Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Ümumilikdə 32 dövlətin baş prokurorunun və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi konfransı açıq elan edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzu edib.
Bekir Şahin Assosiasiyanın 1-ci Pan-Avropa Konfransına hazırlıq çərçivəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Azərbaycanın Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev tədbir iştirakçılarını salamlayaraq, qeyd olunan konfransın qardaş ölkədə və Türkiyənin yaranmasının 100 illik yubileyi ilində keçirilməsindən məmnunluq hiss etdiyini, tarixən xalqlarımız arasında qardaşlıq əlaqələrinin olmasını və bu əlaqələrin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” və Prezident İlham Əliyevin "bir yumruq" kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın sarsılmaz səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Həmçinin ənənəvi olaraq Azərbaycan Baş Prokurorluğu ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında əməkdaşlığın uğurla davam etdirilməsini qeyd edən Baş prokuror, tədbirin dünya prokurorlarının peşəkar əlaqələrinin inkişaf etməsinə və cinayətkarlığın müasir təzahürləri ilə mübarizədə beynəlxalq təcrübənin formalaşmasına xidmət etdiyini bildirib.
Konfransın “Rəqəmsallaşma dövründə iqtisadi cinayətlərlə mübarizə” mövzusuna həsr edilmiş plenar sessiyasına sədrlik edən Kamran Əliyev çıxışında tədbirin keçirilməsinin müasir dövrün tələbləri baxımından zəruriliyini qeyd edib.
Plenar sessiyada Birləşmiş Krallıq, ABŞ, Almaniya və Avstriyadan olan nüfuzlu hüquqşünaslar təqdimatlar edərək cinayətkarların kriptovalyutalardan və digər müasir alətlərdən istifadəsi, həmçinin törədilmiş cinayətlərin qarşısının alınması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Həmçinin tədbirdə Baş prokurorun böyük köməkçisi İlqar Səfərov rəqəmsal sübutların toplanması zamanı baş verən qanunsuzluqlar və onların qarşısının alınması yolları barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Nümayəndə heyətinin səfəri davam edir.
***
11:17
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.
Teleqraf.com xəbər verir ki, dünyanın müxtəlif dövlətlərinin baş prokurorlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbirdə rəqəmsallaşma dövründə səmərəli istintaqın aparılması və digər mövzular ətrafında müzakirələr aparılacaq.