İyunun 5-də Gəncə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Gömrük Xidmətlərinin kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə XI yarışı başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.
Yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğız, Rusiya və Özbəkistan gömrük xidmətlərinin kinoloji bölmələri də iştirak edir.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müsabiqəni gömrük orqanları kinoloqları üçün əlamətdar hadisə adlandırıb və bu kimi yarışların partlayıcı, narkotik vasitə, silah, qadağan olunan malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması və qaçaqmalçılıqla mübarizədə önəmindən bəhs edib.
Qazaxıstan, Qırğız, Özbəkistan gömrük xidmətlərinin rəhbərləri çıxış edərək yarışın qarşılıqlı təcrübə mübadiləsi, bacarıqların daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb, ənənəvi müsabiqənin bu dəfə də ədalətli şəkildə keçiriləcəyinə, dostluğun qazanacağına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, yarış 5 axtarış mərhələsindən-narkotik vasitələrin əl yüklərində, minik avtomobillərində, yük avtomobillərində, ümumi otaq şəraitində axtarışı və ümumi itaətetmə mərhələsindən ibarətdir.
İyunun 8-dək davam edəcək yarış çərçivəsində, həmçinin kinoloji məsələlər üzrə İşçi Qrupunun 27-ci iclası və “Hava limanının keçid məntəqələrində xidməti itlərdən istifadənin xüsusiyyətləri” mövzusunda seminar da keçiriləcək.