6 İyul 2023 14:10
2 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dünya ölkələri dini-ideoloji təhlükəsizliyin tənzimlənməsində fərqli siyasət modellərinə əsaslanır. Bu modellərdən biri multikulturalizm siyasətidir. Multikulturalizm siyasəti etnik-mədəni müxtəlifliklər və onların əsasını təşkil edən dəyərlərin qorunmasını, eləcə də inkişaf etdirilməsini nəzərdə tutur.

Bu siyasət ölkənin milli maraqları və təhlükəsizliyi ilə uzlaşdırılmalı, ikincilər prinsipial məqamlar kimi öndə olmalıdır. Yəni, etnik-mədəni, dini müxtəlifliyin inkişaf etdirilməsinə yaradılan şərait gələcəkdə separatizmə yol açmamalı və ölkənin suverenliyinə təhlükə törətməməlidir.

Multikulturalizm siyasətini dəstəkləyən Azərbaycanda müxtəlif etnik və dini icmalara tarixən tolerant münasibət olub və bu gün də həmin ənənə davam edir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil. Bu onu göstərir ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb və bununla bağlı dərin tarixi baza formalaşdırıb.

Prezident İlham Əliyev 2019-cu il noyabrın 14-də Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində bu barədə deyib: “Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmış və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdi... Bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir. Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini, etnik, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir”.

Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Azərbaycanın birgəyaşayış təcrübəsi göstərir ki, müxtəlif etnik-dini qruplar dinc şəraitdə birgə yaşaya bilərlər və etnik konfliktlərin həlli heç də monoetnik cəmiyyətin yaradılmasında deyil. Azərbaycanda etnik müxtəlifliyin təmin edilməsi, qarşılıqlı hörmət və tolerantlıq mühitinin qorunması, etnik-dini qrupların dinc birgəyaşayışı və təhlükəsizliyi kimi zəruri məsələlər daima diqqətdə saxlanılır. Bu baxımdan tolerantlıq və mədəni müxtəlifliyə hörmət ekstremizmə, müxtəlif növ sosial gərginliyə, zorakılığa və vətəndaş müharibəsinə, həmçinin dini-ideoloji təhlükəsizliyə qarşı ən yaxşı vasitə kimi qəbul edilir.

Dini tolerantlıq

Azərbaycan çoxmillətli bir ölkədir və dövlət etnik-dini münasibətləri tənzimləmək üçün multikulturalizm siyasəti həyata keçirir. Bu da öz ifadəsini müxtəlif etnik qruplara dövlət tərəfindən göstərilən mənəvi və maddi dəstəkdə tapır. Dövlətimiz etnik, dini, dil və mədəni ayrı-seçkilik olmadan milli azlıqları cəmiyyətə inteqrasiya etməyə çalışır.

Azərbaycanda bir sıra konfessiyalar mövcuddur. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 958-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Bütün bunlar tolerantlığın bariz nümunəsi sayıla bilər.

Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir. Ölkə ərazisində 2253 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.

İşğal dövründə Ermənistan dövlət səviyyəsində tək insanlığa deyil, eyni zamanda Azərbaycana məxsus dini-tarixi abidələrə qarşı da terror həyata keçirib. Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarında 67-i məsciddən 65-ni tamamilə darmadağın edib. Ağdam məscidini özləri üçün hərbi təyinatlı məntəqə kimi istifadə ediblər. Şuşadakı Yuxarı Gövhər ağa məscidini isə “fars məscidi” kimi təqdim etməyə çalışıblar. Acı həqiqətdir ki, talan edilmiş, vandalizmə, barbarlığa məruz qalmış məscidlərimizin, dini abidələrimizin içərisində ermənilər tərəfindən donuz, inək saxlanılıb.

Regionda işğalçılıq siyasətini həyata keçirən Ermənistan tarixi saxtalaşdırmaq, təhrif etməklə, zəbt etdikləri torpaqlarımızın adlarını dəyişdirərək beynəlxalq ictimaiyyəti çaşdırır. Ermənilər neçə illərdir ki, Azərbaycanın qədim tarixi abidəsi olan İrəvandakı Göy məscidi İranın mədəniyyət nümunəsi, “fars məscidi” kimi təqdim edirlər. Hətta Göy məscidin adını dəyişdirib “Hüseyniyyə” qoyublar.

Bəs İran nə edir?

Azərbaycan ərazilərində məscidləri təhqir edən, donuz saxlayan, dağıdan Ermənistanın bu hərəkətlərinə göz yuman İranın davranışları heç bir qonşuluq əxlaqına uyğun gəlmir. Özünü “müsəlman”, “İslam dövlətlərinin dostu” adlandıran İran nədənsə “din qardaşlığı”nı unudaraq Ermənistanın himayəçisi rolunda çıxış edir. Bu azmış kimi, rəsmi Tehran Qafanda konsulluq açır, Ermənistanın ərazi bütövlüyünü və sərhədlərini özünün “qırmızı xətti” elan edir. Üstəgəl, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın maraqlarının müdafiəçisi kimi çıxış edən İran Azərbaycanı hədələyir. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Zəngəzur dəhlizinə Ermənistanın yox, məhz İranın mane olduğunu açıq şəkildə dilə gətirir. Bundan əlavə, İran Araz çayı boyunca - Azərbaycan sərhədləri yaxınlığında “Qüdrətli İran” adlı hərbi təlimlər keçməsi də uzaq tarixdə baş verməyib. SEPAH-ın ölkəmizin əleyhinə ünvanlanmış hədyanlarının isə sayı-hesabı yoxdur.
Ən əsası, İran Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu məişət səviyyəsinə endirdi. Terrorçunu nümayişkaranə şəkildə mediaya danışdırıb, ona “bəraət” qazandırmağa, öz məsuliyyətini isə azaltmağa çalışdı. Bütün bunlar ondan xəbər verir ki, İranın bəzi maraqları islamiyyətdən və bütün mənəvi dəyərlərdən öndədir.

Molla rejimi informasiya məkanında

Azərbaycana qarşı hər vasitəyə əl atmış İran ötən illərdə ölkəmizin informasiya məkanında özünə yer etmək üçün dəridən-qabıqdan çıxıb. Etiraf edək ki, hətta buna nail də olub. Bu, Azərbaycanın rəsmi qurumlarının verdiyi məlumatlarda da öz əksini tapır. Belə ki, 2023-cü il yanvarın 31-də Daxili İşlər Nazirliyi Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnterAz” telekanalı da olub.
Monitorinqlər göstərir ki, adıçəkilən telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edib. Bu kanalın Bakı nümayəndəliyi ilə eyni ünvanda fəaliyyət göstərən “SalamNews” informasiya agentliyi də geniş İranyönümlü dini təbliğat aparıb, İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayıb, dini maarifləndirmə xarakterli materiallar verib.

Radikal dini qruplaşmaların əlində alətə çevrilmiş “media”da təmizlənmə əməliyyatları mütəmadi davam etdirilib. 2021-ci ildə də İran rejiminin ideologiyasını aşılayan bir sıra saytlar bağlanıb və bəzi “Youtube” kanalları bloklanıb.

Təxribatçı, terrorçu fəaliyyətlərə maddi vəsait ayıran İranın əməllərini vaxtaşırı Azərbaycanın hüquq mühafizə orqanları ifşa edir. İran dövlətimizi zəiflətmək prosesinə təəssüf ki, xeyli sayda azərbaycanlıları da cəlb edə bilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Teleqraf.com-a bildirib ki, Azərbaycanda son illərdə dini təhlükəsizliyin yüksək səviyyədə qorunması istiqamətində ciddi addımlar atılır: “Xüsusilə Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunandan sonra bu sahədə sistemli fəaliyyət güclənib. Mənəvi Dəyərlərin Təbliği Fonunun yaradılması və buraya dövlət büdcəsindən 11 milyon manat vəsait ayrılması bu istiqamətdə atılmış müsbət addımdır. Bu, dövlət maraqlarından çıxış edərək dini dəyərlərin təbliğ olunması, eləcə də dövlətçiliyə sadiq və sağlam din xadimlərinin seçilməsinə imkan yaradır, başqa mənbələrdən qidalanan elementlərin zəifləməsinə səbəb olur. Paralel olaraq məscidlərdə başqa ölkələrin simvollarının və atributlarının ortadan qaldırılması işi də davam etdirilir. İndi hər bir məscidin üzərində ancaq Azərbaycan bayrağı dalğalanır. Digər tərəfdən məscidlərə təyin olunan din xadimlərinin Dövlət Komitəsi tərəfindən müsabiqə yolu ilə seçilməsi də müsbət bir tendensiyadan xəbər verir.

Dövlət tərəfindən bu yöndə ciddi addımlar atılır, amma bu, bizi arxayın salmamalıdır. Hələ buna tam təminat da demək olmaz. Çünki qonşuluqda olan bəd niyyətli qüvvələr Azərbaycana məhz bu yöndən zərbə vurmağı düşünürlər. Necə ki, bu istiqamətdə hüquq mühafizə orqanlarının apardığı çoxsaylı əməliyyatlar - “Kərimə” dövləti yaratmaq cəhdi, terror aktları, sui-qəsdlərin həyata keçirilməsi və s. məhz dini təhlükəsizlik yöndən Azərbaycanda ciddi problemlərin olduğunu göstərir. İranın Azərbaycanda xeyli sayda insanları şirnikləndirərək təbliğatçıya çevirməsi narahatedici məsələlərdir. Ona görə də dövlət və cəmiyyət olaraq hələ dini təhlükəsizliyin tam təmin olunduğunu söyləyə bilmərik.

Təhdidlər böyükdür və buna qarşı çalışmalıyıq. Xüsusilə Ərəbistan yarımadasından, Türkiyədə müəyyən təriqətlərin təsiri altında idarə olunan bəzi marjinal dini qrupların bölgəyə təsirləri böyükdür. Hər halda bu məsələləri Azərbaycan qanunları, konstitusiyası və dünyəvi dövlətin prinsipləri əsasında tənzimləmək məcburiyyətindəyik. Çünki dini radikalizm nə qədər güclü olarsa, ölkənin demokratik quruluşuna böyük zərbə ehtimalı yaradır”.

Fazil Mustafanın qənaətincə, media-din münasibətlərində çox böyük uğurlardan danışmaq mümkün deyil: “Mediada dini yüksək səviyyədə bilən savadlı kadrların azlığı özünü göstərməkdədir. İnsanlar çox zaman bu mövzudan yayınırlar. Çünki müzakirə, polemika aparmaq və ya təhlil, maarifləndirici yazıları ərsəyə gətirmək üçün bəlli bir bilgiyə ehtiyac var. Düşünürəm ki, son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə təşviqedici addımları gücləndirir. Daha çox ixtisaslaşmış media nümayəndələrinin dini mövzularda yazması, dini radikallığa qarşı mövqelərinin ifadə olunması təbliğat nöqteyi-nəzərindən ölkəmiz üçün olduqca vacibdir.

Həmçinin dini yönümlü saytların dövlətçilik mövqeyindən çıxış etməsi məsələsi də nəzarətsiz qalmamalıdır. Xaricdən idarə olunan xeyli sayda saytlar var ki, onlar çaşqınlıq yaratmağa çalışırlar, yalan informasiyalar yayırlar, ölkədə dinlə bağlı mənfi rəy formalaşdırırlar. Hər il ABŞ departamenti Azərbaycanda guya dini vəziyyətin gərgin olması ilə bağlı açıqlamalar yayır. Amma mediada buna qarşı aydın, tutarlı, arqumentli yazılar müşahidə edilmir.

Bu istiqamətdə işlər koordinasiyalı təşkil olunmalıdır. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin digər qurumlarla əlaqəsi daha geniş səviyyədə qurulmalıdır ki, qanunvericilikdə çevik dəyişikliklər etmək mümkün olsun. Bu, dini radikalizmə rəvac verə biləcək bütün fəaliyyətlərin qarşısını qanuni şəkildə almağa imkan yaradacaq. Bu baxımdan medianın təşviqedici, təbliğatçı və maarifçi fəaliyyəti olduqca önəmlidir”.

Qeyd: Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər