25 İyul 2023 14:47
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadrutda “Azərişıq” ASC-nin təşkilatçılığı ilə paylayıcı şəbəkələrdə 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələrinə hesabat tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev açaraq, paylayıcı şəbəkələrdə cari ilin 6 ayı ərzində həyata keçirilmiş islahatlar nəticəsində əldə edilən nailiyyətlər, ictimai, sosial və maarifləndirici fəaliyyət haqqında ümumi məlumatı media nümayəndələrinə təqdim edib.

“Azərişıq” ASC tərəfindən ölkənin enerji təchizatı sahəsində son yarım ildə görülmüş işlərə dair hesabat filmi nümayiş olunub. Media nümayəndələrinin iştirak etdiyi görüşdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək, “Azərişıq” ASC-nin gənc mütəxəssislərin təkmilləşdirilməsi, kadr islahatları planından danışıb, ölkədə, əsasən də işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.

Səhmdar Cəmiyyətin Texniki Departament direktoru Vüsal Qənbərov şəbəkələrdə aparılan yenidənqurma və bərpa işlərindən danışaraq, müasir texnologiyaların geniş tətbiqi və təkmilləşdirilməsi, çılpaq naqillərlə çəkilmiş elektrik veriliş xətlərinin tədricən kabel xətlərilə əvəz edilməsi, o cümlədən, şəbəkələrdəki güc mərkəzlərinin rəqəmsal qurğu və avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd edib. Eyni zamanda, ölkədə həyata keçirilən “100 kənd” layihəsi və Qarabağda görülmüş işlər barədə media nümayəndələrinə məlumat verib.

Sonra “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev 2023-cü ilin 6 ayı ərzində 10.095 milyon kVts elektrik enerjisi alındığını, 140 min ədəd elektrik sayğacının quraşdırıldığını bildirərək, keçən dövrlər ərzində enerji satışı fəaliyyəti üzrə həyata keçirilmiş tədbirlər, əldə olunan nəticələr və cari ilin sonuna olan hədəflər barədə ətraflı danışıb. Ayrıca, elektrik enerjisin0in tələbatında iqlim şərtlərinin birbaşa təsiri olduğunu əks etdirən təhlillər nümayiş etdirilib, yekun olaraq isə cari il üçün texniki itklərin maksimum faiz həddinin 8,6 % olacağının proqnozlaşdırıldığı bildirilib.

“Azərişıq” ASC üzrə “Asan Xidmət” vasitəsilə müraciətlərin qəbul edilməsi, emalı və icrası barədə Cəmiyyətin Asan Xidmətlə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov müvafiq məlumatları tədbir iştirakçılarına təqdim edib. Bununla yanaşı, İnformasoya Texnologiyaları Departamentinin şöbə rəisi Vüsal İsayev, cari ilin müvafiq dövrü ərzində Elektron Xidmətlər, sms-xəbərdarlıq, rəqəmsal həllər və müasir proqram tətbiqləri barədə media nümayəndələrini ətraflı məlumatlandırıb, yeni tətbiqlərin istifadə qaydalarını nümayiş etdirib.

Görüşlərin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər