Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də Bəhreyn Krallığına səfərə yola düşür.
Qurumdan Teleqraf.com-a verilən məlumata görə, səfər Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin himayəsi altında 3-4 noyabr 2022-ci il tarixlərində Müsəlman Ağsaqqallar Şurasının tərəfdaşlığı və Bəhreyn Krallığının ev sahibliyi ilə keçiriləcək Bəhreyn Beynəlxalq Dialoq Forumuna dəvət əsasında həyata keçirilir.
Ümumbəşər problemlərinin müzakirəsi məramı ilə baş tutan Forumda Roma Katolik kilsəsinin başçısı Papa Fransisk həzrətlərinin iştirakı, dini liderlərlə müzakirələri və çıxışı nəzərdə tutulur. Qlobal forumda iştirak üçün QMİ sədrinə dəvət Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Şeyx Əbdül Rəhman bin Məhəmməd bin Rəşid Əl Xəlifə tərəfindən edilib.
Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər Əl-Şərifin Şeyxi və Böyük İmamı Əhməd əy-Tayyibin dəvəti ilə noyabrın 4-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçiriləcək Müsəlman Ağsaqqallar Şurasının on altıncı iclasında iştirak və çıxış edəcək.