3 May 2023 18:03
2 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü Ceyhun Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ceyhun müəllim, Əli Şərbətovun Məşədi Dadaş məscidinə imam təyin edilməsinin doğru qərar olmadığını açıqlamısınız. Niyə doğru hesab etmirsiniz?

- Mən doğru olmadığını deməmişəm. Əli Şərbətov kifayət qədər savadlı, bilikli, peşəkar insandır və dərin bilgiləri var. Mən sadəcə onun Məşədi Dadaş məscidinə təyin olunmasını düzgün hesab etmirəm. Həmin məscidə sosial mediada fəal, insanlarla sıx kommunikasiyada olan, dini cameə tərəfindən daha çox populyar bir şəxsin təyin olunmasına tərəfdaram. Çünki insanların Məşədi Dadaş məscidindən getməsini, uzaqlaşmasını doğru hesab etmirəm.

Bu səbəbdən düşünürəm ki, ora daha fərqli insan məsələn, Hacı Şahinin buraxdığı boşluğu doldura biləcək insan təyin olunmalı idi.

- Belə bir namizədiniz varmı?

- Mənə elə gəlir, onu araşdırmaq lazımdır. Məsələn, İlahiyyat İnstitutunun məzunlarından ola bilər. Hazırda Azərbaycanda daha çox tanınan, bilinən bir şəxsin təyinatını daha məqsədəuyğun hesab edirəm.

Hacı Şahin Həsənli kifayət qədər populyar adam idi. Ətrafına xeyli insanı yığa bilmişdi. Biz ora elə birini təyin etməliyik ki, həmin icma üzvləri və tərəfdarlar ordan uzaqlaşmasınlar. Yəni biz bunun üzərində daha çox işləməliyik.

- Sizcə, bu namizədə niyə etiraz var? Məşədi Dadaş məscidinə təyin olunan imam hansı aktivlikdə, hansı keyfiyyətdə olmalıdır?

- Şəxsən mənim etirazım yoxdur. Heç kimlə də qərəzli deyiləm. Mövqeyim aydın və açıqdır. Siz bu günə kimi Əli Şərbətovun adını eşitmisiniz? Elə bir adamın Hacı Şahinin yerinə gəlməsi nə dərəcədə düzgündür? Nə dərəcədə effektivdir? Hacı Şahinin ətrafında olan insanların məsciddən getməsi normal haldır? Bu insanlar harda toplaşacaq?

Həmişə hər bir məsələyə obyektiv münasibət bildirmişəm. Öz rəyimi açıq bildirirəm ki, bu, məsələdən çıxış yolu deyil. Yəni insanları məsciddən çıxarandan sonra onlara nəzarət edə bilməyəcəksiniz. Bu, strateji baxımdan kökündən səhv yanaşmadır.

Heç Əli Şərbətovu sosial şəbəkələrdə görmüsünüz? Amma Hacı Şahin dünyasını dəyişsə belə, onun hər gün sosial şəbəkələrdə xatırlandığını müşahidə edə bilərsiniz. Əli Şərbətov o boşluğu doldura biləcəkmi?

Dində insanların diqqətini mütləq şəkildə cəlb etməyi bacarmalısınız. Hacı Şahin müəyyən mənada tənqid olunsa da o ətrafına insanları toplamışdı və həmin insanlara nəzarət etmək gücündə idi.

Amma o insanlar məsciddən çıxandan sonra başqa yerdə fəaliyyətlərini davam etdirəcəklər. Məsələnin kökü bundadır. Məncə, mən fikrimi kifayət qədər açıqlamışam. Faktlara əsasən açıqlamışam. Amma təbii ki, bu mənim subyektiv fikrimdir.

- Narazılıq artarsa, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Məşədi Dadaş məscidinə imam təyinatı məsələsinə yenidən baxa bilərmi?

- Bu onlardan asılıdır. Mən sadəcə bu sahəni bilən biri kimi fikrimi demişəm və üzərində də dayanıram, doğrusu budur. Qərarı onlar qəbul edir.

Mən Milli Məclisin Dini Qurumlar Komitəsinin üzvü kimi bu məsələyə öz münasibətimi bildirdim, onlar isə fərqli mövqedə ola bilər, bu da normaldır.

Mənim fikrim budur ki, Məşədi Dadaş məscidinə təyin olunan imam insanları ətrafına toplaya bilsin. Bu gün biz Hacı Şahindən sonra boşluq yaşayırıq. O boşluğun aradan qalxması üçün real addımlar atmalıyıq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər