Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanunun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, iclası İctimai birliklər və dini qurumlar komitəsinin sədri, vitse-spiker Fəzail İbrahimli açıb.
Komitə sədri deyib ki, gündəlik hər kəsə məlumdur:
“Layihə mərhələlərlə gəlib indiki hala yetişib.Ölkədə islahatlar gedir və bu, ölkənin bütün sahələrini əhatə edir. Milli Məclis bu prosesdən kənarda qala bilməz, biz qanunvericilik sahəsində bu prosesə qoşulduq. Milli Məclisdə təmsil olunan 11 partiya müraciət etmişdi. Siyasi partiyalar haqqında qanunun qəbulundan 30 il keçmişdi. Son 30 ildə cəmiyyətimiz inkişaf edib. Odur ki, yeni qanun layihəsinə ehtiyac yaranmışdı. Milli Məclis sədri Sahibə Qafarova bu təkliflərə müsbət yanaşıb və belə qanunun hazırlanmasına göstəriş verib. Əlbəttə, qanunun hazırlanmasında müasir tələblər, Avropa təcrübəsi, ölkədə sistemin xüsusiyyətləri qanunda öz əksini tapmalı idi. Sözsüz ki, milli xüsusiyyətlər həlledici amildir və nəzərə alınmalı idi. Yəni bu prinsiplər də nəzərə alınıb. Venesiya Komissiyasının 2010-2010-ci ildə siyasi partiyaların fəaliyyətinə dair tövsiyyələri də nəzərə alınıb. İş prosesində 20-yə qədər ölkənin təcrübəsini öyrəndik. Daha sonra iyulun 26-da siyasi partiyalardan Milli Məclisə 250-dən çox müraciət edilib. Qanun layihəsi Milli Məclisin saytında yerləşdirildi və açıqlandı. Bizim növbəti işimiz kimi layihəni ictimai müzakirəyə verdik. Oktyabrın 24-də siyasi partiyaları dəvət edərək dinləmə keçirdik. Bu, indiki qanun layihəsinin yenilənmiş variantının hazırlanmasında rolu oldu. Daha sonra QHT-lərlə birgə dinləmə keçirildi. Biz sosial şəbəkələrdə, mediada yazılanları nəzərə aldıq, beləcə yenilənmiş layihə ortaya qoyuldu. Altı fəsil, 30 maddədən ibarət olan qanun layihəsinin 18 maddəsində 45 dəyişiklik edilib. Amma bu son deyil. 3 komitənin birgə iştirakı, parlamentdə təmsil olunan partiyaların iştirakı və səslənən fikirlər güman edirəm ki, bəzi dəyişikliklərə də səbəb ola bilər”.