Bu gün Bakının xilaskarı, Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın anım günüdür.
***
30 oktyabr 1918-ci ildə Birinci Dünya müharibəsində yenilən Osmanlı imperatorluğu ingilislərlə Mudros müqaviləsini imzalayır. Nəticədə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusu bölgədən çəkilməli olur.
Hələ müqavilədən dörd gün öncə Hərbiyyə nazirliyinin verdiyi əmrdə Şimali və Cənubi Qafqaz ordularının buraxıldığı, Azərbaycan, Şimali Qafqaz və digər müsəlman bölgələrində olan əsgər və zabitlərin arzu etdikləri halda açıq və gizli şəkildə Osmanlı ilə heç bir münasibət qurmadan o ölkələrdə xidmət edə biləcəkləri bildirilir. Osmanlı zabitləri üçün təklif olunan digər qaydalar belə idi:
Əgər zabitlər üç il ərzində qayıtsalar, rütbələri saxlanılmaqla təkrar Osmanlı ordusuna qəbul ediləcəklər. Üç ildən sonra daxil olmaq istəyənlərin üç ildən sonrakı rütbələrini itirmiş olacaqlar.
Xidmət etmək üçün qalacaqları ölkə ilə istədikləri şəkildə müqavilə bağlaya bilərlər.
Zabit və əsgərlər həmin ölkələrdə xidmət etdikləri müddətcə Osmanlı hərbi forması geyinə bilməzlər.
Qalmaq istəməyən zabitlər, əsgərlər Doqquzuncu orduya qayıtmalıdırlar, gətirə bilmədikləri cəbbəxana və silahları quruculuğa dəstək məqsədilə həmin ölkələrdə buraxıla bilər.
Ölkələrdə qalmaq istəyənlər həmin ölkənin ən ali rütbəli şəxsinə bəyannamə ilə müraciət etməli, onlar da Hərbiyyə nazirliyinə məlumat verməlidirlər.
4 noyabr 1918-ci ilə aid bir hərbi sənəddə “Qafqaz İslam Ordusu” ünvanının “Azərbaycan Ordusu” ilə dəyişdirildiyi qeyd olunub. Nuri paşa imzaladığı əmrdə artıq yeni rəsmi möhürlərdən istifadə ediləcəyini bildirib. Həmin gün hökumətinə göndərdiyi məlumatda Nuri paşanın özü də “Azərbaycan Ordusu Komandanı Ferik Nuri” ünvanından istifadə edib. Bu məlumatda Nuri paşa Azərbaycan hökuməti ilə bu ölkədə qalacaq əsgər və zabitlər arasında imzalanmış müqavilənin bəndləri haqqında məlumat verib.
Həmin bəndlərin bəziləri bunlardır:
Azərbaycanda xidmət edəcək zabit və məmurlar bu hökumətin təbəələri olacaqlar. Cəza, mükafat və sair xüsuslarda Azərbaycan qanunlarına tabe olacaqlar.
Zabitlər mövcud rütbələri ilə qalacaqlar.
Hər zabit bir ildən öncə müqaviləyə xüsusi səbəb (xəstəlik və s.) olmadan xitam verə bilməz.
Hökumət müqaviləni ləğv edərsə, altı maaş nisbətində təzminat ödəməlidir. Cəzalanaraq çıxarılanlara təzminat verilməyəcək.
Azərbaycan hökuməti öz qanunvericiliyini hazırlayana qədər Osmanlı qanunları işlənəcəkdir.
Nuri paşa göndərdiyi bu məlumatın 14-cü bəndində yazıb: “Mən və Qafqaz İslam Ordusu heyəti ilə Beşinci firqə komandan heyəti Azərbaycan ordusuna daxil olmuşdur”.
Beləliklə, Nuri paşa artıq Azərbaycan ordusunun komandanı idi. Həmin gün Azərbaycan hökuməti ilə imzaladığı müqavilə nəticəsində Bakıya ilk daxil olan komandan Mürsəl paşa da Azərbaycan ordusu zabiti oldu.
Bundan sonra Nuri paşanı daha çətin günlər gözləyirdi. Hökumətinə ingilislərin Bakıya girmək istədikləri ilə bağlı müraciətinə belə cavab almışdı: “Bakının ingilislər tərəfindən işğalı atəşkəs şərtləri səbəbindəndir. İşğal üçün müraciətdə müxalifət edilməməsi lazımdır”.
Şuşaya ilk daxil olan komandan Cəmil Cahid paşanın 12 noyabr 1918-ci ildə Ağdamdan Azərbaycan Ordusu Komandanlığına göndərdiyi məlumatda “Birinci Azərbaycan Firqəsi Komandanı Cəmil Cahid” ünvanını istifadə etdiyini görürük.
İngilislərin təzyiqi ilə bu komandanlar qısa müddətdə Azərbaycandan getməli oldular. Noyabrın 10-da Bakıda Nuri paşanın şərəfinə böyük ziyafət verildi. Nuri paşanın siyasi müşaviri Əhməd bəy Ağaoğlu çıxışında dedi: “Bən Bakıyı İstanbulda və İstanbulu Bakıda görüb də özümü o qədər bəxtiyar görürəm ki, dəha ölsəm də qəmim yoxdur, dünyadan kam almış gidirəm”.
