16 Mart 2023 16:30
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün “açıq qapı günü” keçirilib.

Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi və Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, nazirliyin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fəzail Hüseynov, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, o cümlədən hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında, əvvəlcə Azərbaycanın dövlət bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Açıq qapı günü”ndə uşaqlara nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri və Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

Tədbirdə FHN-in psixoloqları uşaqlarla fərdi söhbətlər aparıb, maraqlı psixoloji oyunlar keçiriblər.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər