14 Yanvar 2023 22:24
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, yanvarın 13-də günün ikinci yarısında əsən güclü külək ölkənin bir sıra bölgələrində fəsadlar törədib, o cümlədən elektrik xətlərinə, binaların dam örtüyünə zərər vurub.

Teleqraf.com xəbər verir ki, güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurub. Bundan əlavə, muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətlər qırılıb.

Hadisə baş verdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri tərəfindən ev-muzeyə baxış keçirilib, binaya və elektrik təsərrüfatına dəymiş zərər qiymətləndirilib.

Yanvarın 14-də muzeyə elektrik enerjisinin verilişi bərpa edilib. Binanın dam örtüyünün bərpası ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, görkəmli şair, dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) Xızıdakı ev-muzeyi ədibin həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey olaraq dövlət qeydiyyatına alınıb.

1999-cu ildə muzeydə yenidənqurma işləri aparılıb, 2019-cu ildə isə muzeydə təmir-bərpa işləri görülüb. Muzeyin ekspozisiyasına C.Cabbarlının ailəsinin məişət əşyaları, ədibin kitabları, əsərlərinin tamaşalarından fotoşəkillər, arxiv sənədləri və s. – ümumilikdə 500-dən çox eksponat daxildir.

***

14:52

Güclü külək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin dam örtüyünü uçurub.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 13-ü günün ikinci yarısında baş verib.

Dam örtüyü ilə yanaşı muzeyə gələn elektrik xətləri də qırılıb.

Muzeyin direktoru Həcər Rəsulova bildirib ki, hadisə ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verilib. Muzeyə elektrik enerjisinin verilişi bərpa olunsa da dam örtüyünün bərpası işlərinə hələ başlanılmayıb. Yağıntılı hava olarsa muzey binasına və burada qorunan eksponatlara ciddi ziyan dəyə bilər.

Qeyd edək ki, Cəfər Cabbarlının ev-muzeyi 2019-cu ildə əsaslı təmir olunaraq yenidən qurulub. Bu muzey Cəfər Cabbarlının 2 yaşına kimi yaşadığı evin əsasında yaradılıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.

Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap olunan məqalələri təşkil edir. Muzeydə, ümumilikdə, 520 eksponat saxlanılır. Diqqətçəkən eksponatlar arasında Cəfər Cabbarlının körpə vaxtı yaşadığı evin kiçildilmiş maketi və anası Şahbikə xanımın gündəlik istifadə etdiyi məişət əşyaları da var. Muzeydə dahi dramaturqa məxsus mürəkkəblə yazan qələm də saxlanılır.


Müəllif: Teleqraf.com