“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin elan etdiyi “Zəfərə aparan yol” adlı hekayə müsabiqəsinin qalibləri məlum olub.
Teleqraf.com xəbər verir ki, hekayə müsabiqəsi təşkilatın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində elan edilmişdi.
Hekayə müsabiqəsinə işğaldan azad olunan rayonların orta ümumtəhsil məktəblərində təhsil alan VII-XI sinif şagirdləri qatılıb. Şagirdlərə Vətən Müharibəsi qəhrəmanlarının göstərdikləri şücaət əks olunan “Zəfərə aparan yol” adlı hekayə müsabiqəsinə öz yazdıqları hekayələri 10 oktyabr 2022-ci ildən 3 noyabr 2022-ci ilədək təqdim etmək imkanı yaradılıb.
Ümumilikdə, müsabiqəyə 15 hekayə təqdim olunub. Aparılan qiymətləndirilmədən sonra ilk üç yerin qalibi müəyyənləşib. Hekayələr qiymətləndirilərkən Vətən müharibəsi qələbəsinin təbliği, məzmunun orijinallığı, bədiilik nəzərə alınıb. Müsabiqə çərçivəsində ilk 3 yeri tutan şagirdlərin mükafatlandırılması nəzərdə tutulsa da, layihənin işçi heyətinin apardığı müzakirədən sonra müsabiqəyə qatılan daha 3 iştirakçının mükafatlandırılması qərara alınıb. 3 nəfər də həvəsləndirici mükafata layiq görülüb.
Qeyd edək ki, müsabiqəyə yazı təqdim edən 15 iştirakçının hamısına sertifikat təqdim olunub.