Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin hazırlıq planına əsasən Bakı şəhəri ümumtəhsil məktəblərinin şagirdləri üçün “Cəsurluq məktəbi” adlı “açıq qapı” günü təşkil olunub.
Bu barədə Teleqraf.com-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasına kömək etmək olub.
İlk olaraq məktəblilərə “açıq qapı” günündə Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən xilasetmə texnikası və avadanlıqları təqdim olunub. Həmçinin, şagirdlərlə fövqəladə hallarla bağlı davranış qaydaları haqqında maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra FHN-in Bakı Regional Mərkəzinin akt zalında davam etdirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu barədə videoçarx nümayiş etdirilib. Görüşdə çıxış edən Mərkəzin rəisi general-mayor Məhərrəm Həsənov mühüm xilasetmə əməliyyatları barədə ətraflı məlumat verib, həmçinin məktəblilərin vətənpərvər ruhda yetişməli, Vətənə layiq və xalqına sadiq vətəndaş kimi formalaşmalı olduqlarının vacibliyini vurğulayıb.
Sonda məktəblilərin sualları cavablandırılıb.