26 Oktyabr 2022 19:45
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov oktyabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı yaradılmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Kürdəmir Şəhidlər Xiyabanını və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara və kürdəmirli şəhidlərə həsr edilmiş guşəyə baxış keçirilib.Tədbir dövlət himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya 30 il ərzində zəngin, şərəfli inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Azərbaycan xalqının xilaskarı, partiyamızın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, eyni zamanda, Yeni Azərbaycan Partiyasının 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edib.YAP Kürdəmir rayon təşkilatının fəaliyyətindən danışan A.Cəbrayılov deyib ki, rayon təşkilatı üzrə ərazi partiya təşkilatlarının sayı 89, üzvlərin sayı isə 10189 nəfərdir.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: "O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Bu gün Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapıb. Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir".

YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur: "Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün onun əbədiyaşar ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir".

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov deyib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir: "Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir".

Tədbirdə, həmçinin partiya üzvü, partiya üzvləri - şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva və Vətən müharibəsi qazisi Elnur Cəfərov, partiyanın veteran üzvü, rayon təşkilatının ilk sədri olmuş Rafiq Mehdiyev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsindən, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsindən, qazanılan parlaq qələbədən ətraflı bəhs ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər