19 Avqust 2022 13:37
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəkərli diabet tip 2 xəstələrində yanaşı olaraq əksər hallarda hipertoniya, ürəyin işemik xəstəliyi olur".

Teleqraf.com xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova deyib.

O bildirib ki, şəkərli diabet tip 1 xəstələrində isə birincili hipotireoz (qalxanvari vəzin çatmazlığı) müşahidə edilir: "Şəkərli diabet tip 2 “metabolik sindrom” adlanan bir vəziyyətdən sonra yaranır. O sindromun bütün təzahürləri artıq şəkərli diabet tip 2 xəstəsində də olur. Eyni zamanda, şəkərli diabet bəzi genetik sindromlardan əziyyət çəkən xəstələrdə də rast gəlinir. Qeyd edim ki, əvvəllər gizli gedən mərhələlərdə diaqnoz qoyulmurdu. Hazırda müasir diaqnostika üsulları ilə diaqnozu daha erkən qoymaq mümkündür. Xəstəliyin başlanğıc mərhələsində sağlam həyat tərzi, həkimə vaxtında müraciət, pəhriz və müntəzəm fiziki məşqlər çox vacibdir".

O qeyd edib ki, şəkərli diabet hazırda ən geniş yayılmış endokrin xəstəlikdir: "Şəkərli diabet tip 1 xəstəliyinin inkişafı üçün əsas risk faktorlarından biri genetikadır. Bu tip diabetin güclü genetik komponenti var və inkişafının 50 faizindən çoxu genetik faktorlardan asılıdır. Şəkərli diabet tip 1 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərə valideynlərin birində və yaxud ikisində də həmin xəstəliyin olması, yaxud xəstəliyin geninin daşıyıcılığı, xarici faktorlar isə virus infeksiyaları sayılır. Təkanverici amil kimi isə tez-tez virus infeksiyalarına tutulma, immun sistemin zəifliyi, stres vəziyyətlər ola bilər. Şəkərli diabet tip 2 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərinə isə piylənmə, arterial hipertenziya, hiperlipidemiya (insanın qanında lipidlərin və/və ya lipoproteinlərin anormal yüksəlməsi), oturaq həyat tərzi, aşağı fiziki aktivlik və s. aiddirlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər