17 Noyabr 2022 11:29
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevə təşəkkür edirəm. Mənim fəaliyyətimə verdiyi yüksək qiymətə görə, bu gün Prezident İlham Əliyevə təşəkkür məktubu göndərmişəm. 2023-cü ilin dövlət büdcəsi müstəqillik dövrünün ən böyük, sosial yönümlü büdcəsidir. Bu da Prezident İlham Əliyevin sosial sahəyə olan diqqətinin bariz nümunəsidir. Digər tərəfdən, 44 günlük müharibə ilə azad edilən torpaqlarda böyük abadlıq işlər aparılır və büdcədən də vəsait ayrılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, büdcədən səhiyyə sahəsinə kifayət qədər vəsait ayrılıb, artımlar var:

"Səhiyyə sahəsinə 1,900 milyard vəsait nəzərdə tutulub. Bunun da əsas hissəsi icbari tibbi sığortaya yönəlib. Bu olduqca vacibdir. Səhiyyənin digər sahələrinə də artım nəzərdə tutulur. Məncə, bu, səhiyyədə keyfiyyəti yüksəldəcək. Ötən il biz dövlət müəssisələrində tibbi avadanlıqların köhnəldiyini, yeniləri ilə əvəz edilməsi məsələsini qaldırmışdıq. Bu məsələ də həll edilməkdədir. Buna görə baş nazirə və hökumət nümayəndələrinə təşəkkür edirəm”.

Akademik bildirib ki, indi ciddi məsələlərdən biri də onkoloji xəstəliklərlə bağlıdır:

“Qeyd edim ki, bir sıra xəstəliklər artıq icbari tibbi sığorta paketinə daxil edilib. Bu gün tibbi sığorta fondunun imkanları da yüksəlib. Bu imkan verir ki, onkoloji xəstəliklər də icbari tibbi sığortaya daxil edilsin. Bunun olmaması insanlarda narazılıq yaradır.

Dərman vasitələri ilə bağlı deputatlar dəfələrlə məsələ qaldırıblar. İnsanlar arasında dərman vasitələri ilə bağlı xeyli narazılıq var. Bunun həllinə ehtiyac var. Bizdə olan məlumata görə, mövzuya dair hökumətdə proqram var. Hesab edirəm ki, bu proqramın işləməsi problemləri aradan qaldıracaq. Belə proqramların hazırlanmasına Milli Məclisin əməkdaşlarını da cəlb etmək lazımdır, çünki parlamentdə bu sahəyə ilə bağlı yaxşı mütəxəssislər var”.


Müəllif: Nemət

Oxşar xəbərlər