Azərbaycan Mərkəzi Bankı Türkdilli Dövlətlərin Banklar Assosiasiyası ilə rəqəmsal maliyyə texnologiyaları və təhlükəsizlik istiqamətində əməkdaşlığı müzakirə etdi.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov özünün tviter hesabında yazıb.
"Bu gün Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Fintex Sammitində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli Dövlətlərin Banklar Assosiasiyalarının rəhbər şəxsləri ilə görüşdük. Görüş zamanı müasir bank və maliyyə ekosisteminin inkişafı, innovativ həllər, rəqəmsal maliyyə texnologiyaları və təhlükəsizlik istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində fikir mübadiləsi apardıq.
Görüşdə həmçinin türkdilli dövlətlərin maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik", - T. Kazımov qeyd edib.