“Müharibədə iki gözümü itirmişəm. Buna görə peşman deyiləm. Çünki dövlətimin üç rəngli bayrağı uğrunda mübarizə aparmışam. Bu, mənim üçün qürurdur. Torpaqlarımızın geri qaytarılmasında bir damla pay sahibi olduğuma görə xoşbəxtəm. Allah şəhidlərimizə rəhmət eləsin, onların məqamları uca olsun”.
Teleqraf.com xəbər verir ki, bu sözləri II vətən müharibəsi qazisi Kamran Baxışzadə Beynəlxalq Əlillər Günü münasibətilə ADA Universiteti və Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə deyib.
Onun fikrincə, əlil olduqlarına görə insanlar həyatdan küsməməli, mübariz olmalıdırlar: “Digər qazi qardaşlara, əlilliyi olan insanlara bildirmək istəyirəm ki, həyatda nə məqsədiniz varsa, ona doğru can atın. Həyatdan küsməyin, əksinə həyat eşqi ilə yaşayın. Digər insanlar da bizə baxaraq həyatda mübariz olmalıdırlar. Məncə, həyat mübarizəsinin ən gözəl nümunəsi elə bizik. Biz çətin yollardan keçmişik, həyatdayıq, yaşayırıq”.
Kamran Baxışzadə qeyd edib ki, o gözlərinin nurunu doğum günündə itirib: “Mən oktyabrın 14-də dünyaya göz açmışam, Xüsusi Təyinatlıların tərkibində döyüşmüşəm, Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Kəşfiyyat əməliyyatı zamanı oktyabrın 14-də - öz doğum günümdə gözlərimizi itirmişəm. Təsadüfə baxın ki, dekabr ayının 3-nün Gözdən Əlillər günü kimi qeyd olunması haqda qətnamə BMT-də 1992-ci ilin məhz oktyabr ayının 14-də qəbul edilib”.
Qeyd edək ki, Xızı rayonunda yaşayan Kamran Baxışzadə müharibənin ilk günlərindən döyüşlərə yollanıb. Bir çox kənd və qəsəbələrin işğaldan azad olunması uğrunda silahdaşları ilə birgə mərdliklə döyüşüb. Oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşdə düşmənin atdığı mərminin yaxınlığında partlaması nəticəsində yaralanaraq, hər iki gözünü itirib.