13 İyun 2023 22:49
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu 1933-cü ildə nəşr etdiyi “Akın” qəzetindəki yazılarında Avropadakı siyasi təşəkküllərə, ideoloji hərəkatlara yaxından diqqət göstərib. Bir tərəfdən siyasi hadisələri təqib edib, digər tərəfdən oradakı toplumda yer alan görüşləri öyrənib.

Birinci Dünya müharibəsindən sonra Almaniya və İtaliyada faşizmin üstünlüyü ələ alması, Türkiyədə isə Mustafa Kamal Atatürkün adı və fəaliyyəti ilə bağlı kamalizm düşüncəsinin bərqərar olması bəzi aydınların bu görüşləri müqayisə etmələrinə səbəb olub. Əhməd bəy isə qəti şəkildə buna qarşı çıxaraq kamalizmin milli iradəni təmsil etdiyini, liberal bir görüş olduğunu vurğulayıb.
Əhməd bəy bu mövzuda bir neçə yazı qələmə alıb.

Ötənlərdə onun “Kamalizm və Hitlerizm” adlı yazısını təqdim etmişdik.

https://teleqraf.com/news/toplum/377706.html

Bu dəfə isə onun eyni mövzuda yazdığı

“Hitlerizm və faşizm milli cərəyandırlarmı?” adlı məqaləsini dilimizə uyğunlaşdırdıq.

***

Əhməd Ağaoğlu

Hitlerizm və faşizm milli cərəyandırlarmı?

Hərbdən sonra meydana çıxan siyasi cərəyanlar arasında milli vəsfi haqqı ilə daşıyan tək cərəyan Türk Qurtuluş Hərəkatıdır. Rusiyadakı kommunizm, İtaliyadakı faşizm və Almaniyadakı hitlerizm tam mənası ilə diktatorluq cərəyanlarıdır.

Hansı siyasi cərəyana milli deyilməlidir?
Millətin heyəti-ümumiyyəsini qarşı-qarşıya gəldiyi bir təhlükədən qurtaran, millətin heyəti-ümumiyyəsinin düşüncəsinə uyğun olan, millətin heyəti-ümumiyyəsini hərəkət etdirən, idarəçilikdə iştirak etdirən və nəhayət ən əsas millətin sərbəst idarəsinə istinad edərək milli hakimiyyətə riayət edən. Milli deyə biləcəyimiz bir cərəyanın başlıca vəsfləri bunlardır.

Nə Rusiyadakı kommunizm, nə İtaliyadakı faşizm, nə də Almaniyadakı hitlerizm cərəyanları bu vəsflərə müvafiqdirlər.

Rus kommunizm cərəyanı birbaşa millətin heyəti-ümumiyyəsinin 10 faizini belə təşkil etməyən az bir sinfin digər siniflər üzərindəki təhəkkümünü və bu təhəkkümün istinad etdirdiyi terroru gərəkli bilən bir üsuldur. Zatən ruslar bu cəhəti gizlətmirlər və təqib etdikləri cərəyanın fərqləndirici vəsfi olan diktatorluğu elan edərək sistemlərinə “proletariatın diktatorluğu” adını veriblər.
İtaliyada faşizmi doğuran amil də yenə zəiflik mücadiləsidir. Burada faşizmin zühurundan əvvəl burjua ilə fəhlə arasında dəhşətli bir mücadilə və mübarizə cərəyan etməkdə idi. Məsələ heç də milli bir mahiyyət daşımırdı. Əhalidən bir qismi malik olduğu feili təhəkkümünü mühafizə etmək istəyirdi, digər qismi də bu təhəkkümü ataraq öz təhəkkümünü qurmaq iddiasında idi! Mübarizə və mücadilə millətin öz arasında idi, milli olmaqdan çox uzaqdı. Məhz bu milli qarışıqlıq arasında olduqca zəki, qüdrətli, qüvvətli bir şəxsiyyət zühur edir, üçüncü bir qüvvəti, yəni hərbdən qayıtmış əsgərləri başına toplayır və hərc-mərcliyə nəhayət verərək öz şəxsi iradəsini qüvvət vasitəsilə hər iki tərəfə qəbul etdirir! Diqqət edilsin; Senyor Mussolini nə fəhləni, nə burjuaziyanı, nə də bunların hər ikisini birlikdə təmsil edir!

O, millətin xaricində qalmış və sırf şəxsi iradəsini o millətin başına topladığı qüvvətlə qəbul etdirmiş bir şəxsiyyətdir. Əhsən... Nə əmələnin arzusunu, nə də burjuaziyanın qayələrini həyata keçirmişdir və buna görə də etdiyi bütün böyük işlərə rəğmən heç bir tərəfi məmnun edə bilməmişdir. Buna görədir ki, yüz minlərlə, bəlkə milyonlarla italyan - istər fəhlə, istərsə də burjua olsun - İtaliyadan mühacirət etdilər. Təbiidir ki, bu vəziyyət, onun təmsil etdiyi üsul da şəxsi ilə qaimdir!

Almaniyadakı hitlerizm də eyni mahiyyətdədir! Burada Hitlerin zühurundan əvvəl dəhşətli sinif mücadilələri hakimdi. Bir zamanlar, yəni spartaklar zamanında kommunizm diktatorluğu demək olar ki hakim olmaq üzrə idi. Fəqət əsgəri bir təpki bu təhlükəni bərtəraf etdi. Bununla bərabər sinif mücadilələri bütün şiddəti ilə davam edirdi. Hitlerin qələbəsindən daha bir neçə ay alman reyxstaqında əksəriyyət sosialist firqələrdə idi.

Son seçkilərdə isə Hitlerin təmsil etdiyi nasional-sosialist firqəsinin aldığı 370 səsə qarşı sosialistlər 150, kommunistlər 80, katoliklər 50 və digər firqələr də müxtəlif səs almışdılar. Yəni Hitler mütləq əksəriyyətə də sahib deyildi! Başqa təbirlə alman millətinin əksəriyyəti onun əleyhinə səs vermişdi!

Fəqət Hitler və yoldaşları iradə, əzm və vəsait baxımından digərindən daha qüvvətli olduqlarından qüvvət və zorbalıqla bir əmri-vaqe edərək hökuməti əldə etdilər. Hökumət qüvvətinə söykənərək bu gün də tətbiq etdikləri üsul rusların terrorunun eynisidir! Bu hakimiyyəti almaq üçün alman küçələrində nə qədər alman fərdləri bir-birini boğazladılar, nə qədər yanğınlar törədildi, bombalar partladıldı.

Bu surətlə Hitler alman millətinin heyəti-ümumiyyəsini təmsil etməkdən çox uzaqdır! Dünən daha 35 milyondan ziyadə əhalini təmsil edən sosialist, kommunist, katolik firqələrə nə oldu? Parçalara bölündü? Göyə uçdular? Bunların rəisləri müstəhkəm qalalara gizlənmiş, arxalarınca gedənlərin mühüm qismi xaricə qaçmışlar! Zaverbruq kimi saf alman qanı daşıyan necə alimlər, şairlər, mühərrirlər bu məmləkəti tərk etməkdədirlər! Budurmu milli adlanacaq bir cərəyan? Xeyr! Hitler istədiyi qədər alman irqinin aliliyindən, təmizliyindən bəhs etsin.

Onun təmsil etdiyi cərəyan alman və milli deyil, ola bilməz də! O, öz şəxsinin, öz iradəsinin adamıdır!

Bizdəki milli cərəyan ilə Avropadakı bəhs etdiyimiz cərəyanlar arasında müqayisələr edərək təmas nöqtələri, bənzərliklər və hətta eyniliklər axtaranlar aldanırlar. Fransızların “imponderable” dedikləri eyni ölçüyə gəlməyən hadisələri bir-birinə qarışdırırlar. Bu xətadan özümüzü qorumalıyıq!

Türk milli cərəyanı (kamalizm) qaynaq, açılma, yayılma və birləşmə etibarilə bunların heç birinə bənzəməz. O, başqa mahiyyətdədir, sırf və kəlmənin tam mənası ilə milli bir cərəyandır!

Qaynaq etibarilə o bir sinfin digər siniflə mücadiləsindən doğmamışdır. Millətin ümumi iztirablarından, ələm və kədərlərindən doğulmuş ali və qüdsi bir cərəyandır! Onun hədəfi hər hansı bir sinfi və yaxud şəxsi hakim qılmaq deyildi. Xeyr! Onun hədəfi ümumi millət və məmləkəti, xaricdən gələn iki müdhiş qüvvətə qarşı qurtarmaqdı: Düşmən istilasından, səltənət təhəkkümündən! Birinin arzusu ümumTürkiyəni məhv, digərininki də öz şəxsi hakimiyyətini milli iradə yerinə qoymaqdı!

Kamalizm bunun ikisini də bərtaraf etdi!
Bunu etmək üçün də kamalizmin ilk təvəssül etdiyi çarə bu gün millətə xitab edərək milli təmsilçilər seçməyə və onlar vasitəsilə milli savaşa iştirak etməyə dəvətdi. İlk Böyük Millət Məclisi belə quruldu. Qanunverici, icraedici və məhkəmə qüvvətləri milləti təmsil edən bu Məclisdə toplandı. Bütün tədbirlər, bütün icraat bu Məclis tərəfindən görüldü.

Bəli! Burada da bir rəhbər, bir yolgöstərən vardı! Fəqət o iradələrini qüvvətlə, zorla, terrorla deyil, milli təmsilin sərbəst və azad müzakirə və münaqişədən sonra qəbulu ilə tətbiq edərdi.

Hədəf əldə olunduqdan sonra dəxi ilk iş yenə milli iradəyə müraciət edərək dünyanın ən liberal və ən geniş bir Təşkilati-Əsasiyyə Qanununu yeni Məclisin müzakirə, münaqişə və qəbuluna ərz etmək oldu! Milli iradəyə istinad edən cümhuriyyət üsulu quruldu.
Bütün millət istisnasız bu icraatı böyük bir həyəcan və sevinclə alqışladı, görülən işlərin hamısı milli iradənin qapalı və feili şəkildə təsdiqinə səbəb oldu. Kimsəyə qarşı nə cəbr, nə də qüvvət istifadə edildi.

Padşahdan başqa kimsə qaçmaq, mühacirət etmək lüzumunu duymadı. Hətta taxtdan endirilən hökmdar sülaləsinə mənsub olanlar da məmləkəti əmniyyətlə tərk etdilər!

Yuxarıda açıqladığımız Avropadakı cərəyanlar ilə bu milli Türk cərəyanı arasında nə əlaqə və münasibət vardır?

Akın”, sayı sayı 73, 9 avqust 1933


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər