1920-ci ildə Rusiyanın Azərbaycanı işğalından sonra ölkəmizin tanınmış zadəgan ailələrinin üzvlərinin də bir qismi mühacirətə getməli oldu. Onlar arasında məşhur Hacınskilər nəslinə mənsub olan Bəşir bəy də vardı.
Bəşir bəyin atası İsa və Kazım bəy Hacınskilərin qardaşı idi. Cümhuriyyətin işğalından sonra Bəşir bəy Cənubi Azərbaycana keçib, uzun müddət burada yaşayıb. Burada çalışıb, on səkkiz övlad yetişdirib.
Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan “Azərbaycan” jurnalı 1975-ci ildə çıxan 216-cı sayında Bəşir bəyin faciəvi vəfatı ilə bağlı onun həyat hekayəsini bu şəkildə təqdim edib: “Məmləkəti istila edildikdən sonra İran torpaqlarına sığınan həmşəhrilərimizdən Bəşir Hacıoğlu iş-güc sahibi olduqdan və on səkkiz uşaq böyütdükdən sonra ilk dəfə xaricə gəzməyə çıxmağa qərar verib, ötən yay mövsümünün sonlarında Ankaraya gedib, bir həftə əqrəbası Məhəmməd Burcun evində qonaq qalıb.
Oradan da Qərbi Berlində işləyən mühəndis oğlunu ziyarət etmək üçün Almaniyaya gedib. Təəssüf ki, dönüşdə avtomobil qəzasında həyatını itirib. Tehrandan aldığımız məlumata görə, ona yolçu edən oğlu da ağır şəkildə yaralanıb. Mərhum Bəşir Hacıoğlu Bakı əşrafından İsa və Kazım bəylərin də mənsub olduqları Hacınskilər ailəsindən idilər, atası Aslan bəy yuxarıda adları çəkilən zəvatın doğma qardaşı idi.
Bəşir bəy həmçinin istiqlal dövrümüzün millətçi və vətənpərvər ziyalılarından Əli bəy Qulubəyovun yaxın əqrəbası idi. Mərhum Əli bəy Stalin dövrünün repressiyaları zamanı milli fikir və davranışlarına görə mühakiməsiz şəkildə güllələnmişdi. Eləcə də Əli bəy Qulubəyov heç bir zaman unutmayacağımız mərhum istiqlalçı qardaşımız Əşrəf Dəmircanın əmisi idi, onun yetişməsində önəmli rol oynayıb. Bəşir bəy İrana sığınan həmşəhrilərimizə göstərdiyi maddi köməyi ilə yaxşı ad qazanmışdı. Eyni şəkildə Əşrəf Dəmircanı da maddi baxımdan hər zaman dəstəkləmişdi.
68 yaşında həyatını itirən Bəşir Hacıoğluna Tanrıdan rəhmət və məğfirətlər, kədərdidə ailəsinə və uşaqlarına səhhət və başsağlığı, qəzada yaralanan oğluna da şəfa diləyirik”. Məlumat üçün bildirək ki, qaynaqlarda İsa bəyin qardaşları olaraq Kazım və Həsən bəy Hacınskinin adları keçir.
Ola bilsin ki, Həsən adı səhvən Aslan olaraq jurnalda dərc edilib. Qeyd edək ki, maşın qəzasında həlak olan Bəşir Hacınskinin əmisi İsa bəy Hacınski Bakıya ilk avtomobili gətirən şəxs kimi tanınıb. İsa bəy Əbdüssalam bəy oğlu (1861-12.04.1918) sənayeçi və 1-ci gildiya taciri olub. Professor Ədalət Tahirzadənin yazdığına görə, İsa bəyin Qara şəhərdə ağ neft zavodu, Abşeronda neft mədənləri, Türkmənistanda – Çəlikən yarımadasında balıq vətəgələri, Bakıda 5 daş evi, Mərdəkanda bağı vardı. Neft sənayeçilərinin “Hacınski – Bakı” ticarət cəmiyyəti idarə heyətinin sədri, Bakı Neft Sənaye çiləri Qurultayı Şurasının üzvü idi.
Bir çox orden və medallarla təltif edilmişdi. 45 yaşında sülh hakimi seçilmişdi. Onun təqaüdü ilə Rusiya, Fransa və Almaniyada 25 kasıb azərbaycanlı tələbə oxumuşdu.