Yola düşən Nuri paşa 19 noyabrda Putadan Əbdülkərim paşaya göndərdiyi raportda aşağıdakı məlumatları bildirib:
Qalib dövlətlərlə bağlanmış müqaviləyə görə noyabrın 17-də Osmanlı ordusu Azərbaycanı tərk edib, ingilislər şəhəri işğal edib;
Bakı valiliyi və polis müdiriyyəti ingilislərdə qalmaq şərti ilə Azərbaycan hökuməti indiyə qədər məşğul olduğu digər işlər üçün Bakıda qalıb;
Bakıda yalnız ingilis komandanının iqamətgahında ingilis bayrağı çəkilib. Cümhuriyyət hökuməti bayrağı da hökumət binasında mövcuddur. Hökuməti-i Cümhuriyyə bayrağı sancaq dirəyinə sütun olmaq üzərə üstündə mavi, ortada qırmızı, altında yaşıl olmaqla üç rəngdən və ortadakı qırmızı qismində bəyaz olaraq bir ay-ulduzdan ibarət bulunmaqdadır. (Göndərdiyi raportun sənədində Nuri paşa bayrağın qırmızısını çəkib, digər yerlərə isə Osmanlı əlifbası ilə “mavi” və “yaşıl” yazıb).
Bakı şəhərinin xaricindəki Azərbaycan məntəqələrinin hər tərəfində Azərbaycan Ordusunun olmasına ingilis komandanı müxalifət etməyib.
Azərbaycan hökuməti rəsmi şəkildə tanınmasa da, ingilis komandanlığı bəyanatlarında “Azərbaycan Cümhuriyyəti rəyasəti” ifadəsini istifadə edib, xüsusi olaraq tanıyıb. Azərbaycanın müqəddəratının Paris Sülh Konfransında həll ediləcəyini bildirib.
İkinci Firqə komandanı Kazım paşanın 23 noyabr 1918-ci ildə komandanlığına göndərdiyi raportda maraqlı məlumat verib: “Bu gecə saat 6-da Həbib bəy (Səlimov) ilə general Mehmandarov gəldi. Baş nazir Tomson ilə görüşmüş. Türk zabit və nəfərlərinin Azərbaycan ordusunda rəsmən qalmaları imkanını əldə edə bilmədiyini söylədi”.
Göründüyü kimi Baş nazir Fətəli xan Qafqaz İslam Ordusu zabitlərinin Azərbaycanda xidmətlərinə davam etmələrinə çalışsa da, həyata keçməyib. Bu raportda Mehmandarovun Hərbiyyə naziri olduğu da qeyd olunub. Çünki Nuri paşa olduğu müddətdə Azərbaycanda bu vəzifəni faktiki o icra edib.
Qəribədir ki, Nuri paşa 23 noyabrda Gəncədən Şimali Qafqazın rəhbəri Əbdülməcid Çermoyevə göndərdiyi gizli məlumatda yazıb: “Mənimlə birlikdə bir qism Osmanlı zabiti və nəfəri Azərbaycan ordusunda qalaraq hər cür əhvala qarşı sonuna qədər Azərbaycanın mövcudiyyəti uğrunda çalışacaqdır”.
Lakin Gəncə stansiyasından komissar vəkili Səlahəddin imzası ilə göndərilən 10 dekabr tarixli sənəddən aydın olur ki, Nuri paşa 21 zabitlə və 215 nəfərlə birgə qatarla Qarsa gedib. Onun Azərbaycanda qalması mümkün olmayıb.
Nuri paşanın 16 dekabrda Gəncədən “Azərbaycanda Qüvveyi-Osmaniyyə komandanı” imzası ilə Azərbaycan Parlamentinin Ali Rəyasətinə göndərdiyi sənəddə isə yazılıb: “Uzun zamanlar bir-birindən ayrı yaşamaq məcburiyyətində qalan Osmanlı və Azərbaycan qardaşları yeddi aylıq bir görüşdən sonra təkrar maddətən ayrılmaq məcburiyyətindədir. Son Osmanlı bölükləri 17 dekabr 1918-ci ilin axşamı Azərbaycanı – qardaş evini tərk edir. Zahirən az, həqiqətdə isə heç bir Osmanlı türkünün qəlbində unudulmayacaq qədər uzun olan Azərbaycanda iqamət etdikləri müddətcə qardaşlarımızdan gördüyümüz təvəccüh və məhəbbətə görə ən səmimi qəlbdən bütün komandan, zabitlər və nəfərlər namına təşəkkürümü ərz edirəm. Ayrılıqdan hasil olan izahı mümkünsüz təəssüratımın azərbaycanlı qardaşlarımızın azad və müstəqil yaşadıqca təsəlli tapacağını və cismən dəxi ayrılmayacağını anlayaraq qardaş qoynunda yatan şəhidimizin ruhlarının şad olacağını ərz və bu vəsilə ilə bütün qardaşlarıma səmimi ehtiramlarımın çatdırılmasına vasitəçi olmağınızı istirham ilə ərzi-vəda edirəm, əfəndim”.
Beləliklə, qısa müddət “Azərbaycan komandanı” ünvanı daşıyan Nuri paşanın tarixi xidməti burada bitir. Azərbaycan isə ingilislərin həbs etdiyi bu insanı Batumda zindandan xilas etməklə qardaşlıq borclarının bir qismini ödəmiş olur.