AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov komandasının COVID-19-a qarşı həm vaksin, həm də dərman hazırladığını, lakin klinik tədqiqatların insanlar üzərində aparılması üçün maliyyə vəsaitinin olmadığını açıqlayıb. Onun sözlərinə görə, vaksin yeni yaranan variantlara qarşı da effketivdir.
Bəs Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın bitməsinə dair raportu fonunda bundan sonra yerli vaksinin dövriyyəyə buraxılması üçün xərc qoyulmasına gərək varmı?
Tərlan Məmmədov həmçinin bildirib ki, yerli vaksinin adını "Qarabağ" qoymağı planlayırlar.
Məsələ ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla Teleqraf.com-a açıqlamasında deyib ki, COVID-19-u törədən SAR-CoV-2 virusu faktiki olaraq mutasiyaya uğrayıb zəifləsə də artıq pandemiyanın yenidən alovlanması mümkün deyil: "Ümumdünya Səhiyyə Təşkilatı müəyyən kriteriyaları, mötəbər xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin rəyini nəzərə alaraq pandemiyanın bitdiyini elan edib. Lakin qripin vaksini olduğu kimi koronavirusun da vaksinləri yəqin ki, gələcəkdə olacaq.
COVID-19 törədən SARS-CoV-2 virusuna qarşı vaksin istehsalı məsələsi ÜST və dünyanın mötəbər mərkəzlərinin tövsiyəsi əsasında olmalıdır. Əgər bu gün dünyada bu cür vaksinlərin hazırlanması prosesi gedəcəksə, biz də ona uyğun addımlar atıb bu işi Azərbaycanda qura bilərik. Əgər bizim tərəfimizdən gələn təşəbbüsdürsə, dünya üçün praktiki önəmi yoxdursa, bu təşəbbüsə heç xərc qoymağın mənası yoxdur".
Adil Qeybullanın fikrincə, vaksinin necə adlandırılması simvolik məsələdir: "Vaksin xilasedici bir maddədir. Ona görə bəlkə də “Qarabağ” adının qoyulması simvolik ola bilər. Ümumilikdə vaksinin istehsal məsələsinə ciddi yanaşılmalıdır".