9 Yanvar 2015 13:12
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində suyun səviyyəsinin kəskin düşməsi barədə məlumat yayılıb. Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bunu qlobal istiləşmənin təsiri ilə əlaqələndirib, prosesin son onilliklərdə daha qabarıq müşahidə olunduğunu, hazırda da davam etdiyini bildirib.

AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Xəzərin səviyyəsinin 28 santimetr düşdüyünü bəyan edib. Onun fikrincə, əsas səbəblərdən biri iqlim amildir. Ramiz Məmmədovun sözlərinə görə, iqlim amilinin komponentləri üzrə Xəzərin su balansının gəlir və çıxar hissəsi var: “Gəlir hissəsi əsasən dənizə axan çaylar və səthinə düşən yağıntılardır. Çıxar hissəsini isə səthdən buxarlanma təşkil edir. Bu nisbət dəyişdikdə səviyyə də dəyişir. Gələn su çoxaldıqda səviyyə artır, əksinə olduqda azalır”.

Xəzər dənizinin gəlir hissəsinin əsasını Volqa çayı təşkil etdiyini bildirən direktorun sözlərinə görə, son bir neçə ildə bu çayda su azalmağa başlayıb: “Adətən bolsulu illərdə Volqanın suyu saniyədə 300 kub kilometr olur. Bu il isə həddindən çox azalıb və ildə 200 kub kilometrə düşüb. Bundan əlavə, yağıntının miqdarı da azalıb".

Xəzər dənizinin su səviyyəsinin qalxması və enməsinin iqtisadi baxımdan təsirlərindən danışan Ramiz Məmmədov təbii amillərin nəzərə alınmasını vacib hesab edir: "Suyun səviyyəsi qalxanda ətraf əraziləri su basır, dəniz ətrafında təsərrüfatla məşğul olanlar əziyyət çəkir. Azalanda isə limanlarda gəmilərin yük daşınmasında çətinliklər yaranır. Ümumiyyətlə, çox güman ki, Xəzərin su səviyyəsinin enməsini balıqçılıq, dəniz sahili zonadakı kurort rekreasiyası, gəmiçilik nəqliyyatı, neft sənayesi, bir sözlə, dənizlə əlaqəli təsərrüfat sahələri bu azalmanı hiss edirlər. Ən əsası isə bioloji məhsuldarlığın həcmi azalır. Yəni bu, həm ekoloji, həm də sosial-iqtisadi baxımdan problemlər yaradır.

Su çəkiləndə əsaslı tikintiləri dənizə yaxın tikmək olmaz. Bakı kəndlərində heç bir kənd tarixən dənizin tam qırağında olmayıb. Bu kəndlər əhali artımına görə sonradan böyüyərək dənizə yaxınlaşıblar. Babalarımız elmlə məşğul olmsalar da, bunu bilib, çəkilib kənarda məskən salıblar".

Coğrafiya İnstitutunun Xəzər dənizi problemlərinin şöbəsinin əməkdaşı Rauf Əhmdovun sözlərinə görə, Volqa çayının suyunun azalması qlobal iqlim dəyişmələrinin nəticəsidir. Bu faktı Rusiya coğrafiyaşünasları ötən il Azərbaycanda keçirilən beynəlxalq konfransdakı çıxışlarında da bildiriblər.

Qlobal iqlim dəyişmələrində antropogen amillərin rolu ilə bağlı Rauf Əhmədov dedi ki, bu məsələ ilə əlaqədar dünya alimləri iki cəbhəyə bölünüb: “Mən də hesab edirəm ki, atmosferə atılan karbohidrogenə görə qlobal iqlim dəyişmələrində insan amilinin rolu var. Amma bunun elə bir riyazi modeli hələ tapılmayıb ki, dəqiq ölçü verilsin. Bu baxımdan qlobal iqlim dəyişməsi varsa, Xəzərdə su səviyyəsinin dəyişməsi prosesinin nə müddət baş verəcəyi barədə dəqiq mülahizə söyləmək də çətindir”.

Mühəndis-geoloq Vaqif Behbudoğlu bildirir ki, Xəzər dənizinin dibində hər 70 ildən bir enmə və qalxma prosesi baş verir. Dənizin dibində 35 ili enmə, 35 ili isə qalxma prosesi gedir.

Geoloq dedi ki, hazırda enmə prosesi baş verir ki, bu proses də 1993-cü ildən başlayıb: “Yer kürəsində tektonik proseslər davam edir. Yerin maqma deyilən sahəsi yer qabığına nisbətən sürətlə hərəkət edir ki, bu proses də 35 il fərqlə özünü büruzə verir”.

Bəzən belə bir fikir bildirilir ki, Ayın cazibə qüvvəsinə görə, dənizin qabarıb-çəkilməsinin də bu proseslə əlaqəsi var. Vaqif Behbudoğilunun sözlərinə görə, qabarma-çəkilmənin mövcud proseslə heç bir əlaqəsi yoxdur: “Xəzərin səthi ümumdünya okean səviyyəsindən 28 metr aşağıdır. 70 illik periodda dənizin dibi 3 metrədək qalxıb enə bilir. 1993-cü ildə xatırlayırsızsa, suyun səviyyəsi maksimum həddə qədər qalxmışdı. Hazırda enmə prosesi gedir. 2028-ci ilə qədər suyun səviyyəsi 3 metrədək azala bilər. 2028-ci ildə dənizin dibinin qalxması prosesində aktiv zəlzələlərin baş verəcəyi də gözləniləndir”.

Hazırda Yer kürəsində təbii formada yeni qitələrin yaranmasının cizgiləri cızıldığını deyən geoloq bildirdi ki, bu prosesin də Xəzərin su səviyyəsinin azalmasına təsiri ehtimalı var: “Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl Salyan ərazisində yer çatlamışdı. Həmin çat Xaçmazdan, Xəzər dənizindən keçərək Volqa çayını kəsib Şimal Buzlu okeana qədər gedib çıxıb. Bu proseslərlə bağlı əlimdə dəqiq hesablamalar yoxdur, amma ehtimal etmək olar ki, həmin çatlara sızan sular da Xəzərin su səviyyəsinin aşağı düşməsinə gətirib çıxara bilər. Amma bunu dəqiq demək olar ki, gələcəkdə həmin çatlar ayrı-ayrı kontinentləri yaradacaq”.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər