Bu gün Gəncədə “Ramada Plaza” otelində “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans öz işinə başlayıb.
Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri Asəf Hacıyev, Musa Quliyev, Qərb bölgəsinin icra strukturlarının rəhbərləri və nümayəndələri, dini icma sədrləri, din xadimləri, alimlər, ziyalılar iştirak ediblər.
Öncə tədbir iştirakçıları Gəncə şəhərinin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə böyük ehtiram və rəğbətin ifadəsi olaraq gül-çiçək dəstələri qoyublar.
Regional konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq, aktual və çox ciddi bir mövzuya həsr olunmuş regional konfrasın mühüm əhəmiyyətindən danışıb. Qeyd edib ki, müasir dövrün mürəkkəb, gərgin və qarışıq zamanında dünyanın sabitliyə, sülhə və barışa böyük ehtiyacı var.
Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin istər daxili, istərsə də xarici siyasəti dünya sülhünə, əmin-amanlığa, barışa yönəlib. Bu gün dünya ölkələrində maliyyə böhranı yaşandığı halda, Azərbaycan gündən-günə inkişaf edir və bölgənin ən inkişaf etmiş ölkəsinə çevrilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün əlindən gələni edir.
Bunun da nəticəsi göz qabağındadır. Ölkəmizin uğurlu inkişafı ölkə başçısının yürütdüyü müdrik siyasətlə sıx bağlıdır. Azərbaycan xalqı tolerant bir xalqdır, Azərbaycanda çoxsaylı xalqlar yaşayır. Dövlət başçısının bu istiqamətdə apardığı siyasət beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Sabit və əmin-amanlıq şəraitində ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də möhtəşəm abadlıq-quruculuq, yenidənqurma işlərinin geniş vüsət almasını vurğulayan İcra başçısı ulu öndər Heydər Əliyevin ənənələrinə uyğun olaraq, milli-mənəvi, islami dəyərlərimizin qorunması istiqamətində dəyərli tədbirlərin həyata keçirildiyini bildirdi. Ölkə başçısının “İmamzadə” dini memarlıq kompleksinin tikintisinə ciddi diqqət göstərdiyini, müvafiq sərəncamları ilə maddi vəsait ayırdığını onun dini dəyərlərimizə hərtərəfli qayğısının nümunəsi olduğunu diqqətə çatdırdı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı çıxışında Asiya və Avropa dövlətlərinin əksəriyyətini qabaqlayan, əhalisinin 95 fazizini müsəlmanlar təşkil edən Azərbaycanın dini tolerantlıq nümunəsi olduğunu, bəşəri prinsiplərə hörmətlə yanaşdığını, müxtəlif xalqların və din nümayəndələrinin bir yerdə sülh şəraitində yaşadığını önə çəkib.
Ölkədəki mövcud dini durum, dini tolerantlığın tarixi ənənələri, qeyri-ənənəvi cərəyanlarla mübarizə sahəsində din xadimlərinin, ictimaiyyətin qarşısında duran vacib məsələlərdən söhbət açdı. Azərbaycanda dövlət-din siyasəti, dini tolerantlıq mühiti və onun qorunması, qeyri-ənənəvi dini cərəyanlarla mübarizə məqsədi ilə Dövlət Komitəsinin gördüyü işlər və görəcəyi işlər barədə danışıb.
Millət vəkilləri A.Hacıyev, M.Quliyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları çıxış edərək, bu səpkidə konfrans və forumların mütəmadi olaraq keçirilməsinin, milli-mənəvi, dini dəyərlərin qorunması və tarixi mahiyyətinin öyrənilməsi üçün maarifləndirici tədbirlərin görülməsinin, bu mövzuların geniş müzakirəsinin vacib amillərdən olduğunu vurğulayıblar.