Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir təşkil olunub.
Teleqraf.com xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.
Rəsmi hissədə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışlar ediblər.
Ə.Hüseynli "Heydər Əliyev ili"ndə Mingçevirin Gənclər Paytaxtı seçilməsinin əlamətdar hadisə olduğunu qeyd edərək bildirib ki, mingəçevirlilərin üzərinə böyük məsuliyyət düşür. O vurğulayıb ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız məhz gənclərimizin şücaəti sayəsində azad edildi.
Ə.Hüseynli qeyd edib ki, gənclərimiz təkcə döyüş çeydanında deyil, informasiya müharibəsində də qələbə qazandılar.
“Mübarizəmiz indi də davam edir. Bu gün Xankəndi-Laçın yolunda ekoloji terrora yox deyən, bir neçə gün öncə İrandakı səfirliyimizə terror hücumunun qarşısını alanlar da Azərbaycan gəncləridir" - deyə o qeyd edib.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov isə bildirib ki, gənclər siyasəti Azərbaycanda daim dövlət siyasətinin tərkib hissəsidir. “Müstəqil Azərbaycanın gənclər siyasətinin çox zəngin bir tarixcəsi vardır. Bu tarixcə 1993-cü ildən başlayır”, - deyə nazir bildirib.
O qeyd edib ki, MDB məkanında Gənclər Günü ilk dəfə Azərbaycanda təsis olunub. "İlk dəfədir ki, biz Gənclər Gününü Bakıdan kənarda qeyd edirik. Bunun üçün ölkəmizin bir sıra regionlarından gənclərimiz burada iştirak edir. İl ərzində Mingəçevirdə müxtəlif tərdbirlər keçirəcəyik. Azərbaycanın çox bacarıqlı, aktiv gəncləri var" - deyə o qeyd edib.
Gənclər Fondunun Prezidenti Fərid Cəfərov da çıxışında gənclər siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunan "İlin gənci" nominasiyasına layiq görülən gənclər təltif olunublar.
Sonda Gənclər Paytaxtının simvolik açarı Mingəçevir şəhərinə təqdim edilib.