19 Sentyabr 2022 14:23
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində çıxış edən Prezident İlham Əliyev regional kommunikasiya layihələri, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları ilə bağlı geniş məlumat verib.

İlk növbədə, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Məlumdur ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə və eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Aydındır ki, hər iki nəqliyyat dəhlizi birbaşa Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün böyük iqtisadi əhəmiyyət kəsb edir. Bu isə, vacib tranzit mərkəzi olaraq ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın önəmini daha da artırır.

Azərbaycan tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasını hər zaman fəal şəkildə dəstəkləyib. Eyni zamanda, mövcud olan digər nəqliyyat dəhlizləri ilə müqayisədə Azərbaycan yüklərin məhz bizim ölkənin ərazisindən keçməklə daha əlverişli şərtlərlə qısa müddətdə və təhlükəsiz çatdırılmasını təmin edərək müxtəlif istiqamətlərdə tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub. Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla eyni zamanda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrinin iştirakçı ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə də şərait yaratmış olur. Beləliklə də, Azərbaycanın bir sıra hallarda təşəbbüskarı kimi çıxış etdiyi beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin inkişafına və ümumilikdə Avrasiya məkanında sülhün və təhlükəsizliyin bərqərar olması işinə xidmət edir.

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da tarixi ədalət bərpa olundu. İndi isə Azərbaycan bu regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Bu məqsədlə ölkəmiz Ermənistana sülh müqaviləsinin bağlanması üzrə danışıqlara başlamaqla bağlı çağırışlar edir. Təbii ki, Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi isə Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsidir. Əlbəttə, Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Lakin eyni zamanda bu dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə əhəmiyyətli töhfə olacaq.


Müəllif: Əhliman Əmiraslanov

Oxşar xəbərlər