“Binalar üçün minimum enerji effektivliyi Normaları” təsdiq edilib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
“Binalar üçün minimum enerji effektivliyi Normaları” (bundan sonra - Normalar) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021- ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb və enerji effektivliyi sinifləri üzrə binaların minimum enerji effektivliyi normalarını müəyyən edir.
Normalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1. binanın enerji effektivliyi sinfi – istismarda olan və ya layihələndirilən binanın enerji effektivliyini xarakterizə edən binanın enerji istehlakının qənaətlilik səviyyəsi;
2. binanın enerji sərfi – binanın istilik və soyutma itkilərinin kompensasiyası, isti su, işıqlandırma, havalandırma üçün tələb olunan enerjinin miqdarı;
3. binalarda enerji sərfinin hesablanması metodologiyası – tikinti norma və qaydalarına əsaslanan və binaların enerji sərfiyyatına (istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma, havalandırma) təsir edən bütün parametrlər nəzərə alınmaqla binada sərf edilən enerjinin hesablanması metodologiyası;
4. binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi – binanın istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma və havalandırma üçün sərf edilən enerjinin normalaşdırılmış sərfi;
5. bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerji – ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s.) hesabına istehsal edilən enerji;
6. ilkin enerji resursları – heç bir çevrilmə və ya transformasiya prosesinə məruz qalmayan enerji resursları.
Normalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
Qərarla binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:
1. yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;
2. tibb müəssisələri;
3. təhsil müəssisələri;
4. istehsalat binaları və anbarlar;
5. inzibati təyinatlı binalar (ofislər);
6. digər ictimai binalar.
Binalarda enerji sərfinin hesablanması metodologiyasında Qaydanın 3.2-ci bəndində qeyd edilən kateqoriya (tip) binalar üzrə aşağıdakı parametrlər nəzərə alınır:
1. binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti;
2. binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti;
3. binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi;
4. mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası;
5. daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması;
6. təbii və mexaniki havalandırma sistemləri;
7. işıqlandırma (təbii və ya süni) sistemləri;
8. binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri;
9. bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.