Kürkənd Nasos Stansiyası Salyan Suvarma sistemlərinin balansında olan 29 ədəd nasos stansiyasından biridir. Bu stansiya Salyanın Xurşud, Noxudlu və Kürkənd kəndlərində 2840 hektar əkin sahəsinin suvarılmasına xidmət edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov jurnalistlərə açıqlamasında deyib.
Qulu Kərimov bildirib ki, Kürkənd Nasos Stansiyası 2 aqreqatlı üzən nasos stansiyasından və sahildə yerləşən stasionar 2 aqreqatlı nasos stansiyasından ibarətdir.
"Ümumi məhsuldarlığı 3.2 kub metr/saniyədir. Salyan rayonunun Kür çayının mənsəbində yerləşməsi suvarma işlərində müəyyən çətinliklər yaradırdı. Lakin vaxtında görülmüş tədbirlər nəticəsində bu çətinliklər aradan qaldırıldı. Hazırda Salyan rayonunda 46 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunur".