11 Fevral 2023 15:38
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda humanitar yardım deyəndə Birinci vitse-prezident Mehriban Əliyevanın adının ilk növbədə çəkilməsində bir qanunauyğunluq var. Bu məsələlərdə həmişə ən həssas mövqeyi o sərgiləyib”.

Birinci xanım Mehriban Əliyevanın Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım təşəbbüsünü Teleqraf.com-a şərh edən Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa belə deyib.

Deputat belə təşəbbüs və dəstəyin Türkiyə ilə məhdudlaşmadığını da xatırladıb:

“Pakistan hökuməti daşqınla əlaqədar ölkədə fövqəladə vəziyyət elan etdi və təcili humanitar yardım üçün beynəlxalq təşkilatlara müraciət ünvanladı. Həmin vaxt Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə yardım proqramları icra edildi. Bölgədə məktəb tikintisi və digər önəmli məsələlərə diqqət ayrıldı.

Türkiyə Azərbaycan üçün ən həssas yerdir, qardaş məmləkətimizdir. Mehriban xanımın məsələnin humanitar tərəfini dərhal öz üzərinə götürməsinin mühüm səbəbi yəqin ki, budur. Fikrimcə, anlamlı yanaşmadır. Söhbət tək köməkdən yox, həm də gerçək bir yanğıdan, Türkiyəyə olan real münasibətdən, öz dövlətimizə bəslənən sevgidən gedir. Hesab edirəm ki, bu məsələdə komleks amillər rol oynadı. Biri var, hansısa məsələdə protokol xatirinə nələrsə edilsin, bir də var, candan, ürəkdən bütün imkanlar səfərbər olunsun”.

Fazil Mustafa onu da vurğulayıb ki, Azərbaycan xalqı Türkiyənin bu faciəsində milli birlik və həmrəylik nümayiş etdirir: “Azərbaycan xalqı Mehriban xanımın çağırışına böyük bir coşqu ilə cavab verdi. Bu çağırış Azərbaycan cəmiyyətinin təqdirilə qarşılandı. Hər kəs əlindən gələni etməyə çalışdı və təşkilatçılıq işi kifayət qədər yüksək səviyyədə aparıldı. Bu, tarixdə qala biləcək önəmli addımlardan biridir.

Hesab edirəm ki, belə bir məqamda məsələyə həssas yanaşmaq Azərbaycanın bir dövlət olaraq humanist dəyərləri özündə ehtiva etdiyini ortaya qoydu. Bir sözlə, bu, dövlətimiz adına qürurverici addımdır. Eyni zamanda Azərbaycan gəncliyinin rolunu xüsusi vurğulamaq yerinə düşər. Yardım kampaniyası çərçivəsində əşyalar toplanan məkanlarda gənclərimiz gecə-gündüz çalışdı, çeşidləmə prosesində iştirak edərək yardımların yük avtomobillərinə yüklənməsi üçün fəallıq göstərdilər. Eləcə də gənclərimiz könüllü şəkildə Türkiyəyə gedib zəlzələdə zərərçəkən insanlara yardım edirlər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycan dövləti Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrini aradan qaldırılmaq üçün bütün mümkün vasitələrlə dəstək olmağa çalışır: “Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə dərhal Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardımları göndərildi. Ümumiyyətlə, ölkəmiz zəlzələ bölgəsinə ilk və ən çox xilasedici, eləcə də yardım göndərən dövlətdir”.

Deputat hazırda həm fəlakət bölgəsində, həm də ölkə daxilində yardım göstərən Azərbaycan vətəndaşlarının xidmətlərinə də diqqət çəkib: “Bu gün təbii fəlakət bölgəsində fəaliyyət göstərən azərbaycanlı xilasedicilər, tibb işçiləri, diplomatlar, eləcə də mətbuat nümayəndələri var. Onların əməyinə Mehriban Əliyevanın xüsusi qiymət verməsi həmin vətəndaşlarımız üçün bir stimuldur. Mehriban xanım həmçinin, yardım kampaniyasında iştirak edən hər bir vətəndaşın əməyinə xüsusi diqqət yetirir. Ümumilikdə bu, vətəndaşlarımızın fəaliyyətinin Birinci xanım tərəfindən yaxından izlənməsindən xəbər verir. İki ölkə arasında qardaşlıq sözdə deyil, əməldə də özünü göstərir. Xalqımızın səfərbər olduğu vaxtda gənclərimiz yardım aksiyasına qoşularaq zəlzələnin fəsadlarının aradan qaldırılması üçün əl-ələ verib çalışması qürurvericidir. 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gənclərimiz necə ordu sıralarında vuruşurdusa, bu gün çətin şəraitdə zəlzələ bölgəsində çalışmaları da gənc nəsil arasında vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan təbliğatın göstəricidir”.

Vüqar Bayramov onu da bildirib ki, Azərbaycanın Birinci xanımı zəlzələnin ilk saatlarından hadisə ilə bağlı paylaşım edib: “Mehriban Əliyevanın son paylaşımları və müraciətləri bir daha təsdiq edir ki, Azərbaycan türk xalqının yanındadır, onların acısını daha yaxından duyur və hər vasitə ilə Türkiyəyə dəstək olmağa çalışır.
Mehriban xanımın fəaliyyəti bütövlükdə türk dövlətinin, o cümlədən türk xalqlarının dostluqlarının möhkəmlənməsinə, əməkdaşlığın daha da güclənməsinə, eyni zamanda dar gündə bir yerdə olmasına imkan yaradır. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətləridir. Bu baxımdan Mehriban Əliyeva uzun müddətdir ki, ölkə daxilində və xaricində sosial təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət yetirir”.

İqtisadçının müşahidələrinə əsasən, Azərbaycan dövlətinin türkçülük siyasəti xalq tərəfindən dəstəklənir: “Xalqımızın dəstəyi Azərbaycan-Türkiyə arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığını, möhkəmliyinin və əbədiliyinin əyani sübutudur. Azərbaycan vətəndaşlarının qardaş türk xalqına humanitar yardımlar toplaması Mehriban xanım üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Mehriban xanımın vacib bir missiyası da xarici ölkələrlə dostluq münasibətlərinin qurulmasıdır. Bu baxımdan Mehriban Əliyevanın ölkəmizdə sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsinə verdiyi töhfələr misilsizdir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızı