17 Dekabr 2014 11:17
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sığortalı gənclik” layihəsi BDU-da

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) “Sığortalı gənclik” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində tələbələrə sığorta təlimi keçib. ASA-dan verilən məlumata görə, Assosiasiyanın və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTI) təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin 200-dən artıq tələbəsi iştirak edib.

Təlimdə ASA sədri Orxan Bayramov layihənin məqsədi və sığorta ilə baglı maariflənmənin əhəmiyyətini izah edib. Tələbələrə sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı geniş məlumat verilib. O.Bayramov sığortanın mahiyyəti və onun faydaları barədə danışıb.

ASA sədri qeyd edib ki, ölkənin sığorta potensialı həddən artıq yüksəkdir, bu sahə böyük perspektivə malikdir: “Təkcə sığorta sektoru ilə bağlı olanlar yox, həmçinin bütün əhali sığorta sahəsi ilə bağlı zəruri biliklərə malik olmalıdırlar. Bizim layihənin məqsədlərindən biri də gənclərə bu sahədə zəruri informasiyaları çatdırmaqdan ibarətdir”.

Görüşdə tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb. İştirakçılar sığorta sahəsinə aid maraqlı fikirlər səsləndiriblər. Ümumilikdə, iştirakçılar təlimi maraqla qarşılayıb və faydalı məlumatlar əldə etdiklərini bildiriblər.

Xatırladaq ki, “Sığortalı gənclik” layihəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatçılar Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir.

Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

NİGAR


Müəllif:

Oxşar xəbərlər