Teleqraf.com 4 milyonluq izləyicisi olan “Wilderness Cooking” yutub kanalının sahibi Təvəkkül Aslanovla müsahibəni təqdim edir:
- Əvvəlcə, barənizdə oxuculara məlumat verməyinizi istərdik...
- Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşam. Orta təhsilliyəm, ticarət, oyma sənəti, usta kimi bir çox sahə ilə məşğul olmuşam. Hazırda yutub kanalım üçün videolar hazırlayıram.
- Necə oldu ki, bişirdiyiniz yeməkləri yutubda təqdim etmək qərarına gəldiniz?
- Kanalı bacım oğlunun təklifi ilə açmışam. Onun yutubla bağlı müəyyən qədər məlumatı var idi və mənim də yemək bişirməkdə bacarıqlı olduğumu bilirdi. Qərara gəldik ki, işlərimizi birləşdirək və beləliklə “Wildness cooking” kanalını açdıq.
- Bəs emək bişirməyə marağınız necə yarandı?
- Fikrimcə, yemək yeməyi sevən və ağzının dadını bilən hər insan ləzzətli yemək bişirə bilər. Kanalı açmadan öncə şəxsi kafemi açmışdım və bu sahədə müəyyən qədər təcrübəm var idi.
- Yeməklərin resepti sizə məxsudur?
- Yemək reseptlərimi xarici mətbəxtləri araşdıraraq və fərqliliklər qataraq hazırlayıram. Öz şəxsi reseptlərim də var.
- Kanalınız kifayət qədər populyardır. Bu qədər izləyicini nə qədər müddətdə qazandınız?
- Kanalı 2020-ci ildə açmışıq və hazırda 4 milyondan çox abunəçimiz var.
- Videolarınız daha çox hansı ölkələrdə izlənilir?
- Kanalım ən çox xaricilər tərəfindən izlənir. Əsasən Braziliya, Amerika, İsrail, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr videolarıma maraq göstərir.
- Bir video neçə günə ərsəyə gəlir?
- İnsanlar kanala daxil olduqda 20-30 dəqiqəlik videolar görürlər. Lakin videolarımın çoxu 2-3 günə başa gəlir. Daha az müddətdə ərsəyə gələn videolarım da var.
- Xaricilərin kanalınıza, videolarınıza maraq göstərmələrinin səbəbi nədir?
- Düşünürəm ki, hər bir sahədə insan necədirsə özünü olduğu kimi göstərməlidir. Həm özüm, həm videolarım təbii olduğu üçün insanların diqqətini cəlb edir. Çünki artıq zəmanə dəyişib. İnsanlar göstərişdən yorulub və hazırda təbilik onlara daha xoş gəlir.
- Şuşaya gedib orada video çəkdiniz və Şuşanı bütün dünyaya təqdim etdiniz. Gedişiniz necə oldu və sizdə necə təəssürat yarandı?
- Şuşaya getmək ən böyük arzularımdan biri idi və bununla bağlı təklif aldıqda çox sevindim. Şuşanın möhtəşəm Cıdır düzündə yemək bişirdim və videonu kanalıma yerləşdirdim. Bir çox ölkəyə gözəl yurdumuzu tanıtdığım üçün şərəf hissi duydum.