üstündə qoymadığı Ağalıda Azərbaycan qısa müddətdə ağıllı kənd qurub. 10 Ağalı ailəsi bu gün artıq 30 ilə yaxındır uzaq düşdükləri evlərində gecələyəcəklər.


Müəllif: Teleqraf.com