19 Aprel 2023 17:27
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

1917-ci ilin əvvəlində baş tutan Fevral-burjua inqilabı təkcə Petroqrad və Moskvada deyil, ərazisi 21 797 725 км² olan Rusiya imperiyasının hər yerində, eləcə də Cənubi Qafqazda şok effekti yaratdı. İnqilabın ilk günlərindən illərdir gizli fəaliyyət göstərən bir çox partiya, siyasi təşkilat sərbəst fəaliyyətə başladı.

İnqilabın nəticələrindən biri kimi müəssislər məclisinin çağırılması, Rusiyanın federativ əsaslarda təsis edilməsinə ümidlər böyük olsa da, uzun müddətdir ki, orduda və sənaye müəssisələrində təbliğat aparan bolşeviklər oktyabrın 25-i hakimiyyəti müvəqqəti hökumətdən silah gücüylə aldılar. Etiraf etməliyik ki, bolşeviklərin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ajiotaj yaratmadı. Əksinə, onların muxtariyyat, sülh bağlayıb dünya müharibəsindən çıxmaq, müəssislər məclisini tezliklə çağırıb Rusiyanın gələcəyini müəyyən etmək vədi inandırıcı göründü. Noyabr ayının 25-27-i keçirilən seçkilərdə bolşeviklər 766 yerdən 180 yer qazanaraq azlıqda qaldılar. Elə buna görə də yanvarın 6-sı müəssislər məclisini silah gücünə dağıtdılar.

Müəssislər məclisinə Cənubi Qafqazdan seçilmiş nümayəndələr Tiflisə, keçmiş Qafqaz canişininin sarayında toplaşaraq Cənubi Qafqaz seymini ərsəyə gətirdilər. Nümayəndələrin sayı 3 dəfə artırılandan sonra 23 Fevral 1918-ci ildə Seym (parlament, qanunverici orqan) fəaliyyətə başladı.

Məqaləmizə qısa giriş verdikdən sonra bəzi tarixi ədəbiyyatlarda, mətbuatda Azərbaycan Cümhuriyyəti “yoxdan var edilən dövlət” kimi ifadə olunur. Bəs bu nə deməkdir? Həqiqətənmi cümhuriyyət yoxdan var edildi? Bunlara aydınlıq gətirməyə çalışacağıq.

İstiqlaliyyət Bəyannaməsinin elan edilməsindən 15 gün öncə, 13 mayda, Seymin müsəlman fraksiyasının (azərbaycanlılar) iclasında Azərbaycandan ezamiyyətdən qayıtmış nümayəndələrin hesabatları dinlənilir. Onlar ölkəyə Osmanlı hərbi yardımın tezləşdirilməsinin vacibliyini vurğulayırlar. Bununla bağlı Batuma və Konstantinopola əlavə üç nəfərlik, Məhəmmədyusif Cəfərov, Nəsib bəy Yusifbəylidən ibarət nümayəndə heyətinin yollanması, onların yol, qalmaq və digər zəruri xərcləri üçün nümayəndələrə Batumda gündəlik 25, Konstantinopolda isə 100 rubl verilməsi qərar alınır. Ümumi məbləğ 10.000 rubl edir, amma pul yox idi. Belə bir çətin vəziyyətdə Camo bəy Hacınski fraksiyaya 10.000 rubl borc verməyi öz öhdəsinə götürür və şərtləşir ki, bu borc əvvəl verdiyi 5.000 rubl borcla birlikdə sonra geri qaytarılsın. Bu azərbaycanlıların maddi çətinliklə ilk imtahanlarından idi, amma son deyildi.

Batum Sülh Konfransında seymin müsəlman fraksiyasının nümayəndələri Məhəmmədəmin Rəsulzadə və Məhəmmədhəsən Hacinski Osmanlı nümayəndə heyətilə keçirdiyi görüşlərin təfsilatını Qafqaz cəbhəsi komandanı Mehmet Vehib paşa Hərbiyyə Naziri Ənvər paşaya teleqramlarla məruzə edirdi. Mart soyqırımından sonra nəyin bahasına olursa, olsun Osmanlı hərbi qüvvələrini Azərbaycana yardıma gəlməsini təmin etmək üçün Batuma ezam olunmuş nümayəndələrin israrı teleqramlarda əks olunub. Vehib paşa teleqramlarının birində “azərbaycanlılar yardım istəyəndə az qala yalvarırlar” deyə qeyd olunub.

Milli Şura Gəncəyə gəldiyi günün ertəsi, 17 iyun tarixində Milli Şuranın, ümumiyyətlə Azərbaycanın müstəqilliyi məsələsində taleyüklü bir hadisə yaşanır. Nuru Paşa müavini Əhməd bəy Ağaoğlu vasitəsiylə azərbaycanlı nümayəndələrinə Milli Şuranın buraxılmasını, bütün səlahiyyətlərin öz əlinə almasını çatdırır. Günorta saat 14:00-da müzakirəyə qoyulan bu məsələdə Məhəmmədyusif Cəfərovun emosianal çıxışı diqqət çəkir. O, titrəyən səslə (protokolda eynən belə qeyd olunub) ”Bəli, belə çıxır ki, bizi Tiflisdən bura köhnə bürokratik hiylə ilə dəvət ediblər. Bizim azadlığımızı əlimizdən alırlar. Aldığımız azadlıqdan asanlıqla imtina edirik...”.

Bütün bu çətinliklər Azərbaycanın istiqlaliyyəti üçün bir baryer rolunu oynayırdı.

Cümhuriyyətin Yollar naziri olmuş Xudadat bəy Məlikaslanovun Parlamentin 1919-cu il 6 noyabr tarixli iclasındakı çıxışı çox maraqlıdır. Xudadat bəy keçmiş Baş nazir Fətəli xan Xoylunun evi üçün mebel alınması üçün 1 milyon pul buraxmasını tənqid edən sosialistlərə cavabında “Möhtərəm məbuslar! Keçən iclasda sosialistlər hökumətə bir sual vermişlər ki, nədən ötəri hökumət sədrinin ev əşyası alınmasına 1 milyon pul buraxmışdır? Hökumət tərəfindən cavab vermək istəyirəm. Söz buradadır ki, siz bilirsiniz, hökumət üzvləri və nümayəndələrinin o qədər iqtidarları yoxdur ki, öz evləri üçün lazım obstanovkaları alsınlar ki, xaricdən gələn qonaqları da qəbul etsinlər. Qeyri yerlərdən gələn çox olur. Məsələn, İngiltərədən, İtaliyadan və Fransadan, Amerikadan çox nümayəndələr gəlir. Onları qəbul üçün küçəbəküçə gəzib yer axtarırıq. Ya gəlməmişdən fikir edirik ki, nə yerdə və kimin evində onları qəbul edəcəyik. Hökumət qərar qoymuşdur o cür nümayəndələri qəbul üçün bir ev tədarükündə olsunlar. Onun üçün də hər bir şey alınsın. Əlbəttə, nümayəndə gəldikdə sədr və xariciyyə nazirinə müraciət edəcəkdir. Sizin özünüzə məlumdur ki, sədrimizin evi burada deyil və o şeylər da alınacaqdır, sədrin olmayıb, hökumətin olacaqdır. Hərgah sədr hökumət başından çıxandan sonra yenə hökumətdə qalacaqdır. Bu qərar da Parlament olmadığı zaman köhnə hökumət tərəfindən qəbul olunmuşdur. Hökumət para verib şeylər alınsın. Keçən sədr bir neçə şey almışdı. İş başından düşdükdə bizə dedi ki, istəyirsiniz bunların pulunu verim, yaxud məndə əmanət qalsın. O şeylər az olduğu üçün orada buraxdıq. Sədrimiz Nəsib bəy başqa hökumət nümayəndələrini qəbul etmək üçün, əşya alınmaq üçün heyəti vükəlaya müraciət eylədi. Axır zamanlarda ki, tərəddüd artdı. Hökumət bu şeylərin alınmasının lazım olduğunu dərk edib 70 milyonluq fonddan 1 milyon para buraxılması və hökumət sədri üçün əşya alınması qərarına gəldi. Ucuz olmaq üçün və bir nəfər buranı tərk edib şeylərini satmalı olduğu üçün bu iş də əmələ gətirildi. Bu şeylər alındı və 1 milyonun 70 milyonluq fonddan verilməsinin səbəbi budur. Burada qanundan kənar iş görülməyib. Bu işlər hökumət sədrinə və xariciyyə nazirinə şəxsi deyil, hökumət malı hesabı ilə verilmişdir. Siz özünüz bilirsiniz ki, bu son zamanlarda, neçə ki, ərz eylədim, gəlib-gedən çoxdur. Biz quru yerdə oturub çörək yeyə bilərik. Amma, qonaqlarla belə müamilə etmək olmaz. Hərçəndi bu sosialist nöqteyi-nəzərindən düz gəlməz. Amma biz burjuaznı yerdəyik, onların adəti ilə rəftar etmək lazımdır. Məsələn, mən Tiflisdə bir əcnəbi nümayəndəsinin yanına getmək üçün sürtük tapmağa məcbur oldum. Nə isə bu halları nəzərə alaraq, bu şeylərin alınması lazım görüldü ki, nümayəndələr gəldikdə avaraçılıq olmasın”.

1918-1920-ci ildə mövcud olmuş Azərbaycan Cümhuriyyəti yolpulunu borc alan, səfərə gedəndə dostundan pencək alan, istiqlaliyyət məsələsinə kölgə düşəndə gözyaşlarını saxlaya bilməyən, evində yetərli mebeli olmayan insanların birgə əməyi nəticəsinin idi.

Cümhuriyyət həqiqətən də yoxdan var edilmişdi.


Müəllif: Müşfiq Əkbər

Oxşar xəbərlər