İki ildən çoxdur ki, mühacirətdə yaşamış şuşalı xanəndə Məşədi Məhəmməd Fərzəliyevlə bağlı araşdırma qrupu çərçivəsində tədqiqat aparırıq. Mədəniyyət nazirinin müavini, xalq artisti hörmətli Murad Hüseynov, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımov, tədqiqatçı-jurnalist Hafiz Əhmədov və bəndənizdən ibarət heyət olaraq muğam ifaçımızın mühacirət irsinin və şəxsi həyatının öyrənilməsi istiqamətində Azərbaycanda və Türkiyədə bəzi yeni məlumatların əldə edilməsinə nail olmuşuq. Bu yeniliklərə keçməzdən öncə mühacir sənətkarın həyatına qısaca nəzər yetirək.
Türkiyədə Mehmet Ferzalı və Mehmet Çaylı kimi tanınan Məşədi Məhəmməd Fərzəliyev 1872-ci ildə Şuşada doğulub. Gəncədə, Tiflisdə, Batumda, Vladiqafqazda, İstanbulda və Avropa şəhərlərində musiqi fəaliyyəti ilə məşğul olub. 1912-1915-ci illərdə o, “Sport-rekord” (Varşava) və “Ekstrafon” (Kiyev) səhmdar cəmiyyətlərinin dəvəti ilə 40-a qədər muğam, təsnif və mahnı oxuyub, vala yazdırıb. 1923-cü ildə Gəncədə açılan şəhər musiqi məktəbində muğamatdan dərs demək üçün dəvət alıb. 1926-cı ildən muğam üçlüyünün müşayiəti ilə Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə, Misir və İranda dəfələrlə konsertlər verib. 1929-cu ildən Türkiyəyə köçərək, ömrünün sonuna kimi burada yaşayıb.
Türkiyəyə köçdükdən sonra Azərbaycan mühacirəti ilə yaxın əlaqələr qurub. 30 may 1929-cu ildə “Odlu yurd” jurnalının təşəbbüsü ilə İstanbulda “Unyon Fransez” salonunda “Milli Azərbaycan gecəsi” keçirilib.
Məhəmmədəmin Rəsulzadənin də qatıldığı gecədə 600 nəfər iştirak edib. Bu tədbirdə Məşədi Məhəmməd “Segah”, “Bayatı-şiraz” oxuyub. İstanbulun müxtəlif səhnələrində Üzeyir bəy Hacıbəylinin əsərlərini ifa edən Məşədi Məhəmməd “Azərbaycan Türk Musiqi Heyəti”nin əsasını qoyub, bu qrupla birgə Türkiyənin müxtəlif bölgələrində turneyə çıxıb. Heyət 1930-cu illərdə xüsusilə aktiv olub. Rəsulzadənin nəşr etdiyi “İstiklal” qəzetində heyətin konsertləri ilə bağlı xeyli xəbərlər dərc edilib.
24 yanvar 1949-cu ildə İstanbulda “Yeni Ses” teatrında Məşədi Məhəmməd Fərzəliyevin sənət həyatının 50-ci ildönümü qeyd edilib. Türkiyənin “Cumhuriyet” qəzetindəki xəbərdə yazılıb: “Əməkli azəri sənətkarı Mehmet Çaylı. M.Mehmet Ferzalının sənət həyatının 50-ci ildönümü münasibətilə təkmil azəri sənətkarlarının iştirakı ilə 24/1/1949-cu il saat 20:30-da “Yeni Ses” teatrında “Məşədi İbad” operettası təmsil ediləcəkdir. Biletlər “Yeni Ses” teatrının köşkündə satılmaqdadır”.
Heyətin ifa etdiyi bir sıra səs yazıları Türkiyədə vala yazılıb. Mehmet Ferzalının ifa etdiyi “Çırpınardın Qara dəniz” mahnısı və bir sıra oyun havaları günümüzə gəlib çatıb. Bu səs yazıları Türkiyənin milli kitabxanasında qorunmaqdadır.
Məşədi Məhəmməd Fərzəliyev 1962-ci ildə vəfat edib.
Oğlunun məzarı
Hörmətli Gülhüseyn Kazımov Məşədi Məhəmmədin oğlunun adının Mahmud olduğunu söyləmişdi. Feriköy məzarlığında apardığımız araşdırma zamanı iyulun 4-də Mahmud Çaylının məzarını tapdıq. Baxımsız vəziyyətdə olan məzar daşında onunla yanaşı oğlu Çingiz də dəfn edilmişdi. Məzar daşında belə yazılıb:
Azerbaycanlı Mahmut Çaylı. Ruhuna Fatiha. D. 1919-Ö. 14.9.1973. Cengiz Çaylı 1944-2005
Məzarlıq sistemindən Mahmud bəyin Şadan adlı xanımla evləndiyini də öyrəndik.
Bu müddətdə Hafiz Əhmədov İstanbul bələdiyyəsi və məzarlıqlar müdirliyi ilə əlaqə qurdu, oranın əməkdaşları da prosesə qoşuldular, Məşədi Məhəmmədin özünün məzarının axtarışına başlanıldı.
Mahmud Çaylının məzarını tapdığım gün Feriköy məzarlığının mühafizə otağında saxlanılan dəftərlərdən 1962-ci ildə vəfat edən şəxlərin siyahısına baxdım və orada həm Məşədi Məhəmmədin, həm də həyat yoldaşı Xədicə xanımın adının olduğunu gördüm.
Əldə etdiyimiz bu yeniliklər və oğlunun məzarının tapılması ilə bağlı sosial mediada Gülhüseyn müəllim məlumat paylaşdığı zaman İstanbulda yaşayan həmyerlimiz, Xoyskilər ailəsindən Kərim Mehmedzadə bəy dəyərli bilgilərini bizimlə bölüşdü. Məşədi Məhəmmədi sağlığında görən bildiyimiz yeganə insan olan Kərim bəyin verdiyi məlumatlar olduqca önəmli idi.
İyulun 12-də həm Kərim bəylə görüşmək, onun xatirələrini canlı dinləmək, həm də məzarlıqda araşdırma aparmaq üçün Gülhüseyn müəllim xanımı ilə birlikdə İstanbula gəldilər. İspartada təhsil alan gənc tələbəmiz Amin Namazlı da 11 saatlıq avtobus yolçuluğu ilə bizə qoşuldu.
Bəyazid meydanında gözəl Osmanlı çayı içdikdən sonra saat 13-də Kərim Mehmedzadənin Yıldızhan iş mərkəzinə getdik. Bizi mehribanlıqla qarşılayan Kərim bəy vaxtilə Əli bəy Hüseynzadənin gizləndiyi, orada 4 rəsm əsəri çəkdiyi tarixi otağa apardı. Bu otaqda fotoşəkillər çəkdirdik, Kərim bəydən müsahibə aldıq. Bu görüşümüz haqqında daha detallı şəkildə məlumatı və videomüsahibəni qarşıdakı günlərdə təqdim edəcəyik.
Kərim bəydən ayrıldıqdan sonra Feriköy məzarlığına yola düşdük. Məzarlıq mühafizəçiləri artıq məlumatlı olduqlarına görə dəftərdəki qeydləri də götürərək axtarışa başladıq. Məşədi Məhəmmədin və xanımının dəfn olunduğu hissəni xeyli gəzsək də, təəssüf ki, məzarların heç birini tapa bilmədik. Mühafizəçilər bununla əsaslandırdılar ki, bəzi hallarda ailə başdaşı və sinədaşı qoymadığı üçün zamanla məzar yoxa çıxa bilir. Belə məzar yerlərində isə sonradan başqa vəfat edənlər dəfn olunurlar.
Mahmud Çaylının məzarını ziyarət etdikdən sonra oradan ayrıldıq...
Təəssüf ki, məzarları tapa bilməsək də, öyrəndik ki, Məşədi Məhəmməd Fərzəliyev və həyat yoldaşı Xədicə xanım İstanbulda Feriköy İslam Məzarlığında dəfn olunublar. Eyni zamanda bu bilgiləri də öyrəndik:
Məşədi Məhəmmədin atasının adı Hüseyndir. Məşhur xanəndə 20 noyabr 1962-ci ildə vəfat edib. Dəftərdə yaşı 80, ölüm səbəbi prostat olaraq qeyd olunub.
Həyat yoldaşı Xədicənin atasının adı Zeynəl olub, ondan bir ay əvvəl – 24 oktyabr 1962-ci ildə 87 yaşında vəfat edib. Ölüm səbəbi kimi ürək xəstəliyi göstərilib.
Övladları Mahmud Çaylı 13 sentyabr 1973-cü ildə vəfat edib, bir gün sonra dəfn edilib.
Məhəmməd bəy və xanımı İstanbulun Beyoğlu rayonunda Kuloğlu məhəlləsi, Güllacı sokak 1/3-də yaşayıblar.
Məşədi Məhəmmədin nəvəsi Çingiz Çaylı 18 iyun 2005-ci ildə 60 yaşında vəfat edib.
Hesab edirəm ki, araşdırma qrupunun əldə etdiyi bu yeni məlumatlar şuşalı xanəndəmizin bioqrafiyasının daha dəqiq yazılmasında önəmli rol oynayacaq.
P.S. Heyətin araşdırmalarını yaxından izləyən və yazıları ilə dəstək olan yazıçı Kənan Hacıya minnətdarlığımızı bildiririk.