Ötən YAZIMIZDA İstanbulda məşhur tacir Hacıbaba Gəncəli Məhəmmədovun və Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Mehmedzadə ilə görüşümüzdən bəhs etmişdik.
Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımov, xanımı Validə Kazımova və gənc tədqiqatçı tələbə Amin Namazlı ilə birlikdə onun müsafiri olmuş, həm Mehmedzadələr ailəsi, həm də Məşədi Məhəmməd Fərzəliyevlə bağlı müsahibə almışdıq.
Kərim bəy müsahibəsində Məşədi Məhəmmədin təşkil etdiyi səhnə əsərlərini izlədiyini, onun yaşlı dövrünü xatırladığını bildirdi.
Onun sözlərinə görə, Fərzəliyev ömrünün sonlarında kasıb şəkildə yaşayıb, gözləri zəiflədiyi üçün qara eynək taxıb. Oğlu Mahmud isə elektrik ustası olub, mühacir azərbaycanlıların elektrik işlərini o görüb.
Teleqraf.com muğam tədqiqatçısı, Məşədi Məhəmməd Fərzəliyev haqqında ilk kitabın müəllifi Gülhüseyn Kazımovun şuşalı xanəndəni həyatda görən Kərim Mehmedzadə ilə söhbətini təqdim edir.