Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində nümunəvi mülki müdafiə tədbiri keçirib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirin əsas məqsədi ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi, vətəndaşlara fövqəladə hallar zamanı düzgün davranış qaydalarının aşılanması olub.
Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin, Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin, Tovuz Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin, eləcə də Tovuz rayonunda yerləşən ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edənlər əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, ümumtəhsil müəssisələrinin rəhbərlərinin, pedaqoji kollektivlərin, şagirdlərin diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildiriblər. Həmçinin çıxışlarda mülki müdafiə sahəsində qurumlararası birgə fəaliyyətin və sıx əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığı vurğulanıb.
Sonra “açıq dərs”lər keçirilib. Dərslərdə şagirdlərə yanğınlar, zəlzələ, torpaq sürüşməsi, fərdi mühafizə vasitələrindən istifadə və s. mövzularda məlumatlar verilib.
Daha sonra praktiki məşğələyə start verilib.
Şərti olaraq “zəlzələ” nəticəsində baş vermiş “yanğın” manqalar tərəfindən “məhdudlaşdırılaraq söndürülüb”. Həmçinin, şagirdlər “hadisə yerindən” təxliyə olunub, xilasetmə vasitələrindən istifadə edilməklə “zərərçəkmişlər” xilas edilib, onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib.
Qeyd edək ki, bu kimi tədbirlər FHN tərəfindən mütəmadi olaraq keçirilir.