6 Dekabr 2022 12:13
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com bildirir ki, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.

O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.

Komitə sədri Əli Hüseynli bildirib ki, layihənin ictimai müzakirəsi zamanı irəli sürülən təkliflər nəzərə alınıb.

Qeyd edilib ki, yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Deputat Fazil Mustafa deyib ki, qanun layihəsi yaxşı hazırlanıb və bütün siyasi qüvvələrin iştirakı ilə müzakirə olunub.

Deputat təklif edib ki, qanunun 4.6 maddəsi götürülsün. O, eyni zamanda bildirib ki, partiya üzvlərinin mobil telefon nömrələrinin müvafiq quruma təqdim edilməsi tələbi də qanundan çıxarılmalıdır:

“Partiya üzvü sabah başqa nömrə ala bilər. Əslində şəxsiyyət vəsiqəsinin nömrəsi yetərlidir”.

Deputat Qüdrət Həsənquliyev iki dəfə çıxış edərək fikrini söylədiyini vurğulayıb:

“Bəziləri nəzərə alınıb, bəziləri alınmayıb. Telefon nömrələri ilə bağlı Fazil Mustafa deyib. Biz partiyada qanunun 20-ci maddəsinə uyğun olaraq müəyyən işlərə başlamışıq. Amma identifikasiya ilə bağlı məsələ konfidensialdır. Bununla bağlı biz qanunda qəbul etmişik. Onsuz da şəxsiyyət vəsiqəsinin nömrəsini yazan kimi şəxsin indentifikasiya kodu çıxır.

Həm də 8-ci maddə ilə bağlı partiyaların 2-6 ay ərzində fəaliyyətini dayandırılması məsələsi var. Məncə, bu, konstitusiyaya ziddir və çıxarılmalıdır.

Eləcə də 14 və 15-ci maddədə partiyaların necə təşkili və idarə olunması düzgün deyil. Hesab edirəm ki, bu məsələyə də baxılmalıdır”.

Deputat Sabir Rüstəmxanlı bildirib ki, vacib qanunun müzakirəsi gedir, fərqli baxışların olması təbiidir:

“Təşəbbüs partiyalardan gəlib, Milli Məclisdə və kənarda geniş müzakirələr keçirilib. Amma bir məsələni qeyd etmək istəyirəm. 1992-1993-cü ildə qəbul edilən qanunların dəyişdirilməsinə qısqanc yanaşanlardan biri də mənəm. Çünki çətin dövrdə qanunlar qəbul edilib. Amma konstitusiya dəyişib, eləcə də yeni situasiya var. Əlbəttə, siyasi partiyanı siyasi dərnəyə çevirmək cəhdləri olur. Partiyanın adı var, özü yoxdur. Odur ki, 10 min üzvülük tələbini olduğu kimi saxlamaq mümkün idi. Xırda şeylər var, amma məhdudlaşdırma yoxdur. Eyni zamanda hansı icra orqanı müəyyənləşdirir? Bir cümlədə 8 orqan sözü var. Bunu dəqiqləşdirməyə ehtiyac var. Məncə, maliyyə məsələsində bir qədər ədalətsizlik var. 40 faiz bərabər bölünür, digərləri üzv sayını nəzərə almaqla 40 faizi 50 faiz etmək olar”.

Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, əgər siyasi partiya sədrlərindən çıxış edən və təklif irəli sürən yoxdursa, qanun layihəsini səsverməyə çıxaraq.

Spiker Sahibə Qafarova isə deyib ki, qanun layihəsi xüsusi əhəmiyyətə malikdir və çıxış etmək niyyətində olan deputatlara müvafiq şərait yaradılacaq.

Deputat Elşən Musayev isə bildirib ki, protest qüvvələrlə bağlı fikirlər səsləndirilib: “Onların təklifləri nəzərə alınıb. Düşünürəm ki, qeydiyyat məsələsi də olduqca vacibdir. Çünki bir də baxacağıq ki, Gültəkin Hacıbəyli yenidən YAP-ın tədbirində çıxış edir”.


Müəllif: Nemət

Oxşar xəbərlər