20 Avqust 2023 14:36
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada:

Silaha

Məni gözləyən bölüyümün önünə gəldim. “Silaha” komandasını verdim. Görüləcək işləri qısaca izah etdim. Digər bölüklərin diqqət və maraq dolu baxışları önündə yürüməyə başladıq...

Əlimizdəki eskizə görə erməni məhəllələrinə beş kilometr qədər uzağıq. Təqribən 10-12 metr genişliyində əyri, sıx ağaclıq olan bir yolu izləyirik. Keçən hər dəqiqə bizi alayımızdan uzaqlaşdırır. Əsgər keyifli şəkildə şərqi söyləyir. Fəqət ətrafda tək bir insan yoxdur. İrəlidə narahat bir səssizlik var. Öncədən hiss etməyim beynimi, mənliyimi sarsır, ani bir qərarla müharibə tərtibinə keçirəm. Bir manqa əsgəri 300 metr irəliyə göndərirəm. Sağ və solumuzdakı bağların iç tərəflərinə doğru kəşfiyyat qolları çıxarıram. Şərqilər özlüyündən kəsilir və yürüyüş yavaşlayır.

Bu əsnada atını dördnala sürən bir Azərbaycan süvari yüzbaşı yanımıza gəldi. Adı Səməd idi və ordu qərargahına bağlı müstəqil süvari bölük komandanı olduğunu, Cəmil Cahid bəy tərəfindən bölüyümüzə yardım etmək üçün göndərildiyini söylədi. Enerjili və qürurlu bir halı vardı.

(Qeyd: Səməd bəy Osmanlı ordusu Azərbaycandan çəkildikdən sonra süvari komandanı olmuş, bolşevik ruslarla və ermənilərlə vuruşmuş, sonunda komandanlığındakı alayı və bir cəbəl (dağ) topçu batareyası ilə birlikdə İran üzərindən Türkiyəyə gələ bilmişdir. Gətirdiyi birliklə İstiqlal Savaşında iştirak edən və Sayqın soyadını alan Gəncə doğumlu Səməd Sayqın ordumuzda generallığa yüksəlmiş və yaş həddinə çatdığı üçün təqaüdə göndərilmişdir. Hələ də Kadıköydə iqamət etməkdədir).

Səməd bəyin iltihaqı bizi çox sevindirdi. Keçəcəyimiz yolları və tutacağımız binaları o göstərəcəkdi. Bərabər şəkildə nəşə içində 10-15 dəqiqə daha irəliləmişdik ki, şiddətli piyada atəş hücumuna məruz qaldıq. Əsgərlər birdən-birə dalğalandı və sarsıldı. Başdan söyləyim ki, öndəkilərimizin fövqəladə soyuqqanlılığı və cəsarətli davranışları sayəsində bölük özünə gəlməyə vaxt tapdı. Daha doğrusu, məhv olmaqdan qurtulmuşdu. Fəqət idarə etmək durumunda qalmadığından artıq hər əsgər münasib bildiyi bir yerə sığınır və özü-özünü müdafiə edirdi. Bütün bu hərəkətlər və tərəfimizdən şiddətli müdafiə bir neçə dəqiqə içində olmuş, qarışıqlıq düzəlmişdi. Səməd bəy də vuruşmaq istəyirdi. Alay komandanına məlumat verməsi üçün tez geri getməsini rica etdim. Al atının belinə fövqəladə cəldliklə atladı, geriyə dördnala gedərkən möcüzə olaraq qurtuldu...

Artıq ətrafımız yavaş-yavaş sarılır, ağacların təpəsindən də üzərimizə atəş edilirdi. Az sonra qarışıqlıqdan cəsarətlənən 20-30 erməni fədaisi üzərimizə atıldı. Qarşı tərəf atəşi kəsdi. Bundan sonra heç təlimini görmədiyimiz küçə müharibəsinin ən müdhiş anı başladı. Zabitlər ilk dəfə olaraq tapançalarından istifadə edirlər, süngü taxmağa vaxt tapa bilməyən mehmedciklər də cürbəcür təcrübələrin verdiyi tərifəsığmaz ustalıqla hücumçuları geri otuzdururdular. Boğuşma az davam etdi. Sonunda sağ qalan 15-ə qədər basqınçı birdən-birə ortadan qeyb oldular. Biz də bu fürsətdən edərək 10 ağır yaralımızı belimizdə daşıyaraq yavaş-yavaş geri çəkilməyə başladıq. Ən irəlidəki manqamızdan şəhid olan dörd əsgəri orada buraxmağa məcbur olduq.

Qurulmuş pusqudan çox az itki verərək çıxdığımız halda təsəlli tapmaq mümkün deyildi. Bu qədər alçaq şəkildə bir basqına məruz qalmağın qəzəbi içimizi yandırırdı və heç bir müharibənin sonunda bir-birimizə bu dərəcədə candan yaxınlaşmamışdıq. Qardaşlıq sözünün mənası dəxi artıq bu yaxınlığı doldura bilməzdi...

Türkün böyüklüyü

Süvari yüzbaşı Səməd bəy alay komandanımıza vəziyyəti ətraflı anlatdığı üçün bölüyümüz geri çəkilərən alayın iki taboru müharibə nizamına keçmiş, bağların ən gizli yerlərini ələk-vələk edərək tez-tez irəliləyirdi. Topçu da şəhərə atəş yağdırmağa başlamışdı. İlk rast gəldiyimiz komandan Cəmil bəy oldu. Yumşaq bir çöhrə ilə itkilərimizi soruşdu. Üzüntülü bir əda ilə “taborunuz ehtiyatdadır” dedi, “iltihaq edin, istirahət edin” əmrini verdi...

İrəliləyən taborlar bir neçə saat içində erməni məhəllələrinə girdilər. Fəqət kimsəni öldürmədilər. Ötən qısa zaman içində Nuri paşa və Azərbaycan hökuməti-ərkanı basqının iç üzünü öyrənmişlər: Məgər məhdud daşnak erməniləri anlaşmanı pozmaq və mütləq savaşın davam etdirilməsi üçün qan tökülməsini planlamışlar və bir az əvvəl bəhs etdiyimiz kimi bizə hücum etmişlərdi. Daha doğrusu, o daşnaklar Anadoluda etdikləri kimi bu səfər də Azərbaycan türkləri ilə Qafqaz erməniləri arasına bir qundaq soxmaq istəmişlər, fəqət müvəffəq ola bilməmişdilər.

Azərbaycanın istiqlalı uğrunda ilk şəhid olanlar bölüyümüzdən idi. Qarşılığını almaq üzərə müqtədir olduğumuz halda bir qrup məsum ermənilərə qıyılmamışdı. Bunun Nuri paşa ilə Cəmil Cahid bəyin soyuqqanlı və dəqiq mühakimələrindən irəli gəldiyini xüsusilə qeyd etmək istəyirəm.

Gəncədə bir həftə qaldıq. Bu müddət ərzində tabeliyində olduğumuz beşinci Qafqaz tüməninin iki alayı və topçular qatarla Bakı istiqamətinə keçirdilər. Çox uzaqlarda Göyçay və Kürdəmir bölgələrinə ayaq basar-basmaz düşmənlə şiddətli müharibələrə də girmişdilər. Onların vəziyyətləri taborlarımıza gündəlik bildirilirdi. Cəmil Cahid bəyin dirayətli idarəçiliyi altında şəhərdə əmniyyət və asayiş təsis edildiyindən küçələrə tökülən türk və ermənilər həsrət qaldıqları sülhün gətirdiyi hürriyyət və rahatlıqdan bol-bol istifadə edirdilər. Caddələrdən yığın-yığın keçən məktəblilər

Şalon gəlir yan verir

Gəncəliyə şan verir.

Gəncənin cavanları

Bakı deyə can verir...

kimi şərqilərini sevdalı səsləri ilə söyləyir, xalqı coşdururdular.

Həmin günlərdə çarlıq idarəçiliyinə bağlı qalmış müxtəlif rütbəli rus zabitləri ilə hotel salonlarında, restoranlarda sıx-sıx qarşılaşırdıq. Naharda belə çoxlu vodka və şərab içirdilər. Arabir kədərli başlarını yumruqlayanları görürdük. Bu mənzərə bizə ciddən hüzn verirdi. Başlarını yumruqlayan zabitlərin ailələri öldürülmüş, evləri yandırılmışdı. Onlar aldıqları yeni-yeni xəbərləri, bolşeviklərin bütün Rusiyanı cəhənnəmə çevirdiklərini bir-birilərinə söyləyir, ara-sıra masamıza qısqanclıqlarını bəlli edən tövrləri ilə baxırdılar. Biz bu zavallılara ürəyimiz yanmaqla yanaşı əsrlərdən bəri dövlətimizi yıxmaq cəhdində olan çarlıq hökumətinin və ordusunun bu şəkildə dağılmasından sonra artıq vətənimizə zərərli olmayacaqlarını sanır və məmnun olurduq. Fəqət yenə buralarda gördüklərimiz və hələ də Rusiyada milyonlarla insanın öldürülməkdə olduğu xəbərləri içimizdə davamlı kədər yaradırdı. Hələ çox yaxın bir gələcəkdə kommunizmin Türkiyə və türklük aləmi üçün çarlardan daha qorxunc və təhlükəli bir qüvvət oalcağını heç ağlımıza gətirmirdik...

Rus zabitləri arasında bolşeviklərlə vuruşmaq üçün Azərbaycan ordusunda vəzifə almağı qəbul etmiş azsaylı teymənlər, yüzbaşılar da vardı. Onların tapançaları tətikdə idi. Bir gün hotelin restoranında şam yeməyi yeyirdik. Qarşımızdakı masada əyləşən iki rus zabiti ətrafına yığışan yoldaşlarına yüksək səslə və hərarətlə bir şeylər izah edirdi. Yanımızdakı gənc azəri tərcümə etdi: Bunlar cəbhədən iznli gəlmişlər, olduqları bölgədə bizim alaylardan birinin ustalıqla etdiyi hücumları təqdirlə dilə gətirir, əsgəri baxımdan da izahını verirmiş.

Bu cəhəti də əlavə edim: Bu kimiləri təkcə makinəli tüfəng bölükləri ilə topçu batareyalarında vəzifəyə girmişdilər. Fəqət əsgərlərin hamısı Azərbaycan türklərindən ibarətdi.

***

1967-ci ilin may ayında Azərbaycan hərəkatlarına dair hazırladığım yazıları bir neçə səhifə əvvəl adı keçən azəri yüzbaşı Səməd bəyə (indi təqaüddə olan süvari generalı hörmətli Səməd Sayqına) Kadıköy iskələsi üzərindəki Əski Mühariblər Lokalında oxumuş, əlavə ediləcək fikir və xatirələrinin olub-olmadığını soruşmuşdum. “Xeyr, əlavə edəcək sözüm yoxdur” dedi.

28 iyun 1967-ci ilin çərşənbə sabahı eyni lokalda hörmətli generalla bir daha görüşdük. O da iki səhifəlik tarixə işıq salacaq bir yazı hazırlamışdı. Birlikdə oxuduq. Xülasə olaraq yazılmışdı:

“Birinci Cahan hərbinin sonlarına doğru Rusiyada baş verən ixtilalı böyük fürsət tələqqi edən Cənubi Qafqaz millətləri (azərbaycanlı, gürcü və ermənilər) istiqlallarını elan etdilər. Erməni və gürcülər çox əski dövrlərdən bəri çar ordularında eynilə ruslar kimi, rus qanunlarının dilədiyi şəkildə hərbiyə götürülürdülər... İstiqlallarını dünyaya eşitdirdikləri zaman müxtəlif hərb siniflərində yetişdirilmiş və xüsusilə Birinci Dünya hərbinə qatılmış hər yaşda əsgərləri, zabitləri və generalları vardı. Üstəlik çar ordularının zəngin silah və əşya depoları da onların məmləkətlərində - Tiflis, Gümrü və Qarsda idi. Bu səbəblə Ermənistan ilə Gürcüstan hələ rus ixtilalı başlayarkən bu böyük anbarları ələ keçirmiş, belə asanlıqdan faydalanaraq müntəzəm tümənlər təşkil etməkdə çətinlik çəkməmişdilər. Qəsdən əsgəri təlim və tərbiyədən, ordu xidmətlərindən tamamilə uzaq tutulan azərbaycanlılar isə istiqlallarını elan etdikləri zaman gürcü və ermənilərin sahib olduqları silah və əşya depolarından, müxtəlif əsgəri qaynaqlardan məhrum olmaqla yanaşı bir az əvvəl ərz etdiyimiz səbəblərdən milli müdafiəni təşkil edəcək professional bir kadroya da sahib deyildi. Siyasət baxımından rus ordularında yetişdirilmiş bir neçə general və albay ilə və Birinci Dünya savaşının ortaya çıxardığı ciddi ehtiyacın zoru ilə azəri türklərindən təşkil edilərək cəbhəyə göndərilmiş, ixtilaldan sonra Gəncəyə dönmüş olan bir süvari alayı silahlı qüvvətlərimizin yekununu təşkil edirdi. Kommunistlərlə bərabər erməni birliklərinin girişdikləri ölüm-dirim hücumlarına qarşı bu kiçik ölçüdə gücümüzlə, fəqət sarsılmaz mənliyimizlə millətcə ayaqlanmış, bir tərəfdən təşkilatlanmağa, digər tərəfdən də ana yurdumuzu müdafiəyə başlamışdıq. İndi bu şərtlər içində proqramlı və diqqətli çalışmaları belə sıralaya bilərik:

Enerjili liderlərimiz Gəncəni hökumət mərkəzi etdi.

Korgeneral Əliağa Şıxlınskiyə əsgəri təşkilatı mümkün olan tezliklə qurmaq və genişlətmək tapşırığı verildi. Eyni zamanda Türkiyə cəbhəsindən çəkilməkdə olan rus əsgərlərinin yağma və hücumlarına cavab verəcəkdi...

Korgeneral xeyli çox olan yağma və hücumlara meydan verməyəcək tərtibatı almaqla yanaşı silah və cəbbəxana çatışmazlığını aradan qaldırmaq məqsədi ilə Azərbaycandan keçən qatarların içindəki rus birliklərindən çox vaxt könüllü, bəzən də savaşaraq silahlar əldə edirdi və bu sayədə aşağıdakı birlikləri qurdu: Gəncədə kolordu qərargahı və Mühafiz Süvari Bölüyü, 200 mövcudlu təlimgah bölüyü, bir ağır makinəli tüfəng bölüyü, 2 toplu səhra batareyası, 4 toplu 2 səhra batareyası, məktəblilərdən təşəkkül etmiş bir piyada bölüyü, bir zirehli qatar, alman cəbhəsindən Gəncəyə qayıdan bir süvari alayı. Zavağzal bölgəsində bir milis süvari alayı. Xaldan bölgəsində bir dağ batareyası ilə yarı atlı bir milis müfrəzəsi(bu birliyə Sibirdəki əsarət düşərgəsindən qaçan Osmanlı yüzbaşısı Həsən Bəsri bəy idarə edirdi).

1918-ci ilin iyun ayında yarbay Cəmil Cahid bəyin komandanlığı altındakı 9-cu Qafqaz alayı Gəncəyə gəldiyi zaman Azərbaycanda rəsmən təşəkkül edən birliklər bu qədərdi...”

Səməd paşaya təkrar təşəkkür etdim və yaxşı günlər diləyərək bir-birimizdən ayrıldıq.

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər