25 Avqust 2023 23:27
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

Cəbhəyə hərəkət

Əvvəlki səhifələrimizdə Göyçay və Kürdəmir bölgələrində tümənimizə bağlı alayların və milis qüvvətlərinin bolşeviklərlə şiddətli müharibələr apardıqlarını yazmışdım. Göyçayda sayca üstün düşmən qüvvətləri ilə vuruşmaq məcburiyyətində və müşkül vəziyyətdə qalan 10- cu alayımıza dəstək üçün Gəncədən qatarla təcili yola düşdük. Üç gün sonra 10-cu alayın sol qanadına yerləşmək surətiylə müharibələrə qatıldıq.

Alayımızın bu cəbhəyə qatılmasından sonra tümənimiz bütün mövcudu ilə bir tərəfdən dəmiryolu üzərindəki Kürdəmir bölgəsində, digər tərəfdən də Göyçay şəhərinin şərq qisimlərindəki dağlıq ərazidə bolşevik birlikləri ilə şiddətli şəkildə döyüşməyə və onları məğlub etməyə başlamışdı.

Məhz bu günlərdə Türk ordusunun Azərbaycandakı varlığının artıq düşmən tərəfindən qorxu ilə hiss edildiyinə şübhə yoxdu. Döyüşün tam qızışdığı əsnalarda Türkiyədən göndərilən 36-cı tümənə bağlı 106-cı piyada alayı da hərb meydanlarının yaxınlığına qədər gəlmişdi. Bundan sonra birliklərimizə qatılan Azərbaycan süvariləri könüllü piyadaları və topçularının da fədakaranə qeyrətləri sayəsində və az zaman içində Göyçay, Şamaxı kimi əhəmiyyətli vilayətlərdən düşmən qüvvətləri tamamən məhv edildi.

Digər tərəfdən dəmiryolu bölgəsində aparılan çətin müharibələr nəticəsində Hacıqabul stansiyasının çox irəli mövqelərinə qədər gedilərək geniş bir vətən torpağı da azad edilmişdi.

Girilən kəndlərdə, şəhərlərdə çəkilməyə müqtədir olmayan yaşlı azərbaycanlılar intəhasız bir sevinc və həyəcanla əsgərlərimizi, hamımızı qucaqlayıb öpür, çəkdikləri əzab və iztirabı təsirli şivələri ilə dilə gətirirdilər. Bu cür təşviqedici bir hava içində vuruşa-vuruşa Xəzər dənizi sahillərinə qədər gedildi...

Tabor olaraq çatdığımız bu sahil bölgəsinə xəritədə Alyat (Ələt) adı verilmişdi. Xəzəri ilk buradan gördük. Ucsuz-bucaqsız bir dəniz kimi idi. Xəzər budur. Quru ərazilərin ortasında olduğu üçün göl adlanan bu böyük varlığa təəccüblə baxdıq. Üfüqün sonsuzluğu içində hansı tərəfə getdiyi sezilməyən bir vapur qaraltısının görünüşü bizə Qara dənizi xatırladırdı.

Digər birliklərimiz Bakı istiqamətinə çəkilməkdə olan düşməni qovalayırdı. O gün taborumuz ehtiyat qüvvəti olduğu üçün müharibənin xaricində idi.

İyul ayının sonlarının boğucu istisi bizi Xəzərin içinə doğru aparırdı. Soyunmağımızla dənizə atılmağımız bir oldu. Dərinə gedə bilməyən mehmedciklər bellərinə qədər suya gömüldülər. Ağzımıza, burnumuza su girdi. Böyük Xəzər gölünün acı və duzlu suyu dilimizə toxundu. 4 müharibə ili zərfində 4 yay keçirmişdik. Fəqət dənizin belə qurşunsuz, mərmisiz, torpidosuz önümüzə sərildiyini görmək nəsib olmamışdı. Artıq çığırışmalar, zarafatlaşmalar, qəhqəhələr bəhri-Xəzərə yayılırdı. Hər kəs istədiyi qədər dənizdə qaldı. Ən azından üç ildən bəri hamam üzü görməmişdik. Sabunun adı da unudulmuşdu. Əsgərlər ovuclarındakı qumlarla bir-birinin belini kisələyirdilər. Burada vücudumuz, ruhlarımız təmizləndi. Düşüncələrimiz, xəyallarımız genişləndi...

Xəzərdə qəribə düşüncələr içində üzürdüm. İlk dəfə idi ki, ümidlərlə dolu İstanbul boğazını, daha çox Çəngəlköy, Fənərbağça dəniz hamamlarını və artıq mövcud olmayan sadə ailə həyatımı çox kədərli bir ruh haləti içində xatırlayırdım. Yenə ürəyimdə öz-özümə danışırdım: Fəqət biz indi haradayıq? Düşündüyüm yerlərdən, o İstanbuldan nə qədər uzaqdayıq.

Yedək zabit izmirli Vəhbinin kövrələrək anlatdığı kimi nə qədər çox dağları, əfsanələrlə dolu ölkələri aşaraq buralara gəlmişdik. Dabanlarımız bizə nə qədər çox şeylər xatırladırdı.

Geri çəkilən bolşevik qüvvətlərini amansız şəkildə qovalayan birliklərimizlə bərabər, nəhayət, Bakı şəhərini mühasirəyə almış, şəhərə hakim təpələrə yerləşmişdik. 9-cu Qafqaz alayı cəbhənin sağ qanadını təşkil edirdi. Bölüyümüz də alayın sağ qanadı ucunda dəniz sahilindən başlayaraq getdikcə yüksələn təpələr üzərində mövqelənmişdi. Bu təpələrdən təsfiyyəxanaların saysız-hesabsız bacalarını bir qəribə duyğu içində görürdük. İndi buralarda heç gözlənilməyən bir hadisəni qeyd edim:

Tümənimiz digər birliklərlə bərabər Mürsəl paşanın idarəçiliyi altında Bakı üzərinə yürüyərkən o zaman İranın şimal bölgəsinə qeyd-şərtsiz hakim olan ingilislər də daşnakların və bolşeviklərin dəvəti üzərinə modern təchizatlı bir tuqayı Ənzəli limanından vapurlara mindirərək Bakıya çıxarmışdılar. Çünki burada bərəkətli petrol qaynaqları vardı. Bu səbəblə ingilislərin Bakı müdafiəçiləri ilə çox tez anlaşdıqları görünürdü. Bakı tərəfimizdən mühasirə altına alındığı zaman ingilis tuqayı da yuxarıda qeyd etdiyimiz kimi çoxdan Bakıya gəlmiş, əlverişli müdafiə yerlərinə yerləşmişdilər.
Bunu da qeyd etmək lazımdır ki, bizlər, yəni kiçik rütbəli zabitlər petrol sənayesindən və əhəmiyyətindən tamamilə xəbərsiz idik. Klişe halında eşitdiyimiz və o günlərdə bol-bol danışılan bu sözləri dinləməklə yetinirdik. Amma təsfiyyəxanaların çox yüksək bacaları ilə birlikdə ingilis birliklərinin olduqları yerlərin önlərinə çox tez birləşdirilən simləri və sipərlərinə sıx yerləşdirilmiş qum torbalarını bir baxışda görürdük. Qafalarımız sadəcə bu formasız tikanlı tellərlə məşğul olurdu.

Eyni zamanda bu inadçı düşmənlə ta Asiyada, yenə bir dəniz kənarında təkrar qarşılaşdığımızdan dolayı gizlənməyəcək qədər keyfimiz qaçmışdı. Hər sabah qarşı tərəfdə yeni-yeni sipərlərin meydana gətirildiyini görmək xoşagəlməz şeydi.
Artıq Bakı önündə kiçik ölçüdə bir Çanaqqala müharibəsinin baş verəcəyi aşikardı. Bundan dolayı ingilis əsgərlərinin də məmnun qalmayacaqları çox təbii idi.

Vəziyyəti daha geniş ölçüdə müşahidə edən və incələyən İslam Ordusu komandanlığı, düşmənin əsaslı təhkimat edərək yerləşməsinə meydan verilmədən ümumi hücuma keçilməsi əmrini verdi. Daşnaklar, bolşevik qalıqları və ingilis tuqayı bir türk gölü olan Xəzərə töküləcək, müstəqbəl hökümət mərkəzi Bakı nə olur-olsun zəbt ediləcəkdi.

21 iyul 1918-ci ilin səhəri ümumi hücum başladı. Təqribən altı saat sonra tümənin sağ qanadını təşkil edən alayımız bir neçə nöqtədən şəhərin kənarlarına girdi. Fəqət ingilislər də ümumi cəbhəmizin sol qanadında (səhv etmirəmsə) 106-cı piyada alayına qarşı çox şiddətli bir topçu atəşinin himayəsində qarşı hücuma keçdilər və nəticədə tümənimizi geri çəkilməyə məcbur etdilər. Düşmən qüvvətləri olduqca pərişan olduqları üçün hücumlarına davam edə bilmədilər.
Biz də bütün birliklərimizlə bərabər təkrar əvvəlki mövqelərimizə qayıtdıq. Tarixi birinci Bakı hücumu beləcə sona çatdı.
Bir ay yarım sonra Rumıniyadan gələn 15-ci tümənlə birgə edilən ikinci böyük hücum nəticəsində Bakı zəbt edildi (15 sentyabr 1918).

Amma düşmən qüvvətləri istədiyimiz kimi dənizə tökülmədi, çox miqdarda əsir də alınmadı. Müştərək düşmənlərimiz tərtiblədikləri dəniz vasitələri ilə Bakıya çox yaxın məsafədə olan Nargin adasına, eynilə Çanaqqalada olduğu kimi geri çəkilmişdilər.

Mərkəzi hökumət Gəncədən Bakıya sürətlə nəql edildi. Artıq gənc Azərbaycan Cümhuriyyətinin ucalan hürriyyət bayrağı altında məsud və parlaq bir həyat içində dincəlməyə başladıq. Azərbaycan torpaqlarına qədəm qoyduğumuz gündən etibarən orduca iaşəmiz müsafiri olduğumuz Azərbaycan hökumətincə təmin edilməklə yanaşı, bütün Osmanlı zabitlərinə öz dövlətində aldıqları qədər əlavə pul verilirdi. Rütbələrimiz də bir dərəcə yüksəldilmişdi. Bu etibarla tümən komandanımız albay Mürsəl Mürsəl paşa, alay komandanımız yarbay Cəmil Cahid albay, üstteymən Əhməd Mucip yüzbaşı olmuşdular. Bu rütbələrimiz fəxri idi, amma xoşumuza da gəlirdi.

Digər tərəfdən qələbə xəbəri Rusiyanın ən uzaq bölgələrinə qədər yayılmışdı. Hər bucaqdan gələn bağrıyanıq türklərin özlərinə çox yaraşan milli geyimləri ilə intəhasız bir hürriyyət havası içində geniş caddələrdən keçdiklərini görürdük. Şimaldan və müxtəlif yönlərdən əsən rüzgarlar bizə Dağıstandan, Krımdan, Kazandan və Türküstandan torpaq qoxuları ilə birlikdə sanki qardaşlarımızın salam və məhəbbətlərini də gətirirdi.

Gənc zabitlər, başda tabor doktoru yüzbaşı səlimiyyəli Raif olmaq üzərə dəniz sahilindəki parklarda və coşqulu hər yerdə böyük türkçü Ziya Gökalpın şeirlərini oxuyurdular. Amma hər gün bir az daha çöküşə doğru gedən digər ordularımızın vəziyyətindən, müttəfiqlərimizin hərbi güclərini itirdiklərindən heç xəbərimiz yox idi. Bakının zəbtinin ardınca kurmay albay Süleyman İzzət bəy komandanlığındakı 15-ci tümən Şimali Qafqaza hərəkət edərək Dərbəndə girdi...

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər