Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov news24.az-a müsahibə verib.
Teleqraf.com həmin müsahibəni təqdim edir:
- İlham müəllim, “Sünnə” və “Hədis” bizə tanış anlayışlardır. Lakin bir çoxları bu anlayışların bir-birindən nə ilə fərqləndiklərini bilmirlər və bunların eyni olduğunu düşünürlər...
- Sünnə - Hz.Məhəmməd (s) peyğəmbərin hərəkətləri və kəlamları ilə bağlı adətlər, ənənələr toplusudur. "Qurani-Kərim" və İcma ilə birlikdə Sünnə İslam hüququnun mənbəyidir.
- Bəs İcma nədir?
- Peyğəmbər (s) səhabələrinin dini məsələ və hökmlərdə söz birliyinə İcma deyilir. Qədim fəqihlərin, İslam mütəxəssislərinin gəldiyi nəticədir.
- Bəs hədislər?
- Hədislər – Hədislər Allahdan ilham alaraq, Peyğəmbərin (s) söylədikləridir. Yəni peyğəmbərin praktiki olaraq bütün həyatı, sözləri və vəziyyəti - Allahın əbədi və yaradılmamış kəlamı olan Quranın ən gözəl izahıdır.
- Biz bilirik ki, ərəblər Qurandan əvvəl, qədim dövrdə öz adət və ənənələrinə uyğun yaşayırdılar, Müqəddəs Kitabdan sonra isə artıq Allahın qaydaları ilə yaşamağa başladılar. Əgər Quranda hər şey təfərrüatı ilə təsvir olunubsa, əlavə məzmununu izah etməyə nə ehtiyac var idi?
- Quran ayələrinin birində belə buyurulur: “Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik)” (“Ənam” surəsi, ayə 38). Lakin Qurandakı bir çox suallara cavabın olmaması problemlər yaradırdı və təbii ki, Müqəddəs Yazıların müddəalarına dair müxtəlif izahlar, şərhlər tələb olunurdu. Nə qədər ki, Peyğəmbər (s) sağ idi buna xüsusi ehtiyac olmurdu, çünki bütün suallara, o cümlədən cəmiyyətdəki insan davranışı, bu davranışların Quranın əxlaqi və hüquq normalarına uyğunluğu ilə bağlı suallara Hz.Məhəmmədin (s) özü cavab verirdi. Yəni hansı əməllərin, insanın hansı davranışının əxlaqsız və ya cinayət sayıldığını Allaha istinad edərək, bəyan edirdi. Buna görə də, Peyğəmbərin (s) vəfatına qədər hələ aydın, yazılı qeyd olunmuş bir müsəlman qanunu yox idi. Bununla belə, həyat davam edirdi, cavablarını Quranda axtarmaq lazım olan yeni suallar ortaya çıxırdı. Xilafət, minilliklər boyu öz qədim adət və ənənələrinə malik olan müxtəlif xalqların əhalisi ilə genişləndi və qüdrətli oldu. Bütün bunlar, təbii ki, Quranın müddəalarının müxtəlif izahlarını, əlavələrini, şərhlərini tələb edirdi. Allahın göndərdikləri yazıların daimi olaraq şərhlərinə zərurət yaranırdı. Nəticədə bu təcrübə, Allahın iradəsinə öz istinadları ilə müxtəlif problemləri nəzərdən keçirərkən əsasını Peyğəmbərin özünün qoyduğu “Təfsir” (izah) adını aldı. Quranı şərh edərkən (izah edərkən) təfsir alimləri çox vaxt çoxsaylı hədislərin məlumatlarına istinad edirdilər. Bir sözlə, nəhəng bir imperiyanı idarə etməkdə yaranan problemlər ərəbləri, Peyğəmbərin sağlığında heç vaxt baş verməyən müxtəlif çətinliklərlə üz-üzə qoyanda, belə bir prinsip təsbit olundu ki, təkcə Quranın özü, Allah kəlamı deyil, Peyğəmbərin bütün həyatı boyu etdiyi bütün əməl və bəyanlar rəhbər kimi səlahiyyət sahibidir. Buna görə də, Peyğəmbərin həyatı və fəaliyyəti haqqında şifahi rəvayətlər (hədislər), onunla olan söhbətlərin xatirələri, bu və ya digər münasibətlə söylədiyi fikirlər, yəni Hz.Məhəmmədin (s) nüfuzuna istinad edən təfərrüatlı təlimlər, Peyğəmbərin vəfatından az sonra onun müasirləri, davamçıları və onların nəsilləri tərəfindən diqqətlə toplanmağa başlandı. IX əsrə qədər altı məcmuə şəklində toplanmış Sünnəni, Peyğəmbərin (s) etalon kimi çıxış etdiyi müxtəlif hüquq normaları (Fiqh), adət-ənənələr, davranış qaydaları ilə bağlı rəvayətlər təşkil edirdi. Sünnə hədisləri İslam ilahiyyatçılarının əlində Qurani-Kərimi aydınlaşdırmaq, şərh etmək və İslam hüquq normalarını – Fiqh və şəriəti inkişaf etdirməkdə onlara kömək edən qiymətli material oldu. Buna görə də, artıq müsəlman cəmiyyətinin formalaşmasının erkən mərhələsində iki cərəyan meydana çıxdı: Quranın təlimatlarından (göstərişlərindən) Müqəddəs Yazılara uyğun gəlməyən və ya zidd olan bəzi hərəkətlər üçün istifadə edilməsi; habelə bu və ya digər əməlin cinayət kimi tanınması və əmələ görə cəzanın təyin edilməsi və tətbiqi ilə bağlı sual yarandıqda qərar qəbul etmək məsuliyyətini öz üzərinə götürməli olan fiqhin müstəqil mühakiməsi. Bununla belə bu hökmlər, ilk növbədə Qurana əsaslanmalıdır, əgər Müqəddəs Kitab “susur”sa, Qurandan sonra, Sünnə, yəni Peyğəmbərin (s) qeyd olunmuş ifadələri ortaya çıxan sualların cavab mənbəyinə çevrildi. Beləliklə, İslam ilahiyyatçıları üçün hədislər müsəlman hüququnun təkamülündə mühüm əhəmiyyət kəsb edən Quran ayələrinin aydınlaşdırılması və şərhi üçün bir növ ən mühüm mənbələr, istiqamətlər, materiallar idi. Məsələn, bildiyimiz kimi, Quranda spirtli içkilərin istifadəsi ilə bağlı Allah tərəfindən nazil edilən dörd ayə vardır. Ancaq buna baxmayaraq, o zamanlar, yeri gəlmişkən, indi də bir çox insanlar bu qaydaların mənasını tam başa düşmürlər. "Qurani-Kərim"in “Bəqərə” surəsinin 219-cu ayəsində buyurulur ki, şərabda və maysirdə günahla yanaşı, insanlar üçün bir qədər fayda da vardır: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! Spirtli içkilərin faydaları haqqındakı sözlərə qapılan insanlar, bu içkilərin insan orqanizmi üçün faydalı olduğunu güman etdilər. Əslində, söhbət tamamilə fərqli bir şeydən gedir. Bildiyiniz kimi, şərab üzüm salxımlarından, maysir isə xurma meyvələrindən hazırlanır. Uca Allah onları faydalı hesab edir, çünki insanlar bu meyvələrdən gözəl qida əldə edirlər. Beləliklə, Uca Allah bəyan edir ki, məstedici içkilər faydalı (sağlam) hesab olunmur. Qurani-Kərimdən oxuyuruq: “Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz” (“Nəhl” surəsi, ayə 67). Bununla belə, Quran içki ilə bağlı bəzi sualları açıq qoymuşdur ki, bunlara Peyğəmbərin hədisi cavab verir: hansı miqdar spirtdən söhbət gedir, yaxud, məstedici içki xurma və üzümdən yox, başqa meyvələrdən hazırlanıbsa?
İbn Ömər rəvayət edir ki, Allah Rəsulu (s) buyurdu: “Sərxoş edən hər içki, sərxoş edən hər şey qadağandır (haramdır)”. Cabir rəvayət edir ki, Cayman (Yəməndə şəhər) sakini Peyğəmbərdən öz şəhərlərində içdikləri içki haqqında soruşdu. Bu içkini onlar zərra dənəsindən hazırlayır və “mizr” adlandırırdılar. Allahın Peyğəmbəri soruşdu: “O içki sərxoş edirmi?” Adam cavab verdi: “Bəli”. O zaman Allahın Peyğəmbəri buyurdu: “Sərxoş edən hər şey qadağandır (haramdır)”. Peyğəmbərin hədisləri izah edir ki, məstedicinin miqdarı önəmli deyil, ən əsası məst etməsidir. Həmçinin Peyğəmbər (s) insanlara izah etmişdir ki, təkcə içki içmək deyil, satmaq, almaq, istehsal etmək, daşımaq, gətirmək və s. bütün bunlar Quran ehkamına görə, haramdır. İslam hətta möminlərin içki içənlərlə bir yerdə olmasını tövsiyə etmir, halbuki Uca Allah belə bir qadağa qoymayıb. Peyğəmbər, hədislərində Quranın bir çox ayələrinin məzmununu açıqladığına dair çoxlu misallar çəkmək olar.
- Belə olan halda, Peyğəmbərin (s) hədislərini Quran ehkamına uyğunluğu ilə yanaşı, Qanun da saymaq olarmı?
- Sünnənin də Quran kimi İslam hüququnun əsas mənbəyi olması heç bir şübhə və mübahisə doğurmur, baxmayaraq ki, bu məsələdə başqa bir hökm də yer alıb. Peyğəmbərin Sünnə və Hədislərinə Qurana bərabər Qanun statusunun verilməsindən söhbət gedirsə, bu, başqa məsələdir. Bu, həqiqətən də çox prinsipial sualdır. Görünür, bu suala düzgün cavabı ancaq Uca Yaradan Özü verə bilər. Qurana müraciət edək: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.” (“Nisa” surəsi, ayə 80). Digər tərcümələrdə “itaət edir” sözünün əvəzinə “tabe olur” ifadəsi işlədilir. Bu ayədə, insanların Məhəmməd (s) peyğəmbərə itaətindən, tabe olmasından bəhs edilir. Bu o deməkdirmi ki, Allah, Rəsulunu Özünə bərabər tutmuşdur? Allah Quranda Məhəmmədi (s) yalnız hər kəs kimi adi bir insan olaraq, Onun sözlərini insanlara çatdırmaq vəzifəsi olan bir peyğəmbər hesab edir. Eyni zamanda, Uca Allah Məhəmməd (s) peyğəmbərə itaəti Özünə itaətlə bərabər hesab etmir. Bəli, Allah yuxarıdakı ayələrdə möminləri Peyğəmbərə itaət etməyi əmr edir, lakin bir düzəlişlə: bu məcburiyyət zorla deyil, itaət ruh və qəlb tərəfindən həyata keçirilir. Bu, Quranın hikmətindən irəli gəlir.
Beləliklə, Allah nəinki Peyğəmbərinə Öz ayələrini insanlara çatdırmağı vacib edir, həm də ona Quranı təfsir, izah, şərh etməyə icazə verir, hətta tövsiyə edir, çünki O, Müqəddəs Yazıların bir çox hökmlərinin insanlar üçün əlçatmaz olacağını bilir. Qurani-Kərimdə oxuyuruq: “O, həva-həvəslə danışmır (nəfsinə uyub kefi istəyəni) demir. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (“Nəcm” surəsi, ayə 3-4). Eyni zamanda, Quranda Allah Rəsuluna itaətsizlikdə israrlı olanlar üçün şiddətli bir cəza xəbərdarlığını görürük: “Hər kəs Allaha və Peyğmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir” (“Nisa” surəsi, ayə 14).
Gördüyünüz kimi, Uca Allah Peyğəmbərə qanunlar çıxarmağı təyin edib ki, onların pozulması cinayət sayılır. Bu vəziyyət Allah tərəfindən başqa bir hökmlə də bir daha təsdiq edilir: “Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (“Nur” surəsi, ayə 63). Bu halda “iradə” Allah tərəfindən Qanun olaraq, nəzərdə tutulur. “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (“Muhəmməd” surəsi, ayə 33). Nəinki ərəblər, sonra isə bütün İslam dünyası, Hz.Musanın (ə) qanununa görə yaşayan yəhudilər kimi, təkcə Qurana görə deyil, həm də Peyğəmbərin sünnələrinə və hədislərinə görə yaşayacaqlar. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, hüquq baxımından - Quran və Sünnə ayrılmaz bir bütövdür. Buna görə də, İslam hüququnun heç bir sahəsini Peyğəmbər sünnəsi olmadan yalnız Quran əsasında, qanun mənbəyi kimi yaratmaq, sonra daha da təkmilləşdirmək mümkün deyil. Peyğəmbər məşhur vida xütbəsində deyir: “Mən, iki şeyi əmanət edirəm. Əgər onlardan möhkəm yapışsanız, əsla yolunuzdan azmazsınız. Biri Allahın Kitabı, digəri - Peyğəmbərin sünnəsidir”.
Lakin Məhəmməd (s) peyğəmbərin hədislərinin məzmunundan görmək olar ki, o, Qurana bənzər yeni qanun yaratmağa can atmır. Allah Rəsulunun məqsədi çox sadə idi: insanlara real həyat şəraitlərində necə davranmağı, konkret hadisəyə, fakta, hərəkətə və s. necə münasibət bildirməyi öyrətməkdir. Bu hədislərdə nəzərdə tutulan qaydaların məzmununa görə hüquq normaları qüvvəsinə malik olan bütün tövsiyələri əməlindən asılı olaraq, aşağıdakı kateqoriyalara bölmək olar: vacib, müstəhəb, icazəli (mübah), qınanmış (məkruh) və qadağan (həram) edilmiş.
- Əgər Peyğəmbərin (s) hədislərində ortaya çıxan suallara cavablar olmasaydı, yəni hədislər də “sussaydılar”, yaranmış problemlər İslamda necə həll olunardı?
- 632 - 661-ci illərdə hökmranlıq etmiş Raşidi (Böyük) – Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli Peyğəmbərin (s) digər səhabələri kimi, konkret problemləri həll edərkən Qurana və Sünnəyə müraciət edirdilər. Lakin mövcud şəraitdə, yəni Quran və Sünnənin “susması” şəraitində bu qaydalarda cavab tapa bilməyəndə, bu mənbələrin geniş şərhi əsasında müxtəlif məsələləri tənzimləyən yeni hüquq normaları formalaşdırmalı oldular. Belə ki, xəlifə Ömərin dövründə xilafətdə qıtlıq hökm sürürdü, bunun nəticəsində oğurluqla bağlı cinayətlərin sayı kəskin şəkildə artmışdı, bunun üçün Quranda ən ağır cəza, o cümlədən ölüm cəzası nəzərdə tutulurdu. Hz.Ömər başa düşürdü ki, bu əmələ görə belə cəzaların tətbiqi nəticə verməyəcək. Bundan əlavə, xəlifə hesab edirdi ki, cinayətlərin artması və yayılmasının səbəbi aclıqdır və şəxsən o, xəlifə olaraq Allah qarşısında buna görə məsuliyyət daşımalıdır. Odur ki, insanlar cəzalandırılırsa, ilk növbədə, Allah onu, xəlifəni, ölkədəki rifahdan məsul olduğu üçün cəzalandırmalıdır. Buna əsaslanaraq Ömər, Qurana zidd olsa da, qıtlıq dövründə bu cür cinayətləri, ümumiyyətlə cəzalandırmamağa qərar verdi. Yeri gəlmişkən, o, həm də xəlifə olduğu üçün Peyğəmbərin hədislərinin bəzi müddəalarını dəyişdirmişdir. Xüsusilə, əgər Peyğəmbər şəxsən məctedici maddənin istifadəsinə görə yarpaqsız xurma cubuğu ilə 40 zərbə ilə cəzalandırılırdısa, Ömər 80 zərbə təyin etmişdi.
Prinsipcə, qeyd etmək lazımdır ki, müsəlman ölkələrində Quranın müddəalarından və Peyğəmbərin hədislərindən yayınma hallarına çox rast gəlmək olar. Belə ki, Küveytdə spirtli içki istifadəsinə görə Quranda və Peyğəmbərin sünnəsində və xəlifələrin qanunlarında göstərildiyi kimi, zərbə şəklində bədən cəzası deyil, həbs və cərimə nəzərdə tutulur. Yaxud başqa bir misal: Mərakeş və İordaniyada Ramazan ayında oruc tutmamağa görə həbs və ya cərimə tətbiq edilir, baxmayaraq ki, nə Müqəddəs Yazılarda, nə də hədislərdə bu barədə heç nə deyilmir.
Nəticədə bu normalar Quran və Sünnə ilə yanaşı, normativ xarakter almağa başladı və qanunun əsası rolunu oynadı. Bu normalar sonralar “Səhabələrin ifadələri” adlandırıldı. Sünnəyə dörd xəlifənin - Əbu Bəkr, Ömər, Osman, Əlinin həyatından nümunələr daxil etməyə başladılar. Nəhayət, Məhəmməd (s) peyğəmbərin və onun səhabələrinin kəlamları “Hədis” - Məhəmməd (s) peyğəmbərin və onun ictimai həyatının şifahi şəkildə ötürülən kəlamları və göstərişləri toplusu adlandı. Lakin məlum oldu ki, hətta hədislərin özündə də, xüsusən də əxlaqi-hüquqi davranış normalarının dərk edilməsi və sərhədləşdirilməsi ilə bağlı problemlərdə fərqliliklər və ziddiyyətlər mövcuddur.
Buna görə də, VIII əsrdən başlayaraq fəqihlər - müsəlman hüquq elminin formalaşmasında yeni mərhələnin başlanğıcını qoyan hüquq məktəblərinin baniləri - yaranmış boşluqların aradan qaldırılmasında əsas rolu öz üzərlərinə götürdülər. Onun əsas nəticəsi Quran və Sünnənin təfsirində müxtəlif istiqamətlərin ortaya çıxması oldu. Hüquq doktrinasının (hüquq elminin) yaradılması prosesi başlandı, mahiyyət etibarı ilə insanın zahiri davranış qaydalarının bütöv kompleksi haqqında olan Fiqh elmi meydana gəldi. Fiqhin zühuru və mövcudluğu Quran və Sünnədə konkret hüquqi əxlaq normalarının olmaması ilə bağlıdır. Hüquq alimləri yaxşı bilirdilər ki, hüquq və əxlaq anlayışı yalnız Quran və Sünnə ilə əlaqələndirilsə və bu qurumlara müstəqil mövcudluq statusu verilməzsə, onlar inkişaf, təkamül edə bilməyəcəklər. Bu o qədər də asan deyildi, çünki bu fəqihlər hüquq və əxlaqı “ilahi vəhylərə, yəni Quran və Sünnəyə” bağlamalı idilər. Buna görə də Quranın ümumi göstərişlərini və peyğəmbərin izahlarını şərh edərək, “işin içindən çıxmaq üçün” bu əxlaqi və hüquq normalarına hüquqi xarakter vermək məcburunda idilər. Beləliklə, Peyğəmbərin hədisləri Allahın hökmləri ilə bərabər sayılmasa da, hədislər müsəlmanlar üçün ən dəyərli sərvətdir, çünki ilk növbədə Müqəddəs Kitabımızı izah edir. Peyğəmbər hədislər vasitəsilə sanki əsrlər boyu bizə xitab edir, bizimlə söhbət edir, bizim üçün doğru olan yola yönəldir.
- Amma bunları Peyğəmbər çoxdan demişdir, 1500 ildən çox əvvəl. Onlar nə dərəcədə etibarlıdırlar? Bu hədislərə riayət etmək vacibdirmi?
- Quranda deyilir: “Və o (Peyğəmbər) öz istəyinə görə danışmır”. Deməli, Peyğəmbərin dediyi və etdiyi hər şey Onun iradəsi deyil, Allahın əmridir. Ona görə də, İslam bunu qəbul edir ki, bu hədislərdə deyilən hər şey yerinə yetirilməlidir, yəni həyatınızda Peyğəmbərin göstərişlərinə əməl etməlisiniz. Lakin əməldə bunlara tam şəkildə riayət etmək bir çox hallarda mümkün olmur. Belə başa düşmək lazımdır ki, hədis əxlaqi təlimləri, prinsipləri əks etdirir.
Peyğəmbər, xüsusilə hədislər vasitəsilə necə əxlaqlı olmaq, bunun üçün nə etmək lazım olduğunu bizə öyrədir, yol göstərir. Diqqətəlayiqdir ki, Məhəmməd (s) İsa Məsihi təkrarlayır və deyir: “Nəciblik, yaxşılığın müqabilində yaxşılıq etməyiniz deyil, sizə pislik edənə yaxşılıq etməyinizdir.”
Hz.Məhəmmədin (s) bəşəriyyət tarixində ən böyük əxlaq sahiblərindən biri olduğunu təsdiqləmək üçün onun saysız-hesabsız kəlamlarına istinad etmək olar.
Bu fikirləri filosof Kanta aid edirlər: "Özün üçün istədiyini başqaları üçün də arzu et." Amma bu fikirlər Məhəmməd (s) Peyğəmbərə aiddir. O kəlamlara Peyğəmbərin hədislərində rast gəlmək olar. Fikir verin, biliyi, təhsili Peyğəmbər nə qədər uca tutur. Peyğəmbərlərdən heç biri Məhəmməd (s) kimi öz baxışlarında bu məsələyə əhəmiyyət verməmişdir. Öz hədislərinin birində Peyğəmbər buyurur: “Alimlər peyğəmbərlərin varisləridir”. Peyğəmbəri bir çoxları haqlı olaraq ən böyük siyasi və hərbi xadim hesab edirlər. Bir çox hədislərdə döyüşün idarə olunması, müharibənin aparılması qanunları haqqında, hərbi şərəf qanunları haqqında hekayələrə rast gəlmək olar.
Marşal Jukov ötən əsrin 30-cu illərinin sonunda Leninqrad Şərqşünaslıq İnstitutuna Peyğəmbərin hədislərindən və Qurandan müharibənin gedişi ilə bağlı mətnləri tərcümə etməyi əmr etmişdi. Uca Allah Peyğəmbərə (s) insanın mahiyyətini dərindən və hərtərəfli tanımağa imkan verən bacarıq da vermişdi. Peyğəmbərin, “Nəfs” məfhumu ilə insana xas olan, ruhun bütün mənfi xüsusiyyətlərinin səbəblərini və qaynaqlarını necə izah etdiyinə istinad etmək kifayətdir. Allahın elçisi buyurur: “Ən çox mən öz ümmətimin insanları üçün qorxuram ki, nəfsin istəklərinə (havasına) tabe olacaqlar”. Və Peyğəmbərin (s) qorxusu təsadüfi deyil, çünki məhz nəfs, yəni ehtiras insanı əxlaqsızlığa, cinayətkar istəklərə, ağlın haram etdiyi hər şeyə meyllənməyə sövq edir. Buna görə də Peyğəmbər öz hədislərində dəfələrlə nəfslə mübarizənin “böyük cihad” olduğunu təkrarlamışdır. Məgər onun bu haqda sözləri “Kim nəfsini arzularından ayırsa, dünyadan və onun bəlalarından rahatlıq tapar...” müasir səslənmirmi? Peyğəmbərin hədisləri İslamın fəlsəfəsidir. Peyğəmbərin hədisləri ilə bağlı sualın cavabını belə yekunlaşdırmaq olar.