12 Avqust 2023 09:05
6 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Builki qəbul imtahanı göstəricilərinə görə II ixtisas qrupu üzrə 150 baldan yuxarı toplayan hər abituriyent tələbə adını qazana bilər. Cari ildə 10911 nəfər 150 baldan çox nəticə göstərib. Bu ixtisas üzrə plan yeri isə 13285 nəfərdir. Bir neçə il öncə 150 bal toplayan abituriyentin kolleclərə belə qəbul olmaması fonunda nəticənin aşağı düşməsi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a açıqlamasında bildirib ki, son 3 ildə tədrisin təşkili ciddi şəkildə aşağı düşüb: “Orta məktəblərdə dərslərin keçirilməsi, təhsilin idarə olunması, tədrisin təşkili o qədər zəifdir ki, uşaqlarda elmə maraq azalıb. Şagirdlər düşünürlər ki, aşağı balla universitetlərə qəbul ola bilərik. Bu gün qəbul imtahanlarının nəticələri məktəblərin yox, hazırlıq kurslarının və repetitorların nəticəsidir.

Amma bu, heç də yaxşı hal deyil. Çox aşağı göstərici olan 150 balla ali məktəblərə tələbə qəbul edirik və 4 ildən sonra onu əmək bazarına buraxırıq. Məktəblərimiz müasir dövrün tələblərinə, əmək bazarının standartlarına cavab vermir. İşə götürənlər də ali təhsilli, diplomlu şəxslərin iş bacarıqları ilə razı deyillər. 2-ci ixtisas qrupu kimi strateji ixtisaslara, əmək bazarında ən çox ehtiyac olan ixtisasa 150 balla hətta dövlət universitetlərinə qəbul olmaq mümkün olacaq. Bu, heç yaxşı hal deyil”.

Ekspertin fikrincə, dövlət universitetlərinə yalnız yüksək bal toplayan abituriyentlər qəbul olmalıdır:

"Dövlət universitetlərinə qəbul üçün konkret keçid balları nəzərdə tutulmalıdır, məsələn, 300 baldan aşağı toplayanlar ora düşməməlidir. O zaman abituriyentlər daha yaxşı nəticə toplamaqda maraqlı olacaqlar. Belə bir kriteriya qoya bilərik ki, yuxarı bal toplayanlar dövlət, digərləri isə özəl universitetləri seçə bilər. O halda biz nəticənin artığına nail ola bilərik".

Sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, gənclər vaxtının çoxunu sosial şəbəkələrdə itirirlər: "Bu da bəzən təhsillə, öz karyerası ilə məşğul olmağa mane olur. Özüm də ali məktəbdə dərs deyirəm, tələbələrimdə bu halı müşahidə edirəm, telefondan ayrıla bilmirlər. Bütün təhsil sistemində vəziyyərət belədir. Müəllimlərlə söhbət edərkən hamısı gileylənir. Telefon məktəbli və tələbələrin dərsi rahat dinləməsinə də mane olur. Günah yalnız yeniyetmələrdə deyil, həm də biz böyüklərdədir".

Onun sözlərinə görə, sosial şəbəkələr ilan zəhəri kimidir: "İlan zəhərindən düzgün istifadə etdikdə çox dəyərli müalicəvi dərman əldə olunur. Amma düzgün istifadə etmədikdə, insanları zəhərləyib məhv edir. Sosial şəbəkələrdə artıq həyatımızın ayrılmaz bir hissəsidir. Sosial şəbəkələri tənqid etməklə irəliyə gedə bilmərik, biz bu şəbəkələrdən istifadə mədəniyyətini inkişaf etdirməliyik".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər