“Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində baş verən hadisə hamımızın kədərinə səbəb olub. Gənc idmançının həyatını itirməyindən təəssüf hissi keçiririk. Bu barədə hadisə baş verən gün nazirliyin rəsmi açıqlamasında da qeyd olunub. Mərhumun dəfn mərasimində nazirliyin rəhbər şəxsləri iştirak ediblər və ailəsinə başsağlığı veriblər.
Bu barədə Gənclər və İdman Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq qeyd edilib.
Hadisədən sonra Şağan Olimpiya İdman Kompleksində hər hansı araşdırmanın aparılıb-aparılmadığı barədə suala gəlincə, nazirlikdən bildirilib ki, istintaq və araşdırma yalnız hüquq-mühafizə orqanları tərəfindən aparılır.
Nazirliyin ölkə ərazisində fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində təhlükəsizliyə hansı formada nəzarət etməsi məsələsi barədə sualı rəsmi qurum belə cavablandırıb: "Hər bir kompleks daxili imkanına uyğun olaraq mühafizə xidmətini təşkil edir. Elə idman qurğuları var ki, orada təhlükəsizlik xidmətləri müasir tələblər səviyyəsindədir. Lakin təəssüf ki, bu şərait bütün idman komplekslərində, xüsusən də çoxdan inşa edilmiş qurğularda mövcud deyil".
Qeyd edək ki, noyabrın 26-da “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaq zərbəsi endirərək qətlə yetirib.
Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.